50-ni aşırdı, 100-ə nə qaldı… (FOTOLAR)

Rövşən Hacıbəyli yaxınlarının və qələm dostlarının əhatəsində yubileyini qeyd etdi

 

Ötən bazar bütün azadlıqsevərlər “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin 50 illiyini qeyd etmək üçün Bakıdakı şadlıq evlərindən birinə toplaşmışdı. “Azadlıq”ın keçmiş əməkdaşlarından tutmuş, hazırkı kollektivinə qədər hər kəs Rövşən bəyi təbrikə gəlmişdi. Qonaqlar arasında AXCP sədri Əli Kərimli, tanınmış yazarlar Xaliq Bahadır, Hikmət Sabiroğlu, Şahvələd Çobanoğlu, Azər Qaraçənli, Hüseynbala Səlimov, Zamin Hacı, “Çap evi”nin rəhbəri Şahbaz Xuduoğlu, hüquqşünaslar Ənnağı Hacıbəyli, Rəşid Hacılı, Akif Əlizadə də var idi.
Hacıbəyliləri tanıyanlar bilir ki, onların olduğu məclisdə ad günləri də, səbəbkarın şəninə deyilən sağlıqlar da tam fərqli olur. Sazlı-sözlü bu yubiley mərasimi də Xaliq Bahadırın, Ənnağı Hacıbəylinin, eləcə də qələm əhlinin duzlu-məzəli çıxışları, könül oxşayan zarafatları ilə yadda qaldı. Rövşən bəyə ünvanlanan sağlıqlar da bir çox toy məclislərində söz demək xatirinə deyilən məcburi, boğazdan yuxarı sağlıqlardan tam fərqli idi. Söz demək üçün səhnəyə çıxanlar Rövşən Hacıbəyli ilə bağlı səmimi fikir və istəklərini dilə gətirdilər, onunla bağlı xoş xatirələrini bölüşdülər.

Əli Kərimli: “50 yaşa ləyaqətlə gəlib-çıxmaq böyük nailiyyətdir”

Təbrik üçün ilk söz alan AXCP sədri Əli Kərimli oldu: “Rövşən bəy, bu məclisə səni istəyən adamlar toplaşıb. Biz çox şadıq səni yenə də belə cavan, gümrah, yumor hissini saxlamış görürük. Sənin ardınca 50 yaşa doğru irəliləyənlərə yaxşı ürək verirsən. Onlara göstərirsən ki, 50 çox normal bir yaşdır. Əslində cavanlığın bir hissəsidir. Mən çox sevinirəm ki, belə bir dövrdə 50 yaşa ləyaqətlə gəlib çıxmısan. Bu, çox böyük nailiyyətdir. Inanın ki, bu ölkədə 50 yaşa gəlib əqidəndən dönməmək, dəyərlərindən imtina etməmək, necə həyata başlamısansa, o şəkildə düzxətli, bərabərsürətli hərəkət etmək böyük uğurdur. Mən bu uğur münasibətilə səni təbrik edirəm. Rövşən bəy Azərbaycanın azad jurnalistikasının əsas siması olan ”Azadlıq” qəzetinin  sütunlarından biridir. Bu gün nə qədər gənc jurnalist üçün örnəkdir. Hər bir şəxs üçün böyük nailiyyət, qürur mənbəyidir ki, öz sahəndə peşəkar olasan və bu sahədə çalışanlar səni özünə örnək bilsinlər. Sən bu uğura da imza atmısan. Arzu edirəm ki, bu uğurlarını davam etdirəsən. 60, 70, 80, 90, istəsən 100 yaşını da Inşaallah dostlarla bağlı qeyd edəndə peşimançılıq hissi keçirməyəsən, hər zaman indiki kimi alnın açıq, üzün ağ olsun. Mənim nəzərimdə yubiley bir hesabat məqamıdır. Indi sənin əvəzindən arxayınam ki, bu hesabatda üzüağsan, başını aşağı eləyən heç nə yoxdur. Arzu edirəm ki, bundan sonrakı yubileylərində də üzün ağ, alnın açıq olsun. Dostların, qohumların yanında olsun. Hamı səni indi olduğu kimi çox istəsin. Təbrik edirəm!”.

Ən yaxşı dosta çevrilən qardaş…

Daha sonra “mənim ən yaxşı dostlarımdan biri Rövşəndir” dəyərək Xaliq Bahadır söz aldı: “Mən heç cür inana bilmirəm ki, Rövşənin 50 yaşıdır. Rövşən mənə o qədər balaca görünür ki, buna heç cür inana bilmirəm. Dünyanı tanıyan adam kimi deyirəm, Rövşən Azərbaycanın yox, dünyanın ən böyük adamlarından biridir. Içindəki insanlıq işığıyla. Tez-tez eşidirik ki, dünyanın axırıdır, adamların hamısı xarab olub. Min illərdir kimlərsə bu sözü deyir. Sizi inandırım ki, bu mümkün deyil. Insanlıq olmasa, bizim inandığımız Tanrı olmaz. Tanrı varsa, insanlıq da var. Bizi yaradan Tanrı özünün varlığını sübut etmək üçün mütləq insanlığı yaşatmalıdır. Bu da bir fəlsəfə, bir hikmətdir. Tanrını yaşadan işıqlı insanlardır. Bəşəriyyətin gələcəyinə işıq salan insanlardır. O insanlardan biri mənim sevimli dostum Rövşəndir. Bilirsiniz ki, Rövşən həm də mənim qardaşımdır. Özü də ən yaxşı qardaşlarımdan biridir. Bu ölkədə, bu dünyada nə qədər yaxşı insan varsa, hamısı mənim qardaşımdır, dostumdur”.

“Yox” deməyi bacarmayan əmi…

Səmimi təbriklərdən biri də Xaliq Bahadırın qızı Türkandan gəldi. Türkanın əmisinə yubiley təbriki bu cür oldu: “Əmilərimin içində Rövşən əmimin xüsusi yeri var. Çünki o, bu yerə layiqdir. Həm yaxşı qardaşdır, həm yaxşı əmidir, həm də yaxşı dostdur. Rövşən əmimin böyüklüyü ondadır ki, sadədir. Həyat eşqiylə, sevgiylə döyünən ürəyi var. Bir zəif cəhəti var ki, ”yox” deməyi bacarmır. Imkanı daxilində çalışır həmişə kiməsə kömək eləsin. Rövşən əmi, səni təbrik edirəm, gələcək illərin də mənalı və yaddaqalan olsun. Ən böyük arzum da odur ki, Allah canını sağlam eləsin, Allah ürəyinə görə versin!”.

“Rövşənin keçiçıxmaz qayaları da var”

Ənnağı Hacıbəylinin qardaşı ilə bağlı təbriki bir qədər fərqli oldu. Ənnağı müəllim ənənədən fərqli olaraq səbəbkarın mənfi tərəflərindən danışdı: “Hamı deyir Rövşənin ən müsbət cəhəti odur ki, heç kimə ”yox” demir. Amma Rövşənin xarakterində məni ən çox qəzəbləndirən məhz bu cəhətidir. Məsələn, maşınım xarab olub, zəng edirəm Rövşənə ki, məni bağa apara bilərsən? Deyir, hə, bu dəqiqə gəlirəm.
Iki dəqiqədən sonra Xaliq zəng edir ki, məni Saatlıya apara bilərsən, deyir, hə. Beş dəqiqədən sonra Rahim zəng edir ki, məni Qubaya apara bilərsən, deyir, hə, problem yoxdur. Bu zalım oğlu bütün problemsizliyi ilə başdan-ayağa problemdir.
Özü də təkcə özü üçün yox a, bütün hamı üçün. Kim zəng eləyib nə istəsə deyir, problem yoxdur. Zahirən, belə görünür ki, bu, onun ən müsbət cəhətidir. Amma “yox” deməməyin də pis tərəfləri var. Insan gərək “yox” deməyi də bacarsın. Rövşənin bir maraqlı cəhəti də var. O, uşaşlıqdan dəhşətli dərəcədə tərs bir adam idi. Rövşənə nə deyirdin, onun əksini eləyirdi. Atam o qədər qəzəblənirdi ki, başını bulayıb deyirdi – ah Rövşən, ah Rövşən, sən nə olarsanmış. Amma hamı elə bilir ki, Rövşənin xasiyyəti ipək kimidir. Yəni, bu adamın keçiçıxmaz qayaları da var. Rövşənin bir başqa özəlliyi də var. Qardaş uşaqları bizə əmim deyir – Xaliq əmim, Ənnağı əmim, Rövşənə isə öz əmim. Rövşən bütün qardaşuşaqlarının ən sevimli əmisidir. Ən obyektivi sözü o uşaq məsumiyyəti ilə bizim uşaqlarımız deyib ki, onların yeganə sevimli öz əmiləri var, o da Rövşəndir. Bu gün Rövşən Azərbaycan jurnalistikasının nəyidir, bu mənim üçün səkkizinci dərəcəli məsələdir. Rövşən əgər bütün qardaşuşaqlarının böyük məhəbbətini qazanıbsa, bu, bəlkə də onun həyatının ən böyük uğurudur”.     

Köşə yazarlarının yubiley arzuları

“Azadlıq” qəzetinin köşə yazarı Elnur Astanbəyli təbrik nitqində Rövşən Hacıbəylinin Azərbaycan jurnalistikasının tanınmış isimlərindən biri olduğunu deyərək ona yaradıcılıq uğurları arzuladı: “Arzu edirəm ki, bütün onilliklərində Rövşən bəy haqqında belə ürəkdən danışaq”.
“Azadlıq”ın başqa bir köşə yazarı Qan Turalı isə Rövşən bəyin redaktor kimi özəlliklərindən danışdı: “Rövşən müəllim  ona görə ən yaxşı redaktordur ki, adamın yazısından heç nə çıxarmır. Yazını oxuyub daha yaxşı hala salır. Yaxşı redaktorluqla yanaşı, Rövşən müəllim həm də yaxşı insandır. Azərbaycanda belə insanlar çox azdır. 50 yaşına çatıb amma öz keyfiyyətini, insanlığını qorumaq asan məsələ deyil. Rövşən Hacıbəyli həm də yeganə yazarlardandır ki, həm iqtidar mediası, həm də müxalifət mediası tərəfindən qəbul olunur”.

“50 il təmiz yaşamaq hər oğulun hünəri deyil”

Xaliq Bahadırın “Şuşalı Hikmət” təqdimatından sonra şirin Qarabağlı ləhcəsi ilə Hikmət Sabiroğlu da səbəbkara öz təbriklərini çatdırdı: “Ilin-günün bu vaxtında 50 il yaşamaq hər oğulun hünəri deyil. Hər bir adam bir anlıq özlüyündə öz atasının 50 illiyini yadına sala bilər. Baxın, adamın gözündə necə dağ kimi görünür. Rövşənin 50 yaşında o hissi keçirirəm. Həm mənim gözümdə bir dağ kimi görünür. Həm də adama elə gəlir ki, balaca bir uşaqdır. Adama bir az da qəribə gəlir. Uzun müddət hamıya elə gəlib ki, gözəl Hacıbəylilər ailəsində sonbeşik Rövşəndir. Halbuki sonbeşik Rahimdir. Rövşənin çox böyük üstünlüyü var. O, 50 il yaşayıb, təmiz yaşayıb. Bu yaşa qədər belə təmiz yaşamaq hər adama qismət olmayan şeydir. Arzu eləyirəm ki, bundan sonrakı yubileylərində də sənin haqqında bu sözləri demək nəsib olsun. Mən əminəm ki, belə də olacaq”.
Təbriklərdən sonra söz musiqiyə verildi, qonaqlar, xüsusən də “Azadlıq”ın əməkdaşları öz rəqsləri ilə olduqca şən keçən məclisə bir az da rəng qatdılar.

Gültəkin Knyazqızı,
Foto Ramin DEKOnundur