Ilham Əliyev niyə oxucuların dostu olmur?

Ilham Əliyev niyə oxucuların dostu olmur?

Icra hakimiyyətinin başçısı kimi Ilham Əliyevin KIV-ə Dəstək Fondu yaradıb qəzetlərə
pul paylaması, daha sonra ev tikdirib jurnalistlərə mənzil verməyə hazırlaşması normal
demokratik ölkələrdə rüşvət kimi qiymətləndirilərdi. Prezidentin mətbuata verdiyi
rüşvət kimi. Üstəlik, bu, qanunla qadağan olunur, ölkə Konstitusiyanın prinsiplərinə, söz
azadlığına, demokratik ənənələrə ziddir. Hətta zaman göstərdi ki, bu işin arxasında duran
niyyət də xoş deyil.
Müstəqil mətbuatı prezidentin ayırdığı pullara öyrəşdirmək nə üçündür? Enində-sonunda
bu nəyi dəyişir? Müstəqil jurnalistikanı tamam məhv etmək üçündürmü bu? Məsələyə heç
tanınmayan, yaxud heç satılmayan, heç oxunmayan bir qəzetə də ən iri tirajlı qəzetlərlə
birlikdə pul ayrılması prizmasından baxmaq istəmirəm. Bu cılız hallar bir yana qalsın,
şəxsən məni çox təhlükəli bir tendensiya narahat edir. Dövlət başçısının (o həm də hakim
siyasi partiyanın sədridir) pulları ilə ölkə mətbuatının əsl problemlərini pərdələməyə niyə
sakitcə tamaşa edirik? Gəlin gerçək mənzərəni özümüz üçün yenidən canlandıraq…
Ayrılan pullar doğrudan da qəzetlərə hava və su kimi lazımdır. Amma niyə lazımdır bu
pullar? Haradan doğur bu ehtiyac? Niyə qəzetlər bu qədər ehtiyaclıdır? Məsələn, nədən
qəzetlər reklamdan pul qazana bilmir? Niyə reklamlara siyasi “qadağa”“ ortadan götürülmür?
Bəlkə deyəsiniz ki, ölkədə reklam yoxdur. Bəs ondan iqtisadi inkişafdan niyə danışırlar?
Fakt odur ki, xalq tənqidçi qəzetləri daha çox alır, amma onlara reklam verən yoxdur,
əksinə, daha az satılan “yumşaq” və iqtidarçı qəzetlər az-çox reklam ala bilirlər…
Yayım sektoru qəzetlərin satışı üçün əngələ çevrilib. Yalnız Bakıda qəzet satılan
məntəqələrin sayı orta Avropa ölkəsində olduğundan 10 dəfə azdır. Regionlarda, kəndlərdə
isə istəsən də qəzet tapıb ala bilmirsən. Supemarketlər siyasi mətbuatı satmağa qorxur.
Halbuki bütün dünyada satışın 30 faizdən çoxu supermarketlərin payına düşür.
Abunə haqqında danışarkən hakimiyyətə bağlı qəzetlərin əsas tirajının abunədən ibarət
olduğunu hökmən deməliyik. Bu necə olur ki, köşkdə satışı yox səviyyəsində olan qəzetin
abunəsi köşkdə satışı ən yüksək olan qəzetlərin abunəsindən 500-1000 dəfə çox olur?
Aydındır ki, burada bir tərəfə siyasi imtiyazlı abunənin təşkilindən və digər tərəfə isə
abunəyə qadağanın qoyulmasında söhbət gedir.
KIV sektorundakı problemləri ciddi rəqəmlərlə, sistemli, metodik də hazırlamaq olar.
Lazımdır da. Amma bunlarsız da mətbuatımızın dərdləri bəllidir. Dəstəkdən öncə onun
əngəllərdən qurtulmağa ehtiyacı var. Üstəlik, dəstək də doğru olmalı, həm sektorun
inkişafına səbəb olmalıdır, həm də söz azadlığı prinsipləri, bazar qaydaları pozulmamalıdır.
Bunun da yolları vardır, hökumət məhz o cür dəstəyi verməyə borcludur. Gəlin bir
nümunəyə baxaq…
Ilin əvvəlində Fransa hökuməti 18-24 yaşlı 200 min gəncin qəzetlərə abunəçi olmasını
maliyyələşdirdi. Gənclər abunə yazılacağı qəzeti özü seçir, abunənin pulu isə büdcədən
ödənilir. Bu aksiyaya 15 milyon avro xərclənib. Ümumiyyətlə, bu il Fransa parlamenti
hökumətə 600 milyon avronu mətbuatla bağlı aksiyalara xərcləməyə icazə verib və bu

pulların hamısı sosial yönlüdür, birbaşa KIV-lərə deyil, ümumən sektorun inkişafına
yönəldilir. Məsələn, qəzet oxumaq istəyənə pul verirsən, o da kimi istəyir oxuyur. Bundan
isə hamı udur, KIV də. Prinsipilər də pozulmur.
Bu sahədə müxtəlif ölkələrin çox maraqlı və uğurlu təcrübəsi var. Bizim təcrübə isə heç
harada yoxdur.