Abo, səni unutmayacağıq!

Bu həftə Ə.Fətəlibəyli-Düdənginski haqda verilişə baxdım. Təəssüf ki, bu veriliş mənim onun haqqındakı məlumatlarımı artırmadı, mən bu verilişdən daha çox umurdum, daha çox gözləyirdim. Amma… Nə isə… Sözüm bunda deyil. Mənə elə gəlir ki, Düdənginski haqda bir qədər başqa rakursdan da danışmaq olar, ən azı ona görə ki, onun şəxsiyyəti və həyatı buna imkan verir.

Qətlə yetirilmiş ilk azərbaycanlı jurnalist

Sözsüz ki, Düdənginski hər şeydən əvvəl hərbçi idi. Amma o, ömrünün qısa bir hissəsini jurnalistika ilə bağlamışdı. Bu, adi jurnalistika deyildi. Təbii ki, adi jurnalist hər hansı bir missiyadan və öhdəlikdən azad olur, olsa-olsa, özünün nəşri qarşısında hansısa öhdəlik daşıyır. O vaxt soyuq müharibənin lap başlanğıcı idi. Və təbii ki, Düdənginski kimi bir adamı jurnalistikaya cəlb etmək heç də təsadüfi deyildi. Məqsəd sovet dövlətinə və bütövlükdə bütün  sosialist düşərgəsinə qarşı ideoloji cəbhə açmaq idi. Və bu cəbhə açıldı. O da vardı ki, bu ideoloji cəbhə elə belə açıla bilməzdi, onun arxasında böyük strukturlar dayanırdı. Elə bu, Düdənginskinin şəxsiyyətinə maraqlı bir ştrix əlavə edir – hər adama belə işi tapşırmazdılar. Ona inandılar və bu işi də ona həvalə etdilər. Sonradan o, sovet DTK-sının tapşırığı ilə qətlə yetirildi, bunu hamı bilir. Beləcə, dostlar arasında “Abo” deyə çağırılan adam qətlə yetirilmiş ilk azərbaycanlı jurnalist oldu.

Ilk istiqlaliyyət şəhidlərindən biri

Düdənginskinin həyatında Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə də mühüm yer tutur. O, buna jurnalist fəaliyyətindən bir qədər əvvəl, müharibə vaxtı başlamışdı. Azərbaycan Konqresi, Azərbaycanın müstəqil dövlət kimi tanınması – bunlar hamısı müharibə dövründə olmuşdu və indilər çox adam bundan xəbərdardır. Düzdür, bundan əvvəl 20-ci illərin həbsləri, mühacirət dalğası və nəhayət, 37-ci il olmuşdu… O, özünü Azərbaycanın istiqlaliyyəti uğrunda fəda verən ilk şəhid deyildi, amma onlardan biri idi.
Bəzən belə bir fikir dolaşır ki, Azərbaycanın istiqlal mübarizəsi bir eksperiment idi, bunun üçün ancaq bir qrup ziyalı çarpışırdı. Elə özümüz də istiqlaliyyət uğrundakı mübarizəni 20-ci əsrin birinci rübü ilə məhdudlaşdırırıq. Amma mübarizə sonra da davam edib, müharibə illərində geniş vüsət alıb. Bəli, həmin vaxt mübarizə Azərbaycandan kənarda gedirdi. Bu da təbii idi, çünki Azərbaycan 37-ci ilin ələyindən keçmişdi, istiqlal arzusu ilə yaşayan və çarpışan bütün insanlar ya məhv edilmişdi, ya da mühacirətə yollanmışdı. Özü də bu təkcə Azərbaycanda belə deyildi.

Legionerlərə baxış nə vaxt dəyişəcək?

Keçmiş sovet imperiyasının bütün milli vahidlərindən legionlar formalaşmış, kommunizmə qarşı mübarizəyə cəlb edilmişdi. Bəzən məsələni bəsitləşdirir, məzmununu təhrif edirlər. Belə təsəvvür yaranır ki, guya insanlar legionlara ancaq əsirlikdən və ölümdən canlarını qurtarmaq üçün qoşulurdular. Təbii ki, bu da vardı, bütün insanlar idealist mübariz olmurlar. Amma ilk fürsətdə alman ordusunun tərəfinə keçənlər də az deyildilər. Özü də bu, bütün SSRI ərazisində müşahidə olunan dalğa idi. Baltik respublikaları, Ukrayna, qərəz, bu cərgədə hamı vardı. Indi məsələyə hələ də aydın münasibət sərgilənmir. Legionerlərə vətən xaini deyirlər. Amma götürək Baltika respublikalarını. Onlar sovet ordusunu haqlı olaraq işğalçı ordu hesab edir, bu respublikaları marionet sovet rejimləri kimi qiymətləndirirdilər. Bəlkə səhv edirdilər? Əsla.
Onlar səhv etmirdilər. Eyni sözləri Ukrayna millətçiləri və eləcə də digərləri haqqında da demək olar.

Bir az da faşizm söhbəti haqda

Deyirlər sovetlər lap əzəl gündən antifaşist koalisiyasında idi. Onda bəs Molotov-Ribbentrop Paktı nə idi? Sovetlər əvvəlcə Almaniya ilə müttəfiq oldular, bir Pakt yapdılar və həmin bu saziş Avropanın bir neçə ölkəsinin işğalına yol açdı. Antifaşist koalisiyası isə sonradan formalaşmışdı. Son olaraq sovetlərin “Adi faşizm” filmini yada salmaq istəyirəm. Ona baxanda adama elə gəlir ki, alman faşizmi sadəcə fondur, mətləbsə sovet faşizmidir, hə, sovet faşizmi.