Rusiyadan Azərbaycana köç başladı

Etnik qarşıdurmaların yaratdığı təhlükə üzündən geri qayıdan soydaşlarımız iş tapa bilmir

 

Ötən ilin sonunda Rusiyanın müxtəlif şəhərlərində baş verən etnik qarşıdurma orada yaşayan və çalışan həmyerlilərimizi Azərbaycana dönməyə məcbur edib. On ilə yaxındır Moskvada ticarətlə məşğul olan Yaşar Ibrahimov “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, Rusiyada məlum hadisələrdən sonra qeyri-ruslara münasibət xeyli dəyişib:
“Mən bir həftədir ki, Moskvadan qayıtmışam. Uzun müddət Moskvada yaşamışam. Vəziyyət pis olduğuna görə fikirləşdik ki, birdəfəlik qayıdaq vətənə. Rusiyada vəziyyət pisdir. Bayıra çıxmaq təhlükəlidir. ”Qırxıqbaşlar” qara camaatı döyür. Hamı bir-birinə qarışıb. Bizə qarşı zorakılıqlar edirlər, yolda tutub döyürlər, pulumuzu alırlar. Bilmirsən milisdir, ya kimdir. Ümumiyyətlə, indi Moskvada yaşamaq çətindir. Ayda 4-5 min dollar qazanmaq olurdu. Vətəndə isə ümumiyyətlə, iş tapmaq çətindir, nəinki bu pula uyğun iş”.
Ailəsini dolandırmaq üçün Rusiyaya yollanan və uzun müddət paytaxt Moskvada çalışan Yevlax sakini Natiq Əliyevin sözlərinə görə, vətənə qayıtsa da, hər kəs kimi, onun da işsizlik problemi var. Əliyev Moskvada yaşayan və çalışan həmvətənlərimizə qarşı haqsızlıqdan daha çox narahat olduğunu bildirib. Natiq Əliyev bir aya yaxındır Azərbaycana qayıtdığını, lakin burada onu qane edəcək iş tapa bilmədiyini vurğulayıb: “Millətimiz pis vəziyyətdə idi. Oradakı miqrantlarla pis davranırlar. 25-26 min rubl kirayə pulu verirdim, yaşayırdım. Başqa yerlərdən də gəlirim var idi. Indi gəlmişəm, görək nə olur”.
Regionlarda işsizliyin yüksək olması, bu səbəbdən də bölgələrdəki vətəndaşlarımızın iş dalınca Rusiyaya üz tutması yeni xəbər deyil. Lakin Rusiyadakı olaylar üzündən başqa millətlər kimi, azərbaycanlıların da öz vətəninə kütləvi şəkildə qayıdışı qaçılmazdır. Gəncə şəhər Statistika Idarəsindən verilən məlumata görə, Rusiyadakı etnik qarşıdurmalardan sonra Azərbaycanın ikinci böyük şəhərinə qayıdanların sayı artıb. Ötən ilin 9 ayı ərzində Gəncəyə gələnlərin sayı 350 nəfər olubsa, həmin ilin son 2 ayında bu rəqəm 312 nəfər təşkil edib.
Xatırladaq ki, ötən il dekabrın 6-da “Spartak” futbol klubunun fanatı Yeqor Sviridov öldürüldükdən sonra Rusiyada qafqazlılara münasibət pisləşib. Bundan sonra ölkədə qarışıqlıq yaratmaq istəyən minlərlə adam saxlanılıb. Ailəsini dolandırmaq üçün Rusiyaya yollanaraq işləyən həmvətənlərimizin sözlərinə görə, etnik qarşıdurmalardan sonra azərbaycanlılara qarşı zorakılıqlar artıb.

Sosial şöbə