Indi hər kəs deyir bu sözü: “Millət yatıb”. Belə çıxır ki, hamı oyaqdı. Yatdığı zənn edilən hər kəs ayıqdı və yatmağın yaxşı hal olmadığını anlayır. “Millət yatıb” ifadəsinin hansı anlama gəldiyini yadımıza salaq – yəni, kənar aləmdə baş verənlərdən xəbərsizdi, şüurlu refleksləri yoxdu. Dünya-aləm dağılır və ya tərəqqi eləyir, bizimkilər isə bundan xəbərsizdi, baş verənlərə daş kimi susurlar. Necə deyərlər: “Qalada yatmış idim, top atdılar, oyanmadım”.
Hər kəs millətin yatdığını düşünürsə, deməli, hər kəs “yatmağın” pis olduğunu da anlayır; lakin toplar atılsa da, bir qımıltı yoxdu. Çünki hər kəs özündən başqa hamının yatdığını güman eləyir və təkbaşına bir heç olduğunu xəyalına gətirib, yana-yana qışqırır: “Millət yatıb…”
Bənzər hal “Facebook” sosial paylaşım şəbəkəsində də var. Sübhün gözü açılana kimi minlərlə adam internet şəbəkəsində sabahı diri gözlü açır. Kimdən soruşsan, deyir ki, yuxum gəlmir, yata bilmirəm. Ama elə o minlərlə oyaq qalan dostların arasında sorğu keçirsən, hər biri deyəcək ki, millət yatıb. Yəni bizim bütün əzablarımızın, başımıza gətirilənlərin kökündə bizim yatmağımız, röyadan oyana bilməməyimiz durur.
“Millət yatıb” ifadəsi həm də keylik anlamına gəlir. Yəni heç nəyə reaksiya verə bilməmək. Qış yuxusu kimi. “Facebook” məsələsi metaforik bənzətmə olsa da, tibbi statistika da onu deyir ki, insanların yuxusu ərşə çəkilib. Indi çoxları cürbəcür yuxu dərmanlarından, kimisi spirtli içkilərdən istifadə eləyir ki, bir çimir yuxu ala bilsin. Bunun da kökü gedib çıxır mövcud siyasi-iqtisadi-psixoloji gerçəkliyə. Insanlar o həddə çatdırılıb ki, normal gecə yuxusundan, təbiətin insan orqanizmi üçün dincəlməyə ayırdığı vaxtdan yararlana bilmir. Əvəzində isə bütün günü mürgülü gəzir, əslində isə yuxuda olurlar. Beləliklə, ictimai fəallıq üçün ayrılmış vaxtda insanlar yatır, yatmaq üçün mövcud olan saatlarda isə oyaq və oyanıq olurlar. Qətllərin də çoxu bu saatlarda baş verir.
Deməli, mövcud siyasi (mən psixoloji deyərdim hətta) rejim öz təhlükəsizliyi və daimiliyi üçün nəinki insanlarını yuxuya verib, əksinə, onları yuxu üzünə həsrət qoyub. Yuxusuzluq isə daha dəhşətli mərəzdi. Fəsadları insanı hafizəsini itirməyə qədər gətirib çıxara bilər. Bu haqda Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanında çox gözəl səhifələr var. Insanlar yata bilmir və sonucda yaddaşlarını itirirlər. Şeylərin adını, unutmamaq üçün hətta əşyaların üstünə yazırlar ki, nəyin nə olduğunusa barı, unutmasınlar. Insanlar təkcə əşyaları deyil, yavaş-yavaş inanclarını belə unudurlar. Düzü, romanda Allahın da unudulub-unudulmadığının təsvir olunduğu dəqiq yadımda deyil. Güman eləyirəm ki, Markes bunu yazmamış olmaz. Yazmayıbsa belə, nə fərqi, biz yazırıq.
Allahın unudulmasını bu gün dərindən düşünə bilən adam aydınca dərk eləyə bilər. Söhbət hansısa dindən, onun unudulmasından getmir. Bu, bir inanc, müqəddəslik və harmoniya məsələsidi. Və biz gündən-günə insanların dinə kütləvi şəkildə meyl elədiyini görürük. Mən bunu nəinki insanların Allaha yaxınlaşması, onu yada salması, əksinə, Allahın unudulması kimi və onu unutmaq istəməyənlərin o adı hər yerə, kütləvi şəkildə yazması kimi anlayıram.
Bizdən tez-tez soruşurlar: “Yazdıqlarınızın bir xeyri varmı?” Yox, bizim yazdıqlarımızı da hansısa “gəlir” baxımından dəyərləndirmək lazım deyil. Istər ədəbiyyatda, istər sənətin başqa növlərində, illah da jurnalistikada bu gün borcumuz ondan ibarətdi ki, biz hər gün kağıza şeylərin dəqiq adını yazaq. Yazaq ki, heç olmasa, gələcək nəsillər şeylərin adını bilsinlər. Məsələn, Azərbaycanı bu günə salan adamın adını… Inşallah unudulmaz!
Hamı yatıb… hamı oyaq…
•
•