«Atamın hərəkəti özbaşınalıqdır»

Babək Quliyev: «Bu hərəkəti özümə arxadan vurulmuş zərbə kimi qiymətləndirirəm»

 

Bir müddət əvvəl hakimlikdən kənarlaşdırılan Babək Quliyevin atası Faiq Quliyev AFFA-da görünüb. Qurumdakı mənbənin “fanat.az”a verdiyi məlumata görə, Faiq Quliyev iki gün əvvəl orada AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb. Buna baxmayaraq, Faiq Quliyev oğlunun hakimliyə qaytarılmasına nail ola bilməyib. Çünki Elxan Məmmədov ona “oğlunu kim işdən çıxarıbsa, get, onunla danış. Mən heç nə edə bilmərəm. Babəki Xaqani Məmmədov işdən çıxarıb” deyə cavab verib.
Daha sonra Faiq Quliyev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşüb. Məmmədovla Quliyevin görüşü təklikdə baş tutduğundan bu barədə ətraflı məlumat almaq mümkün olmayıb.
Babək Quliyev isə atasının addımı ilə bağlı bunları deyib:
– Atamın baş katib Elxan Məmmədova yazdığı məktubdan xəbərim yoxdu. Atamın addımını özbaşına və məsuliyyətsiz bir addım kimi qiymətləndirirəm. Atamla 17 ildir ki, ayrı yaşayıram. Onun baş katib Elxan Məmmədova yazdığı məktubdan və onunla görüşməsindən dünən axşam xəbər tutmuşam. Bu gün xəbəri oxudum və məcburiyyət qarşısında qalıb, bu xəbər haqqında açıqlama verməli oldum. Bildirmək istəyirəm ki, mən hələ ki, ağzıma yiyəlik etməyi bacaran insanam. Demişəm ki, nə qədər Xaqani Məmmədov Hakimlər Komitəsinin sədridir, mənim hakimliyə qayıtmağım mümkün deyil. Sözümün üstündə də dururam. Atamın etdiyi bu hərəkət isə məsuliyyətsizlik və özbaşınalıqdır. Futbol ictimaiyyətindən də bunu belə qəbul etmələrini xahiş edirəm.

– Atanızın məktubunda nə yazılıb?
– Mənim məktubdan xəbərim yoxdur. Ondan dünən xəbər tutmuşam. Məktubun məzmunu və içində nə yazıldığını bilmirəm. Mənim Xaqani Məmmədov kimilərlə işləməyə halım yoxdur. Onunla heç vaxt da işləmərəm. Bunu demişəm və sözümün ağasıyam. Bu addım atamın özbaşına hərəkətidir və mən atamla bu gün ciddi söhbət edəcəyəm. Mətbuat vasitəsilə Elxan Məmmədova da müraciət edirəm ki, bundan sonra haqqımda kimsə təəssüf dolu məktub yazarsa, onu qəbul etməsin və məktuba cavab verməsin. Məktub yazası olsam, özüm yazaram. Ağlım da var, əlim də, yazmaq qabiliyyətim də.

– Atanız Elxan Məmmədovla görüşmək üçün məktub yazdığına görə hirslənmisiniz, yoxsa Xaqani Məmmədovla görüşdüyü üçün?
– Hər iksinə görə hirslənmişəm. Həm məktub yazdığına, həm də görüşdüyünə görə. Atamdı, ona canım qurban. Amma atam öz işi ilə məşğul olmalıdır. Mənim öz işim var və işimi yaxşı bilirəm. Iki ildir deyirəm ki, Xaqani Məmmədov bu vəzifədə olduğu müddətdə geriyə qayıtmayacağam. Atamın etdiyi bu hərəkət isə mənim sözümlə düz gəlmir. Hamı bilsin ki, mənim bu məsələyə heç bir aidiyyətim yoxdur.

– Sizcə, belə bir addım atmaqda atanızın məqsədi nə olub?
– Ola bilər ki, təəssübkeşlikdən belə edib. Amma atam da daxil olmaqla, mənim heç kimin köməyinə ehtiyacım yoxdur. Heç kim də mənə yazıq gözü ilə baxmasın. Özümə görə gücüm də var, ağlım da. Mən götür-qoy etməyi bacaran insanam.

– Atanız Elxan Məmmədovla, Xaqani Məmmədovla görüşdükdən sonra AFFA tərəfindən hər hansısa bir reaksiya olub?
– Inanın ki, bundan xəbərim yoxdur. Nə reaksiya?! bu hərəkəti özümə arxadan vurulmuş zərbə kimi qiymətləndirirəm. Məni hakimlikdən kənarlaşdırıblar, atamı yox. Məktub mənim şərəfimə, ləyaqətimə və mənliyimə uyğun olmayan bir məktubdur.