Halımız fənadır

Halımız fənadır

Əvvəl “Azərbaycan” qəzeti ABŞ-ı yıxıb-sürüdü.
Dünən dövlətin rəsmi xəbər agentliyi bu kampaniyaya qoşulub. ABŞ ağır günlərini yaşayır.
Regionun lider dövləti, analoqsuz layihələrilə dünyanı heyrətə gətirən Azərbaycanla
bacarmaq superdövlət üçün asan olmayacaq.
Mən bu yazışmalardan qan iyi duyuram. Bəşəriyyətin gələcəyi şübhə altındadır. ABŞ-
dakılar nadandır, bunu bildik, bəs bizim özümüzünkülərin müdrikliyi hardadır? Axı bizim
babalarımız ta qədimdən deyiblər ki, biri od olanda o biri su olar…
Dövlət rəhbərlərimizi təmkinli olmağa səsləyirəm. ABŞ-ı əfv etməklə biz öz
böyüklüyümüzü, əfəndiliyimizi sübut edəcəyik. Onsuz da hamı bilir ki, ABŞ-ı məhv etmək
bizim əlimizdə su içmək kimi asandır. Sovet Ittifaqı kimi imperiyanı çökdürmək ənənəsi
olan xalq ABŞ-ın daşını-daş üstə qoymaz. Ancaq bu bizə lazımdırmı? Yox, mərhəmətli və
humanst olduğumuzu bir daha dünya ictimaiyyətinə sübut etməliyik. Bundan sonra ABŞ
ağıllanmasa, lazım gəlsə, bir daha ciddi ölçülər götürərik.
Zeytunluq
Hökumət Bakının Zirə qəsəbəsində 200 hektar sahədə yeni zeytun bağı salmağa qərar
verib. Iqtisadi Inkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bunun üçün 400 min
manat kredit ayrıb.
Madam ki, bunu edəcəkdiniz, 9-cu mikrorayondakı zeytunluğu niyə baltalayırdınız?
Zeytunun faydasını qananlardandınızsa, onu qıranların fotosunu çəkdiyinə görə “Azadlıq”ın

gənc reportyoru Aqil Xəlili niyə boğub, bıçaqlayırdınız?
Azərbaycan hökuməti lap Afrikanın Saxara səhrasını da yaşıla bürüsə də, onların
səmimiyyətinə inana bilməyəcəm. Mütləq bu işin axrasında maxinasiya var, xalqa kələk
gəlmək var…
Insana sevgisi olmayan bir sistemin ota-torpağa, ağaca məhəbbəti mümkünsüz bir şey. Lap
bu mümkün olmasa belə, insan olmayandan sonra ağac nəyə lazımdı?
MTN və dua
Iki gün əvvəl redaksiyamıza gələn 65 səhifəlik şikayət məktubunu mənə verdilər ki,
bir məqalə hazırlayım. Hazırladım da. Amma məktubun bu qəribə cəhətini indi sizinlə
bölüşürəm. Şikayətçi müxtəlif problemlər üzrə onlarla dövlət orqanlarına yolladığı həmin
şikayət məktubunun bir surətini də bizə təqdim etmişdi. Milli təhlükəsizlik naziri Eldar
Mahmudova göndərilən məktubda şikayəçi ondan xahiş-tələb edirdi ki, həyətinə basdırılan
cadulara-dualara qarşı tədbir görsün. Mən hələ də baş çıxara bilmirəm, bu, vətəndaşın
MTN-nin mifik obrazına inamından irəli gələn hərəkətdir, yoxsa bu təhlükəli nazirliklə
etdiyi incə zarafatdır?
Mənə belə gəlir ki, o vətəndaşımızın niyyəti ciddidirsə, ünvanı daha da
konkretləşdirməlidir. Fövqəltəbii qüvvələrlə mübarizə aparmaq üçün Fövqəladə Hallar
Nazirliyi daha münasibdir.
Mübariz hoca, insaf, insaf, insaf…
Biz çox dedikcə, o az eşidir. Necə deyərlər, dəyirman öz işindədir, çax-çuxu baş ağrıdır.
Politoloq adına iddia edən Mübariz Əhmədoğlunu nəzərdə tuturam. Mübariz hocamız,
adətinə xilaf çıxmayaraq, ötən gün keçirdiyi mətbuat konfransında yenə də Ermənistanın
bir dövlət kimi dünya xəritəsindən silinməsi barədə danışıb. O, 5 ildir Ermənistanın can
verdiyini deyir, ancaq danışdığı sözlərin heç biri doğru çıxmır.
Onun danışdığı yalanlardan mənim qulaqlarım qızarır, Mürbariz hocanın isə heç tükü də
tərpənmir. Mübariz müəllim, sizə nə olub, açın dərdinizi deyin, bəlkə bir işə yarayacaq
çarə fikirləşdik. Ermənilərsiz həyatınızı təsəvvür edə bilmirsiniz, nədi?
Dünyada çoxlu maraqlı hadisələr, mövzular var Mübariz abi, ömrünüzü puç etməyin. Öz
ömrünüzə heyfiniz gəlmir, gəlməsin, heç olmaya, bu aylıq hesabatlarınızla bizi terror
etməyin. Insafınız olsun…
Sizin bu hesabatlarınızla bir erməninin də burnu qanayan deyil, ancaq bu templə davam
etsəniz, yəqin ki, gələn yanvarda əsəbdən Azərbaycan Respublikası vətəndaşları sırasında
Natiq adlı biri olmayacaq.