ABŞ-ın Arizona ştatının Tuson şəhərində naməlum şəxsin açdığı atəş nəticəsində Birləşmiş Ştatların Nümayəndələr Palatasının üzvü Qabriel Ciffords və daha altı nəfər gülləbaran edilib. Məlumatı Fox News telekanalı yayıb. Telekanalın məlumatına görə, gülləbaran edilənlərin sayı 11-20 nəfər olub. Onlardan üçü 40 yaşlı Qabriel Ciffordsun köməkçiləridir.
İnsident konqres üzvünün seçicilərlə görüşü zamanı baş verib. Şahidlərin sözlərinə görə, kütlənin arasından çıxan bir nəfər ətrafa atəş açmağa başlayıb. Polis onu həbs edib.
Qabriel Ciffords Demokrat Partiyasının üzvüdür. Onun həyat yoldaşı astronavt Mark Kellidir. Nə qədər qəribə olsa da, Ciffords hər zaman silah satışına qadağanın əleyhinə çıxıb və dəfələrlə bəyan edib ki, özü də silah gəzdirir.
CNN telekanalı isə Qabriel Ciffordsun sağ olması və ağır vəziyyətdə reanimasiyaya yerləşdirilməsi barədə məlumat yayıb. Bu barədə məlumatı telekanala xəstəxanadan veriblər. Yerli xəstəxananın nümayəndəsi Darsi Sleyten bildirib ki, insident nəticəsində daha doqquz nəfər, o cümlədən bir uşaq xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır (ans press).