Sülhəddin Əkbər: «Yazı sifarişli, qərəzli və böhtan xarakterlidir»
Adil Qeybulla: «Məqsəd, bizə yarlıq yapışdırmaqdır»
Tofiq Yaqublu: «Bu istefaların hökumətin planı olduğunu qəti şəkildə demək olmaz»
“Yeni Müsavat” qəzetinin dünənki sayında Müsavat Partiyasındakı son istefalarla bağlı yazı dərc edilib. Yazıda Sülhəddin Əkbər, Ibrahim Ibrahimli, Qabil Hüseynli və Adil Qeybullanın partiyadan getməsinin “pərdəarxası məqamlarına” toxunulub. Qəzet iddia edir ki, bu istefalar hakimiyyətin müxalifət qüvvələrini parçalamaqla bağlı planının tərkib hissəsidir. Məqsəd də odur ki, Qərb hakimiyyətə təzyiq etmək üçün ölkə daxilində heç bir rıçaq tapa bilməsin. Qəzet istefa verən partiya funksionerlərinin öz hərəkətlərini əsaslandırmaq üçün kifayət qədər tutarlı arqument gətirə bilmədiklərini də iddia edir.
Yazının hakimiyyətin sifarişi, qərəzli və böhtan xarakterli olduğunu deyən Sülhəddin Əkbər bildirir ki, istefa verənlər bu addımlarını açıq, detallı şəkildə öz bəyanatlarında göstəriblər: “Dəfələrlə mətbuata açıqlamalar vermişik. Evimdə mətbuat konfransı keçirib bir saat qırx dəqiqə jurnalistlərin suallarını cavablandırmışam. Bundan sonra kimsə öz əxlaqına, mənəviyyatına uyğun nəsə axtarırsa, bu onun problemidir. Bu adamları bütün Azərbaycan xalqı tanıyır. Kimə və hara xidmət etdikləri hər kəsə bəllidir.
Hakimiyyət bu birliyin baş tutacağından çox narahatdır. Çünki bizim hədəfimiz mövcud hakimiyyətin dəyişməsi, strategiyamız isə xalqın ayağa qaldırılması və xalq hərəkatının təşkil edilməsidir. Siz nə gözləyirdiniz? Gözləyirdiz ki, hakimiyyət bunu susqunluqla seyr edəcək? Təbii ki, öz əlaltıları vasitəsilə bizi və ideyamızı gözdən salmağa, çirkab atmağa çalışacaq. Bu gözlənilən idi”.
S.Əkbər deyir ki, bu, hakimiyyətin müxalifət daxilindəki uzantılarının narahatçılığının təzahürüdür: “Müsavat Partiyasının tutduğu mövqe sayəsində bu birliyin baş tutması getdikcə çətin görünür. Ona görə hakimiyyət bir qədər arxayındır. Hakimiyyət görsəydi ki, birliyin baş tutması istiqamətində Müsavat Partiyası tərəfindən də ciddi addımlar atılır, o zaman necə narahat olduqlarını görərdiniz. Bu sifarişli yazının bizim ABŞ səfirliyinə dəvət edildiyimiz, eyni zamanda mənim və Ibrahim Ibrahimlinin AXCP sədri Əli Kərimli ilə şəhərdə birgə gəzişdiyimiz günün səhərisinə təsadüf etməsi də çox maraqlıdır”.
Adil Qeybulla da “Yeni Müsavat”ın yazdıqlarının əsassız və böhtan xarakterli olduğunu deyir: “Mən bu yazını oxudum və çox təəssüfləndim. Xeyli düşündürücü yazıdır. Dünən qəzetin baş redaktoru ilə görüşdük, dostcasına söhbət etdik. Açıq, səmimi söhbət getdi. Belə bir yazının hazırlanacağı ilə bağlı heç bir söz deyilmədi. Səhəri gün də qəzetdə bu cür yazı oxudum. Bu yazı uydurmadan, jurnalist fantaziyasından başqa bir şey deyil. Indi düşünürəm ki, yəqin qəzetdə bəzi yazılar da bu cür uydurma olub. Sensassiya, oxucu xatirinə bu cür şeylərə getmək düzgün deyil. Mən bu yazını özümə təhqir hesab edirəm”.
A.Qeybullanın sözlərinə görə, istefa verənlər bunun səbəbini açıq şəkildə öz bəyanatlarında bildiriblər: “Məqsəd, bizə yarlıq yapışdırmaqdır. Bir qrup adam kontur cızıb və ”kim bu konturdan kənara çıxsa, bu bizdən deyil” prinsipi ilə hərəkət edirlər. Bu da son nəticədə iflasa yaxınlaşdırır. Bu yanaşmanın özündə bir avtoritarlıq, qeyri-demokratiklik var. Partiyadan getmək də olar, partiyaya gəlmək də olar. Ən azı bir-birimizin şəxsiyyətinə hörmətlə yanaşmalıyıq”.
Müsavat başqanının müavini Tofiq Yaqublu isə hesab edir ki, istefa verənlər bu addımlarını əsaslandırıblar. Və əsaslandırmalar xeyli ağılabatan görünür. Amma bununla belə, T.Yaqublu düşünür ki, hər şeyi proseslərin gedişi göstərəcək: “Bu istefaların hökumətin planı olduğunu qəti şəkildə demək olmaz. Belə bir ittiham irəli sürməyə cəsarət etmərəm. Amma nəzəri cəhətdən hər şey mümkündür. Müxalifət partiyasından istefalar istənilən halda müəyyən suallar yaradır. Bu da hakimiyyətin xeyrinə olan məsələdir. Hakimiyyət istəyər ki, Müsavatdan da, AXCP-dən də mümkün qədər çox adam getsin. Proseslərin gedişi hər şeyi göstərəcək. Məlum olacaq ki, bu hakimiyyətin sifarişidir, yoxsa onların öz mövqelərinə görə qəbul etdikləri qərardır”.