Getməyimi istəyənlər bunu görməyəcək

Leyla Yunus: «Ramil Usubova minnətdaram. Bir müddətdən sonra rabitə naziri Əli Abbasova da təşəkkürümü bildirəcəm»

«Bizim hakimiyyətin konsertlərə, beynəlxalq konfranslara, Luvrda xalçanın bərpasına xərclədiyi böyük pullar Avropada Azərbaycandakı real vəziyyətlə bağlı təsəvvürləri dəyişməyəcək»

ZƏRİF SİYASƏT: Rubrikamızın budəfəki qonağı ötən ilin ortalarından ölkədə yox idi. Hətta bu xanımın siyasi sığınacaq alaraq mühacirətə getdiyi barədə şayiələr də dolaşırdı. Lakin yeni il qabağı yenidən ölkəyə qayıtması bu fikirlərin həqiqətdən uzaq olduğunu göstərdi. Hər zaman hüquqları pozulanların yanında olan, bu səbəbdən də təzyiqlərlə üzləşən tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusla söhbətimizə ölkədən kənarda olduğu müddətdəki fəaliyyəti ilə bağlı sualla başladıq.

“Bizim nazirlərimiz mənə güclü dəstək almağa şərait yaradır”

– 7 aydır ölkədə yox idiniz. Harda və nə işlə məşğul idiniz?
– Almaniyada siyasi motivlərə görə təqib edilən insanlar üçün Hamburq Fondu var. Bu fond artıq 25 ildir mövcuddur və Hamburqun keçmiş meri Klaus fon Donahyu tərəfindən təsis edilib. Bu müddət ərzində dünyanın demokratiya olmayan, insan haqları pozulan bütün ölkələrindən xüsusi təzyiqlə üzləşən jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını, hüquq müdafiəçilərini ay ay, ya da bir illik Almaniyaya dəvət edirlər. Əsasən Əfqanıstan, Əlcəzair, Şimali Koreya, Şri-Lanka, Özbəkistan, Belarus kimi ölkələrdən. Artıq Azərbaycan da bu ölkələrin sırasına qoşulub. Daxili işlər naziri Ramil Usubova səmimi minnətdaram, ona öz təşəkkürümü bildirirəm. Çünki 2008-ci ilin sonunda, dekabrda məni məhkəməyə verdi. Mən də artıq bir çox beynəlxalq təşkilatların veteranıyam. Uzun illərdir onlarla əməkdaşlıq edirəm. Onlar bunu hüquq müdafiəçilərinə təzyiq kimi qiymətləndirdi. Artıq 2010-cu ilin fevralında bir illlik Almaniyaya dəvət etdilər. Onda mənim çoxlu layihələrim, işlərim var idi. Məhkəmə hələ başa çatmamışdı. Ona görə imtina etdim. Elə bildim ki, bununla iş bitdi. Ancaq həmkarlarım hesab etdi ki, dincəlməli, yorğunluğumu almalıyam. Ona görə də təklifi təkrarladılar. Beləcə təzyiqlərin sayəsində yeddi ayı Avropada, Hamburqda keçirdim. Məndən başqa bu fond Mirzə Sakiti də dəvət edib. Bir qədər irəli gedib demək istəyirəm ki, yəqin bir müddətdən sonra rabitə naziri Əli Abbasova da təşəkkürümü bildirəcəm. Çünki Rabitə Nazirliyi mənə təzyiq edir. Burda olmadığım müddətdə qanunsuz olaraq iki telefon nömrəmi alıblar. Faksdan, internetdən məhrum ediblər. Ancaq biz onların pulunu ödəmişdik, üç illik müqaviləmiz var idi. Yəqin buna görə məhkəməyə müraciət edəcəm. Bu təzyiq də beynəlxalq təşkilatlara məlum olacaq. Beləcə, bizim nazirlərimiz mənə güclü dəstək almağa şərait yaradır.

– Ofis məsələsi nə yerdədir?
– Ofis kimi işlətdiyim yer mənim öz evimdir. Özü də özəlləşdirilib. Çünki kimsə mənə ofis üçün kirayə yer verə bilməzdi.

“Arzuları ürəklərində qalacaq”

– Burda şayiə gəzirdi ki, Siz siyasi sığınacaq almısınız və bir də ölkəyə qayıtmayacaqsınız?
– Bunu burdan mənə yazıb dedilər. Buna o qədər güldük ki. Arzuları ürəklərində qalacaq. Bunu görməyəcəklər.

– Sizə burda kifayət qədər təzyiq olub. Almaniyada siyasi sığınacaq təklifi oldu?
– Birinci dəfə bunu mənə 1993-cü ilin qışında, Londonda doktorluq dissertasiyasını müdafiə etdiyim ərəfədə təklif etdilər. O zaman ölkədə vəziyyət qarışıq idi, xeyli hərbçini həbs etdilər. Mən də Müdafiə Nazirliyində çalışırdım.

“Avropada hamıya aydın idi ki, Azərbaycanda azad və demokratik seçki olmadı”

– Parlament seçkisi zamanı burda yox idiniz. Almaniyadan Azərbaycandakı seçkilər necə görsənirdi?
– Burda seçkilərin olmadığı aşkar idi. Bir neçə görüş keçirdim. Almaniyanın insan haqları üzrə səfiri ilə, burda seçkilərdə müşahidəçi qismində iştirak edən siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserlə görüşdüm. Azərbaycanda saxtakarlıqların olduğu beynəlxalq müşahidəçilərə yaxşı məlum idi. Bununla maraqlanan norveçli həmkarlarımla da danışdım. Ona görə Avropada hamıya aydın idi ki, Azərbaycanda azad və demokratik seçki olmadı. Bu seçkilər əvvəlkilərlə müqayisədə ən alternativsizi idi.

– Yeri gəlmişkən, bir həmkarınız da parlamentə düşüb…
– Belə həmkar tanımıram. O heç vaxt hüquq müdafiəçisi olmayıb. Bu, aydın məsələdir.

“Ataya əsl heykəl belə olar, yoxsa mərmərdən yox”

– İnsan haqlarının müdafiəsi uğrunda çalışan adam kimi, sizə Avropadan Azərbaycan necə görünürdü?
– Orda vaxtım kifayət qədər çox idi. Düşünməyə, baxmağa imkanım var idi. Mənə təsir edən iki məsələni qeyd etmək istəyirəm. Ilk növbədə bu, Fonddur. Ora çox adam gəlir. Ancaq onlar özləri də mənə dedi ki, Fondun yaranması tarixi ilə maraqlanan ilk adamam. Çünki tarixçiyəm. Bu barədə bir az yazmışam. Fondun təsisçisi nasist Almaniyası dövründə ədliyyə nazirinin müavini olan Van Donahyunun oğludur. O, antifaşist, antiHitler hərəkatı yaratmışdı. 1943-cu ildə həbs olundu və 1945-ci ilin aprelində güllələndi. Onunla birgə bacısının həyat yoldaşı, 20-ci əsrdə Almaniyanın görkəmli mütəfəkkirlərindən biri Banhover də həbs olunaraq edam edilib. Oğlu heç yerdə deməyib ki, atasına abidə yaradır. Yaratdığı bu fond ildə 4-5 adamı ölümdən xilas edir. Çünki Iran, Koreya, Çin kimi ölkələrdə ölümə məhkum olunanları cəzadan qurtarır. Bu fond nasizmlə mübarizə aparan ataya diri heykəldir. Bax, ataya əsl heykəl belə olar. Ora gələnlərin hamısı onun atasına rəhmət oxuyurlar ki, belə oğul böyütdüyünə görə sağ olsun. Sən bütün dünyaya əl uzadırsan. Heykəllər belə olmalıdır. Day pulla alınan mərmər abidələr kimi yox. Ikincisi, mən Azərbaycan rəhbərliyini, qanunun, demokratiyanın olmadığı, demokratik azadlıqların boğulduğu situasiyanı çox tənqid edirəm. Həmişə məndə təəssürat var idi ki, uzun illər ərzində görüşüb danışdığım diplomatlar bunu başa düşmürlər. Onlara burdakı vəziyyət barədə danışıram, izah edirəm. Ancaq onlar yenə anlamır. WikiLeaks saytı ABŞ səfirlərinin məruzələrini açıqlayanda başa düşdüm ki, onlar nəinki anlayır, hətta lap yaxşı anlayır. Buna çox sevindim.
Azərbaycanda işləyən  amerikalı, avropalı diplomatlar vəziyyəti dəqiq və düzgün qiymətləndirir. Bunu bizə anlamağa imkan verənlərə də təşəkkür edirəm. Əsasən də Avropada “Şpigel” jurnalında, Hollandiya mətbuatında bu barədə geniş yazılarla tanış olanda başa düşdüm ki, hamıya hər şey yaxşı aydındır. Situasiyanı olduğu kimi qiymətləndirirlər. Bizim hakimiyyətin konsertlərə, beynəlxalq konfranslara, Luvrda xalçanın bərpasına xərclədiyi böyük pullar Azərbaycandakı real vəziyyətlə bağlı təsəvvürləri dəyişməyəcək. Indi mənə tam aydındır ki, Azərbaycanın feodal dövlət olması, mafioz, kriminal qanunlarla idarə olunması Qərb, ABŞ diplomatik korpuslarına, siyasi rəhbərliyinə bəllidir. Prezident Administrasiyası strateji araşdırmalar mərkəzi yaradıb. Beynəlxalq konfranslar keçirir, çoxlu pullar xərcləyir. Luvrda xalçanın, Strasburqda kilsənin yenidən qurulmasına vəsait ayırırlar. Onlar pulu götürəcək. Ancaq Azərbaycanda baş verənlərlə bağlı fikirləri bu pullar dəyişməyəcək. Əsas budur. Avropada yaşayıb, söhbət edib, yazılanları oxuyandan sonra bunları yaxşı anladım. Düzgün başa düşdülər və bunu da göstərdilər. 

“Azərbaycan rəhbərliyinin məqsədi ölkədə total nəzarət yaratmaqdır”

– Hüqüq müdafiəçilərini yavaş-yavaş sıradan çıxarırlar. Məsələn, vaxtilə aktiv fəaliyyətlə məşğul olan bəzi həmkarlarınız artıq görsənmir. Bütün bunları necə qiymətləndirirsiniz?
– Müxtəlif seqmentlərdən ibarət vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri, jurnalistlərdən, korrupsiyaya qarşı, ekologiya uğrunda mübarizə aparan, yəni hökumətin nəzarətindən kənar bütün müstəqil strukturlar xeyli təzyiqlərə məruz qalır. Çünki Azərbaycan rəhbərliyinin məqsədi ölkədə total nəzarət yaratmaqdır.

– Digər hüquq müdafiəçilərindən fərqlənirsiniz. Hətta bəzən həmkarlarınız da Sizin üzərinizə hücuma keçir. Bunu nə ilə izah edə bilərsiniz?
– Mənim bunu qiymətləndirməyim düzgün olmaz. Bunu başqaları qiymətləndirməlidir. 

“Qadın mütləq özünə qulluq etməlidir”

– Fəallığınızla seçilirsiniz. Adətən, belə olanda şəxsi işlərə vaxt qalmır. Bununla belə istədiyiniz qədər özünüzə vaxt ayıra bilirsiniz?
– Qadın hər şeyi qaçıra, yaddan çıxara bilər. Ancaq mütləq özünə qulluq etməlidir. Vacib deyil bahalı salona gedəsən, bahalı kosmetika alasan. Lakin səni çox istəyən, necə görünməyinə laqeyd yanaşmayan yaxşı ustan olmalıdır. Qadının öz dərzisi, bərbəri, öz həkimi olmalıdır. Bunlar vacibdir. Nəyi də yaddan çıxarsam, özümə vaxt ayırıram. Məsələn, bir çox şeyləri özüm edirəm. Özü də yaxşı bacarıram.

“Yemək işi əhvaldan asılıdır”

– Bəs yemək bişirməyə vaxt qalır?
– Əhvaldan asılıdır.

– Tez-tez olur əhval?
– Yox. Arada iki günlük nəsə bişirmək olar. Ancaq yenə də düzgün qidalanmaq lazımdır. Ət yeməyindənsə, salat düzəltmək olar. Yağ, çörəkdənsə, sıyıq yemək yaxşıdır.

– Almaniyaya ailənizlə getmişdiniz. Arif bəyi də dəvət etmişdilər, yoxsa Sizə görə getdi?
– Fond ailəvi dəvət edir. Mən də ailəmlə getdim. Ancaq  Arifin də orda işi çox idi.

Fizzə Heydərli