Şahlığa can atmağa dəyərmi?

Şahlığa can atmağa dəyərmi?

Nə dini yasaqlar, nə yüksək ictimai status, nə də rifah bunun qarşısını almır, bundan
çəkindirmir, insanlar intihar edirlər. Mənim onun haqqında heç bir məlumatım yoxdur,
intihar etmiş şahzadə Əlirza Pəhləvini nəzərdə tuturam. Bəlkə də, o qatı monarxist idi,
sevmədiyim fars şovinisti idi. Amma indilərdə bu hansısa məna kəsb edirmi? Ölüm çox şeyi
unutdurur, çox şeyi cilalayır. Həm də bizim bacarmadığımızı edənlər həmişə bizdə maraq
və hətta qibtə (bunu da etiraf etməkdən çəkinməyək…) oyadır.
Insana bu dünyada görən nə lazımdır? Sərvət? Maraqlı iş? Cavanlıq? Hə, bunun hamısı onda
var idi, amma o, getməyə üstünlük verdi. Görünür, çatışmayan nəsə də varmış, zira o, bunu
sirr eləyib özü ilə apardı. Yox, mən intiharları vəsf etmirəm, heç ona haqq qazandırmıram,
ən azı ona görə ki, bizim ikinci həyatımız olmayacaq. Yox, mən heç ibrət, “tarixi dərs”
haqda danışmayacam, çünki mənasızdır, ona görə ki, min illər ərzində Allahın qəzəbindən
və cəhənnəm əzabından nəinki qorxmayan, hətta bu haqda düşünməyən insanların kiminsə
həyat və taleyindən ibrət götürəcəyini güman etmək sadəlövhlük deyilmi? Əgər biz
insanlar, xüsusən də siyasətçilər, kimdənsə ibrət götürsəydik tarixdə cəmi bircə nəfər
diktator olardı. Inqilablar, üsyanlar və qanlar – hətta bunlar belə bizləri çəkindirmək
iqtidarında deyil, nəfs insanı hara çəkib aparmır?
Mən bu yazını ona görə yazdım ki, Əlirza Pəhləvinin intiharının motivi maraqlıdır, xüsusən
də nəzərə alanda ki, onu heç kim bilmir. Harvard Universiteti, yaxşı təhsil, elmi karyera.
Ömrü boyu buna doğru can atan minlərlə insanlar var… Amma bu ona azlıq etdi. Motiv nə
idi?.. Burada yadıma kiçik bir detal düşür. Ahıl yaşlarında U.Çerçill parlamentin iclasında
bir gəncin onu maraqla və çox böyük diqqətlə süzdüyünü görür. Çerçill deyir: “Cavan
oğlan, yəqin ki, düşünürsünüz məni bu yaşımda bura çəkib gətirən nədir? Hakimiyyət, bəli,
hakimiyyət ehtirası, cavan oğlan!”. Bəli, siyasət adamlarında belə bir yanğı var. Bəlkə elə
Əlirza Pəhləvinin də gizlini, bizim üçün gizlin qalan motivi elə bu imiş? Bilmirəm. Indi bu
elə bir əhəmiyyət də kəsb etmir. Maraqlı olan isə başqa detaldır – varlılar, məşhurlar da
ağlayır.
Dünyanın ən böyükləri və ən bədbəxtləri
Kim güman edər ki, ölkələr fəth edən N.Bonapart dünyanın ən bədbəxt bir insanı idi.
Ölkələr onun qarşısında baş əydiyi halda o da bir qadının önündə əyilirdi – daim ona
xəyanət edən və onu sevməyən Jozefinanın qarşısında. Həm gülməli, həm də ağlamalıdır,
deyilmi? 20-ci əsrdə dünyanın ən böyük imperiyasını yaratmış Lenin və Stalin. Nə qədər

tənha və yazıq insanlar idi! Leninin heç olmasa Armand familiyalı sevgilisi vardı, Stalin isə
bu sevgidən məhrum idi, o, ailə sevincinin və qadın sevgisinin nə olduğunu heç bilmədi.
Yeri gəlmişkən, onun da arvadı intihar etmişdi. Stalin bunun əvəzini yaxın ətrafını da bu
sevgidən məhrum etməklə çıxırdı, bununla özünə təsəlli verir, sakitləşdirirdi. Burada
yadıma A.Rıbakovun “Arbat uşaqları” romanı düşür, o, Stalinin tənhalığını necə də gözəl
təsvir etmişdi… Ona görə də mən bir o qədər də trivial olmayan bir fikri yada salmaq
istəyirəm: əgər kimsə deyirsə ki, hakimiyyət insanı xoşbəxt edir, o, yanılır, tamam əksinə…
Bu yaxınlarda moskvalı politoloq D.Furman MDB diktatorlarının faciəsini çox gözəl təsvir
etmişdi – onlar hakimiyyətdən və siyasətdən getməyə qorxurlar… Üstəlik, daha böyük
diktatorlar, sərkərdələr olub ki, onlardan söhbət gedəndə MDB diktatorları kimi xırda
şahlardan danışmağa dəyməz. Çingizxanın, Atillanın məzarı yoxdur… Nəhayətsiz Rusiya
torpaqlarında Lenin üçün bir məzarlıq qədər torpaq tapılmır. Əgər son aqibət budursa, buna
can atmağa, minlərin, milyonların qanını axıtmağa dəyərmi? Əgər son aqibət məhz Rza
Pəhləvinin aqibətidirsə, bundan ötrü şah olmağa can atmağa, millətin sərvətini – varını
mənimsəməyə dəyərmi? Onsuz da oğurluq pullar xoşbəxtlik gətirmir, onsuz da ən böyük
hakimiyyət Tanrının hakimiyyəti qarşısında bir qəpiyə dəyməz. Son iki arşın parçaya
bükülmək deyilmi?