Milli Dram Teatrında dramatik olaylar

Tanınmış aktyor teatrın bazara çevrildiyindən danışdı

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında start verilən islahatlar teatrın kollektivində artıq ciddi qarşıdurmalar yaradıb. Yaradıcı heyətin bir hissəsi islahatların subyektiv maraqlara xidmət edəcəyini indidən bildiriblər. Tanınmış aktyor Nurəddin Mehdixanlı isə ötən gün ANS-ə müsahibəsində islahatlara birmənalı dəstək verməklə yanaşı, özü də istəmədən ölkədəki bərbad təhsil sisteminin varlığını ifşa, teatrda uzun illərdir hökm sürən dəhşətli mənzərəni təsvir edib.
Aktyor bildirib ki, bəzi aktyorların adı teatrda, özləri isə reklamlarda, toylarda olub. Yaradıcı prosesdən kənarda qalan belə insanların teatrın vəsiqəsini daşımaqla bir məqsədi olub: ev, ad iddiasını reallaşdırmaq.
Mehdixanlının iddiasına görə, uzun illərdir çalışdığı teatr uğursuzluqların oylağı olub: “Teatrda 87-ci ildən açıq qapı siyasəti aparılıb. Başqa teatrdan qovulan nə qədər uğursuz vardısa, hamısı gətirildi bura. Nəticədə teatrın ab-havası pozuldu”.
Aktyor daha dəhşətli fakt açıqlayıb. Onun sözlərinə inansaq, teatra tərcümeyi-halını yaza bilməyənləri işə götürüblər: “Teatrda adam var, kağız-qələm ver, tərcümeyi-halını düzgün yaza bilmir, amma üsyan edir ki, islahat niyə aparılır”.
Teatrın keçmiş baş rejissoru Mərahim Fərzəlibəyov da Mehdixanlının müsahibəsində ciddi tənqidə tuş gəlib. O, keçmiş baş rejissorun səhnələşdirdiyi bütün tamaşaların uğursuz olduğunu qeyd edib. Bundan başqa, Mehdixanlı teatrlara gələn gənc aktyorların “A”la “T”ni bir birindən ayırmamasını söyləyərək bunu təhsilin acınacaqlı vəziyyəti ilə əlaqələndirib.

S.Novruz