Yan Qusun tonqalını qalayanlar

M.Veber qərbli insanların xarakterindəki bəzi özəllikləri protestant əxlaqının təsiri ilə izah edirdi. Bunu qəbul edənlər də var, etməyənlər də. Narazıların arqumenti budur ki, bəs onda yaponların və ya koreyalıların xarakterindəki özəllikləri nə ilə izah edək? Nə isə. Bununla mənim işim yox. Sadəcə, indicə yadıma protestantlığın banilərindən birinin – Yan Qusun bir fikri düşdü. O deyirdi ki, hər bir xristian, hətta həyatı və rifahı ilə risk etmək naminə olsa belə, həqiqəti axtarmalıdır.
Yox, mən bunu qeyri-adi açıqlama kimi təqdim etmək istəmirəm. Bizdə də bəlağətli sözlər çoxdur. Amma bir çox hallarda məni təəccüb bürüyür: Əcəba, biz də həqiqəti axtarırıqmı? Bizdə həqiqəti axtaranlar varmı? Təbii, özümüzdən bədgüman olmaq niyyətində deyiləm, çox şey düşünüləndən qat-qat sadədir. Elə bu səbəbdən bu gün cərəyan edən proseslər məndə heç də yüksək fikirlər oyatmır. Bilmirəm, buna robot, “frankenşteynlər”, yaxud miflər deyim, hər halda, nə demək istədiyimi və nə düşündüyümü yəqin etdiniz. Yan Qusdan söhbət açdım, bir detal da yadıma düşdü. Onu tonqalda yandırarkən qoca bir qadın irəli soxularaq tonqala bir odun parçası atmağa cəhd edir və bunu görən Yan Qus da “Ah, müqəddəs sadəlik!” – deməkdən və heyrətdən donub qalmaqdan başqa çarə görmür.
Indi sizlərdən soruşuram. Bu illər ərzində bizlər də irili-xırdalı neçə-neçə “yan qusların” tonqalına azmı “odun” atmışıq? Çox atmışıq. Bu gün bizlər öz əməllərimizin nəticəsi ilə, öz “bağımızın məhsulu” ilə vuruşuruq. Bəla da elə burasındadır. Ona görə də çətindir, ağrılıdır. Hələ öz əməllərimizin əzab və məşəqqətlərini çox yaşayacağıq. Dəfələrlə keçmişləri xatırlayacağıq və əgər vicdanlarımız susmayıbsa, çox ağrıyacağıq. Siyasətdə o insanlara asan olur ki, onlar əxlaqın buxovlarından azad olurlar. Bəli, onlar üçün çox şeylər asan görünür. Bizlərin mənəvi iztirablarına səbəb olan hadisələr onlara ən yaxşı halda, çox maraqlı siyasi oyun və kombinasiya kimi görünür. Ona görə də miflərin ağrı-acısını yaşamaq lazım deyil, cəhənnəm olsun hər şey.
Indi hər kitaba inanmaq olmur. Amma maraqlı bir məsələ var. Bəzi yazılanlara görə, Eynşteynə sahələrin vahid nəzəriyyəsini yaratmaq müəssər olubmuş. Amma məşhur “təcrübə”dən sonra (buna “Filadelfiya təcrübəsi” deyirlər və ola bilsin ki, bu, psevdo-alimlərin uydurmasıdır) o, bütün əlyazmalarını yandırır və belə deyir ki, bəşəriyyət bunsuz da yaşaya bilər. Bir daha təkrar edirəm ki, ola bilsin, bu, psevdo-alimlərin uydurmasıdır, çünki ciddi elmdə “Filadelfiya təcrübəsi”nə rast gəlməmişik. Amma məsələ bunda deyil. Insan bəzən öz yaratdıqlarından imtina etməyi bacarmalıdır, hətta bu, çox böyük mənəvi sarsıntılara səbəb olsa belə. Daha böyük mənəvi sarsıntı isə şüurlu şəkildə şərə xidmət etdiyini anlayanda gəlir.
Mən bir az əvvəl məhz psevdo- təcrübə haqda nahaq yerə danışmadım – alim şərin xidmətində bulunmaq istəməyib. Yeri gəlmişkən, məhz Eynşteyn amerikalıların nüvə proqramında iştirak etməkdən imtina etmişdi – belə real fakt “Filadelfiya təcrübəsi” kimi psevdo-faktı neytrallaşdırmaq gücündədir.

2011-ci ildə dünya Hüsnü Mübarəklə vidalaşa biləcəkmi?

2011-ci il də seçkilər ili olacaq, amma bu dəfə maraqlı ölkələr üçün – tutaq ki, Misir üçün. Görəsən, 82 yaşlı Mübarək siyasətə vida deyəcək, yoxsa müddətini qırxa çatdırmağa cəhd edəcək? Bunu heç kim bilmir, hətta misirli seçicilər də. Görünür, dünyada tonqallar hələ çox qalanacaq, diktatorlar həqiqət carçılarının tonqallarının istisində qızınmağı sevirlər. Bir maraqlı fikir var. Deyir ki, krallar şairləri anlayanda onları dar ağacına göndərirlər.

Kiçik sözardı

Siyasətdə bir çariça Yekaterina fenomeni də olub. Avropanın maarifçiləri ilə, hətta Volterlə yazışan, Didronu Rusiyaya dəvət edən, amma öz ölkəsində azadlığın işartılarını amansızcasına söndürən “maarifpərvər çariça”. Onun haqqında oxuyanda məndə belə fikir yarandı ki, bu çariça öz əsrini azı üç yüz-dörd yüz il qabaqlayıbmış. Indi belələri daha çoxdur, demokratik şüar qışqıran müstəbidlər.