«Zülmə garşı üsyankaram, əzilsəm də susmaram!..»
Soranlara bən bu yurdun
Anlatayım nəsiyəm:
Bən çeynənən bir ölkənin
“Haqq!” bağıran səsiyəm!
Bu, əsərləriylə, yaşam mücadiləsiylə ömrünü öz millətinə, onun azadlıq ideallarına fəda etmiş, Azərbaycanın böyük istiqlal şairi Əhməd Cavadın “haqq bağıran” səsidir.
O, mənhus 37-ci il repressiyalarına məruz qalmış Azərbycan ziyalılarının ən görkəmli nümayəndələrindən biridir. Həyatı boyunca bir an olsun belə ideallarından vaz keçməyən, həm ictimai fəaliyyəti, həm də bədii yaradıcılığı ilə
öz xalqı üçün böyük işlər görən şair bir mübarizlik, qəhrəmanlıq nümunəsidir. Şairin həyat və yaradıcılığını öyrənən hər kəs əmin ola bilər ki, Azərbaycanda demokratik dəyərlərin bərqərar olmasında şairin bədii fəaliyyəti də mənəvi stimul rolunu oynamışdır. O, Azərbaycançılıq, Türkçülük, millətçilik, vətənçilik ideyalarının yorulmaz təbliğatçısı olduğundan, hər zaman düşmənlər tərəfindən hədəfə alınmışdır.
Babaları Cənubi Azərbaycandan olan Əhməd Cavad Axundzadə 1892-ci il may ayının 5-də Şəmkirin Seyfəli kəndində anadan olmuşdur. Altı yaşında ikən atası vəfat etmişdir. O, ilk təhsilini mollaxanada almışdır. Sonra ailələri Gəncəyə köçüb. Şair buradakı Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında oxuyub. O, bu seminariyada ərəb, fars, rus dillərini mükəmməl öyrənib. Hələ seminariyada oxuyarkən şeirlər yazan şairin bu istedadı müəllimlərinin diqqətini çəkmişdir. 1912-ci ildə təhsilini bitirərək müəllimlik şəhadətnaməsi alan Ə.Cavad əmək fəaliyyətinə başlamışdır. Həmin dövrdə Azərbaycanda erməni daşnaklarının törətdiyi iğtişaşlardan insanlar min bir əzaba düçar olurdular. Daşnaklar Ərzurum, Qars və Batumda xüsusi qətllər törətmişdilər. Insanlar bir tərəfdən də yoxsulluqdan, aclıqdan əziyyət çəkirdilər. 1914-cü il, birinci dünya müharibəsi zamanı Türkiyənin şərq cəbhəsindəki döyüşləri “Sarıqamış” uğursuzluğu ilə nəticələnmişdi. Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi rus və ermənilərin qırğınına məruz qalmışdı. Bakıda yerləşən “Azərbaycan xeyriyyə cəmiyyəti” Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım etməkdə idi. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışırdı.
O, “pantürkçü” deyil, əsl Türkçü idi
Qardaş xalqın bu bədbəxt günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə “Nə gördümsə” şeirində dilə gətirir:
Sordum qərib minarədən:
“Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?”
Şair bu misraları 1915-ci ildə yazıb. Türkiyənin Birinci Dünya müharibəsi zamanı Sarıqamışda – “Allahuəkbər” dağlarında yaşanan uğursuzluğundan qəlbi parçalanaraq yazıb.
O tarixdən az qala 100 illik məsafədə – əsrin o başında çırpınan bir vətən şairi, bir fədakar aydın…
– Bakıda fəaliyyət göstərən “Azərbaycan xeyriyyə cəmiyyəti”nin xəttiylə Türkiyənin şərq əyalətlərinə yardıma qoşan, – dostu Abdulla Şaiqlə bərabər Istanbulda “Qafqaz könüllü hissəsi” sıralarına qoşulan,
– Trakya cəbhəsində Türkiyənin müstəqilliyi uğrunda qan qardaşları ilə çiyin-çiyinə vuruşan,
– “Türkün bayrağı ilə çırpınan Qaradəniz”i,
– Bakının xilasına gələn “Müqəddəs Mehmetcik”lə birgə savaşdığı meydanda Türk əsgərini vəsf edən “Bismillah”ı,
– Azərbaycanda demokratik respublika qurulan zaman Türk əsgərinə qoyulan abidə önündə
Sənin qovduqların yabançı xanlar,
Qurtardı ölkəmi tökdüyün qanlar,
Bax, nasıl öpməkdə tozlar, dumanlar,
Qərib məzarını, mənlə bərabər –
misralarını yazan, bütün bunların “haqqını” canıyla ödəyən Əhməd Cavad…
Çiçək açan cümhuriyyət arzusu və…
1917-ci ildə Rusiyada oktyabr çevrilişi baş verdi. Belə bir qarışıq zamanda Azərbaycanın vətənpərvər övladları 28 may 1918-ci ildə Xalq Cümhuriyyətinin yarandığını elan etdilər. Bu gün məhəbbətlə oxuduğumuz himnimiz də o vaxt doğuldu.
Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeir onun üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir:
Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın sana, bayrağım!..
Onun sözlərinə yazılmış “Çırpınırdı Qara dəniz” mahnısı (musiqisi Üzeyir Hacıbəyovundur) bütün türk dünyasınının azadlıq və mübarizə himninin əks-sədasıdır.
1920-ci il Cümhuriyyətin süqutundan sonra şair Qusarın Xuluq kəndinə köçərək müəllimlik edib. Taleyin qəribəliyinə bax ki, vaxtilə Əhməd Cavadla bir kənddə müəllim işləyən Mir Cəfər Bağırov sonralar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin başçısı olmuşdur. Üstündən 16-17 il keçdikdən sonra Əhməd Cavadın repressiyaya məruz qalmasında Bağırovun xüsusi rolu olmuşdur.
Əhməd Cavad 1922-ci ildə Bakıda Pedaqoji Ali Məktəbə daxil olub. “Maarif və mədəniyyət” jurnalında işləyə-işləyə Ali Pedaqoji Institutu bitirən Əhməd Cavadın sonrakı pedaqoji fəaliyyəti ali məktəblərlə bağlı olmuşdur. O, bir müddət Azərbaycan Politexnik Institutunda, Azərbaycan Kənd Təsərrüfatı Institutunda (Gəncə) dərs demiş, rus dili üzrə Azərbaycanın ilk professorlarından biri olmuşdur. Həmin dövrdə mətbuatda müntəzəm çap olunan Əhməd Cavadın əleyhinə hücumlar başladı. Ötən əsrin 30-cu illərindən sonra mətbuatda Əhməd Cavadın ünvanına nəinki tənqid, hətta təhqir dolu yazılar çap edildi. Mətbuat səhifələrində Əhməd Cavada çirkab atanlar özləri də yaxşı bilirdilər ki, o, mənəviyyat və təmizliyi ilə çoxundan yuxarıda dayanır. Şairin əsərlərini “əks-inqilabi yazılar” adlandıraraq onu hər tərəfdən tənqid və təhqir atəşinə tuturdular.
“Xalq düşməni”
1935-ci ildə Gəncədən Bakıya qayıdan Əhməd Cavad “Azərnəşr”də fəaliyyətini davam etdirir. Ona qarşı hücumlar burada da səngimək bilmirdi. Xüsusilə də Yazıçılar Ittifaqının plenumlarında şairi kəskin tənqid edirdilər. Əhməd Cavad bütün bu zərbələrə mərdliklə dözür, əleyhdarlarının adi ədəbi faktlara kəskin siyasi don geydirmələrinə təmkin göstərirdi. Hücumlar isə öz nəticəsini verirdi. 1937-ci il iyunun 3-də onu Yazıçılar Ittifaqının üzvlüyündən çıxarırlar. Beş gün sonra isə həbs edirlər. Həmin dövrdə qəzetlərdə çıxan materialların yalnız sərlövhələrini xatırlamaq kifayətdir: “Sonadək ifşa etməli”, “Sıralarımızı təmizləyin”, “Amansız olmalı”, “Səhvlərimiz haqqında”. Maraqlıdır ki, bu yazıların müəllifləri dünənə qədər yaşayan, sovet hökumətindən kifayət qədər bəhrələnən yazıçı və tənqidçilər idi.
Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana “xalq düşməni” kimi damğa vuruldu. Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükrüyyə xanımın daş-qaşını, bəzək əşyalarını da müsadirə etmişdilər.
Əhməd Cavad 1937-ci il oktyabrın 12-də güllələnib. 45 yaşlı nakam şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olub. Şükrüyyə xanım həyat yoldaşının qətlindən sonra “vətən xaininin arvadı” kimi uşaqları ilə birlikdə həbs edilib. Yeddi ildən sonra sürgündən azad edilən Şükrüyyə xanıma Bakıda yaşamaq qadağan olunub. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alıb.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir