2012-ci ilə qədər ölkəyə ildə 27 milyard dollar neft vəsaiti daxil olacaq
Qubad İbadoğlu: «Neftdən gələn vəsaitin hansı hissəsinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına cəlb edildiyini demək çətindir»
Dövlət başçısı Ilham Əliyev 2010-cu ilin yekunlarına dair teleçıxışında ötən il boyunca 51 milyon ton neft və 27 milyard kub metr qaz çıxarıldığını vurğulayıb. Dövlət başçısı bu göstəricini ölkənin iqtisadi uğuru kimi təqdim etsə də, həmin vəsaitin neçə faizinin iqtisadiyyat üçün faydalı işlərə sərf olunduğunu qeyd etmədi. Bəs görəsən, bu vəsaitə nələr edilib və nələri etmək mümkün idi?
Iqtisadçı Qubad Ibadoğlunun sözlərinə görə, bir tonun altı barrel olduğu nəzərə alınarsa, bu, il ərzində Azərbaycanın 300 milyon barrel neft ixrac etdiyi anlamına gəlir. Bir barrel neftin dünya bazar qiymətinin hazırda 90 dollar olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, ekspertlərin hesablamalarına görə, 2010-12-ci illər arasında ildə Azərbaycana 27 milyard dollar neft vəsaiti daxil olacaq: “Il ərzində neftdən daxil olan vəsaitin hamısı dövlət büdcəsinə daxil olmayıb. Onun yalnız beş-altı milyard dolları büdcə vasitəsilə bölüşdürülüb. Və neft pullarının böyük qismi investisiya xərclərinə yönəlib. Bu zaman biz heç olmasa daxil olan vəsaitin necə və hara xərcləndiyi barədə informasiyaya sahib oluruq. Əks təqdirdə vəsaitin hara və necə getdiyini bilmirik”.
Neftdən gələn gəlir büdcə vasitəsilə nə qədər çox bölüşdürülsə, iqtisadiyyatın, sosial həyatın da ondan bir o qədər çox bəhrələnə biləcəyini deyən Q.Ibadoğlu vurğuladı ki, amma indiki halda neftdən gələn vəsaitin hansı hissəsinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına cəlb edildiyini demək çətindir. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, neft vəsaitlərinin böyük hissəsi Neft Fondunda cəmləşir.
Xəyal