«WikiLeaks»in yaydığı sənədlərdə adı çəkilənlər təhlükəsiz ərazilərə göndərildi; Putini hədəf alan səfir Börnsün həyatı risk altında
ABŞ hökuməti “WikiLeaks” saytında yayımlanan, diplomatlara aid yazışmalarda adı hallanan şəxsləri ehtiyatlı olmağa çağırıb. Ölkə rəsmilərinin sözlərinə görə, ABŞ hökuməti gizli məktublarda adıçəkilən sahibkar, diplomat və digər şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə addımlar atır.
“The New York Times” ÿqəzetinin məlumatında bildirilir ki, artıq Dövlət Departamentinin bir sıra əməkdaşları, xarici ölkədəki diplomatlar, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri təhlükəsiz ərazilərə köçürülüb. Obama administrasiyasının rəsmiləri indiyədək açıqlanmış diplomatik teleqramların nəticəsi olaraq, şəxslərin fiziki hücuma, yaxud həbsə məruz qaldığından xəbərsiz olduğunu da vurğulayıb.
Dövlət Departamentinin nümayəndələri son bir neçə həftə ərzində əlaqə yaradılan insanlar haqqında məlumat verməyərək, bu şəxslərin bəzilərinin ölkə daxilində fərqli nöqtələrə göndərildiklərini, bəzilərinin də ölkədən çıxarıldığını bildirib. Rəsmilər 99 faizi yayımlanmayan 251 min 287 ədəd gizli məktuba görə narahatlıqlarını da gizlətməyiblər. Onların sözlərinə görə, teleqramların açıqlanmasıyla adları çəkilən insanları qorumaq daha çətin olacaq və uzunmüddətli gərginlik yaradacaq. Xarici siyasət idarəsinin təmsilçiləri eyni zamanda 250 mindən artıq sənədin nəzərdən keçirildiyini və diplomatlar tərəfindən dəyərləndirilməsi üçün səfirliklərə göndərildiyini də söyləyib.
“WikiLeaks” saytının açıqladığı məxfi məktublar üzündən ABŞ-ın Liviyadakı səfiri Gene Krets artıq geri çağırılıb. O, Vaşinqtona göndərdiyi teleqramda Liviya lideri Müəmmar Qəddafinin xarakteri və adətlərini açıq yazdığı üçün həyatının təhlükə altında olması səbəbindən vəzifəsindən uzaqlaşdırılıb. Rəsmilər diplomatın gələcək fəaliyyəti barəsində məlumat verməsələr də, onun yenidən Liviyaya göndəriləcəyini istisna ediblər. Kretsdən başqa, həyatına təhlükə olduğu yüksək rütbəli diplomatlar arasında Rusiyanın baş naziri Vladimir Putini hədəfə alan məxfi məktubların müəllifi səfir Con Börns də var.
Xatırladaq ki,ÿ ABŞ rəsmiləri və insan haqları qrupları “WikiLeaks” saytında Əfqanıstan və Iraq müharibəsinə dair minlərlə sənədin, eləcə də gizli diplomatik yazışmaların açıqlanmasını tənqid edib.ÿ Həmin sənədlər yayımlanarkən onları Vaşinqtona göndərən diplomatların adları çıxarılmamışdı. “WikiLeaks” saytı sonradan məxfi dosyeləri açıqlayarkən “günahsız” tərəflərin adlarını silməyə qərar verdi.
İnformasiya şöbəsi