“Müsavatdan gedənlər obyektivlik göstərirlər”

Arif Hacılı: «Düşünmürəm ki, son istefalar hakimiyyətin planları ilə bağlıdır»

 

Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı “Azadlıq” qəzetini təmsil olunduğu partiyaya qarşı kampaniya aparmaqda suçlayıb. Bu məsələyə aydınlıq gətirmək üçün Arif bəylə söhbətləşmək qərarına gəldik.

– Arif bəy, “Azadlıq” qəzetini Müsavat Partiyasına qarşı kampaniya aparmaqda ittiham etmisiniz. Deyə bilərsinizmi, bu kampaniya nədən ibarətdir?
– Mən bildirmişəm ki, müttəfiqlik mövqeyində olan siyasi qüvvələr daha çox müttəfiqlik münasibətləri sərgiləməlidir. Arzu edərdim ki, “Azadlıq” qəzeti də, AXCP funksionerləri də bu məsələlərdə kifayət qədər diqqətli olsunlar.

– Bəy, “Azadlıq” qəzetində Müsavata qarşı hər hansı bir kampaniya müşahidə edilirmi?
– “Azadlıq”da ən müxtəlif yazarların mövqelərində, eyni zamanda AXCP-nin ayrı-ayrı funksionerlərinin açıqlamalarında kifayət qədər korrekt olmayan fikirlər mövcuddur. Məsələn, Müsavat Partiyası Məclisinin Xalq Cəbhəsi ilə müttəfiqlik münasibətlərini daha da dərinləşdirmək haqqında qərarının absurd adlandırılması, Isa Qəmbərin hansısa bəhanələrdən istifadəyə cəhd göstərməsi haqda fikirlər buna nümunə ola bilər. Belə fikirlər bu iki partiyanın nəinki birləşməsinə, həmçinin onların müttəfiqlik münasibətlərinə xələl gətirir.

– Yazarlar mövqelərində müstəqildirlər. Bundan əlavə, biz bu məsələlərlə bağlı həmişə qarşı tərəfin də mövqeyini öyrənirik. Gördüyünüz kimi, sizdən də açıqlama götürürük…
– Mənə elə gəlir ki, bu məsələ ilə əlaqədar indiki fikirləriniz qeyd etdiyiniz mövzuya adekvat deyil. Sizin mənim fikirlərimi verməməyinizlə əlaqədar mən heç bir irad bildirməmişəm.

– Bəs iradınız konkret nəyədir?
– Müsavat Partiyasını tərk edən adamların təbliğ olunması, partiyada hansısa çaxnaşma prosesinin getməsi və digər məsələlərdə nəinki bəzən mövcud problemlərin şişirdilməsi, əksinə, bəzi hallarda, hətta uydurulması müttəfiqlik münasibətlərinə yaraşmır. Mən siyasətçi olmaqdan başqa, həm də jurnalistəm və bu məsələləri əla bilirəm.

– Müsavat Partiyasına yaxın şəxslər də AXCP və onun sədri ilə bağlı müttəfiqlik münasibətlərinə yaraşmayan açıqlamalar verirlər. Məsələn, götürək sizin qardaşınız Vaqif Hacıbəylini…
– Vaqif bəy harda belə fikirlər işlədib?

– “Şərq” qəzetinə müsahibəsində AXCP və onun sədri Əli Kərimlinin ünvanına sərt ittihamlar səsləndirib…
– Mən o müsahibəni oxumamışam və “Şərq” qəzeti də Müsavat Partiyasının orqanı deyil.

– Amma Vaqif Hacıbəyli sizin qardaşınızdır və Müsavat Partiyasına yaxınlığı ilə seçilən şəxsdir…
– O ayrı bir partiyanın sədridir. Öz mövqeyində müstəqil adamdır. Siz onun mənim qardaşım olmasını xatırlatdınız, mən də sizə xatırladıram ki, o mənim böyük qardaşımdır. Onun verdiyi müsahibənin bizim söhbətimizə nə aidiyyəti var?

– Siz “Azadlıq”dakı ayrı-ayrı yazarların fikirlərini nümunə göstərib bunu bütövlükdə qəzetin mövqeyi kimi təqdim etdiniz. Bu baxımdan biz də Vaqif bəyin müsahibəsini sizə nümunə göstərdik…
– Vaqif Hacıbəyli Müsavat Partiyasının üzvü deyil. O, bütün demokratik düşərgənin mövqelərinə xidmət etmiş, iddiasız, təvazökar şəxslərdən biridir. Onun yazısı və müsahibəsi ilə tanış deyiləm. Hesab edirəm ki, söhbət bu kontekstdə getməməlidir. Mövzunu qapatsaq, yaxşı olar.

– Müsavatdakı son istefalarla bağlı açıqlamalarınızda partiyanı tərk edənlərin bu addımlarını onların siyasi mübarizənin perspektivinə inanmamaları ilə bağlamışdınız. Amma onların sözlərinə görə, məhz Müsavat rəhbərliyi bu fikirdədir, yəni, Azərbaycanda siyasi mübarizənin perspektivinə inanmır…
– Məhz “Azadlıq” qəzeti mənim fikirlərimi təhrif edərək, partiyadan çıxanlara belə suallar vermişdi ki, guya mən onların yalnız bu mübarizədən yorulduqları üçün istefa verdiklərini demişəm. Hətta bir jurnalistiniz sual vermişdi ki, guya mən demişəm ki, onlar hakimiyyətin bu məsələlərlə əlaqədar hansısa məqsədlərini həyata keçirmək üçün partiya sıralarını tərk ediblər. Mən “Azadlıq” radiosunda Qabil Hüseynli ilə debatda olmuşam. O da mənim fikirlərimi olduğu kimi dedi. Mən həmin şəxslərin istefası ilə əlaqədar onları deyil, Azərbaycan cəmiyyətində yaranmış indiki anormal vəziyyəti və bu vəziyyəti yaradan hakimiyyəti ittiham etmişəm. Mənim fikirlərim kontekstdən çıxarılıb. Guya mən onları ittiham etmişəm. Təbii ki, mən onların Müsavatdan istefa vermələrinə təəssüflənirəm. Bu istefaların səbəblərinin nə olmasından asılı olmayaraq hesab edirəm ki, onların partiyadan çıxması Müsavatın və demokratik düşərgənin mənafelərinə ziddir. Heç şübhəsiz ki, hakimiyyət bu məsələdən istifadə etməyə çalışacaq və çalışır da. Mən əminliklə deyirəm ki, son parlament seçkisində seçicilərin əksəriyyətinin səsini qazanmış Müsavatın namizədlərinin üçdə birini parlamentə buraxsaydılar, bu adamlar bu gün Müsavatda olacaqdılar. Təbii ki, onların istefasında başqa səbəblər, başqa motivlər də var.

– Arif bəy, biz sizin fikirlərinizi təhrif etməmişik. Məsələn, siz demişdiniz ki, Ibrahim Ibrahimli və Sülhəddin Əkbər Türkiyəyə gedərək orada normal həyat qurmaq istəyirdilər. Bunu bir kənara qoyaq. Məsələ burasındadır ki, qarşı tərəf sizin fikirlərinizi, hətta indi dediyiniz formada da qəbul etmir…
– Ibrahim Ibrahimli hələ mənə bir il əvvəl demişdi ki, Türkiyəyə getmək və oradakı nüfuzlu qəzetlərin birində köşə yazarı kimi fəaliyyət göstərmək niyyətindədir. Bu məsələ ilə əlaqədar təklif alıb. Sonradan bunun hansı səbəbdən alınmadığı mənə bəlli deyil.
Mənim fikirlərimə gəlincə, bir daha deyirəm ki, mən bunları irad kimi bildirməmişəm. Müsavatdan çıxanların bu məsələ ilə bağlı mövqeyi normaldır. Mən onların açıqlamaları ilə tanış olmuşam. Müsavatdan gedənlər çox obyektiv mövqe sərgiləyirlər. Bəzi adamlar bu məsələ ilə əlaqədar gərginlik yaradır. Müsavatla birləşmək, müttəfiqlik etmək istəyi varsa, real müxalifətin parlamentdən kənarda saxlandığı bir zamanda bu partiya ilə onu tərk etmiş adamlar arasında toqquşma yaratmaq, bu mövzunu gündəmdə saxlamaq heç də müttəfiqlik münasibətlərinə uyğun münasibət deyil.

– “Yeni Müsavat” qəzetinin son sayında Müsavatdakı istefalarla bağlı dərc edilən mülahizələri bölüşürsünüzmü? 
– Hakimiyyət təbii ki, bu məsələlərdən istifadə etməyə çalışır və çalışacaq. Amma mən düşünmürəm ki, Müsavatdan son istefalar hakimiyyətin planları ilə bağlıdır. Yəni, bu mülahizələri bölüşmürəm.

Vidadi