O, Tiflisdə doğulub böyümüş, “ağlı kəsəndən” sonra Bakıya gəlmişdi. Tiflis o çağlar Güney Qafqazın başlıca administrativ şəhəri, eləcə də başlıca mədəniyyət mərkəzi idi. Belə bir durumda N.Nərimanovun Bakıya üz tutması ilginc bir görsəniş idi. Gecə-gündüz oxuyub öyrənən, yorulmadan biliyini artırmağa çalışan, ilk gənclik çağlarından özünün intellektual üstünlüyü ilə seçilən Nəriman bəy Tiflisə baxmış xeyli passiv, geridə qalmış görünən Bakıda yaşamağa üstünlük verir. Bunun bir başlıca nədəni vardı: bütün varlığı ilə sevdiyi, yaşı boyu bütün varlığı ilə sevəcəyi millətə qulluq istəyi, sonsuz Azərbaycan sevgisi!
Nəriman bəy o çağkı Bakının sosial-siyasi ortamına bir işıq seli kimi düşmüşdü. Müəllim, doktor, jurnalist, publisist, yazıçı, dramaturq, kitabxanaçı, rejissor, aktyor, siyasətçi – bunlar hamısı bir adam idi: N.Nərimanov. Ən başlıcası, o, bu göstərilənlərin hamısında lider idi, özü də passivlikdən qat-qat uzaq, aktiv lider. Gecə-gündüz yazan-yaradan, milləti işıqlığa çıxarmaq üçün yorulmaq bilmədən çalışan MILLI LIDER. Özgürlük-azadlıq uğrunda yorulmaq bilmədən çarpışma aparan Nəriman bəy yazırdı: “Azadlıq uğrunda vuruşanlara kömək ediniz; çünki onlardır əsl insaniyyətə yol açanlar, onlardır millətləri… bir-birinə yavıqlaşdıranlar. Onlardır yazıqların, yoxsulların qulluqçusu. Onlardır möhürlü ağızları açanlar… hüquqsuzlara hüquq verənlər, qulları azad edənlər, ədaləti meydana gətirib zülmü puç edənlər. Onlardır… kor gözlərimizi açanlar, kar qulaqlarımızı dələnlər, dərdlərimizi göstərənlər, fəryadımızı eşidənlər”.
Özü çox böyük çətinliklə dolanan Nəriman bəy Bakıda öz puluna oxu evi (qiraətxana) açmışdı. Nəriman bəy əli yetən hər yerdən bu oxu evinə qəzet-jurnallar göndərilməsinə çalışırdı. Oxu evi tezliklə Bakıdakı bütün xalqların başlıca oxu evinə çevrilmişdi. Ismayıl bəy Qaspıralı özünün “Tərcüman” qəzetində bu oxu evi ilə bağlı yazırdı: “Müsəlmanların Bakıda açdıqları 40 qəzeti olan bir qiraətxana tam diqqətə layiqdir. Nəinki qədim Buxara, hətta gözəl Tehran, Avropa Istanbulu və mütəfəkkir Qahirə qiraətxanaları bu qədər zəngin qəzetə malik deyildir. Bakılılara, xüsusən, təşəbbüskar cənab Nərimanov bəyə ehtiram və eşq olsun”.
Nəriman bəy Azərbaycanda ilk siyasi partiya – sosial-demokrat qurumu olan “Hümmət”in başlıca fiqurlarından idi. Nəriman bəyin sosial-siyasi çalışmaları Quzey Azərbaycanla bitmirdi. O eləcə də Güney Azərbaycandakı milli-azadlıq hərəkatının liderlərindən idi. Ilkin çağlarda siyası baxımdan Nəriman bəylə Məmməd Əmin bəyin baxışları, demək olar, bütünlüklə üst-üstə düşürdü: onlar sosial-demokrat idilər. Sonralar Məmməd Əmin bəyin solçuluqdan sağçılığa yönəlməsi ilə onların yolları ayrıldı. Ayrıldı, özü də biryolluq. Bu xırdaca yol ayrılığı onları – Azərbaycanın iki böyük oğlunu – düşmənçiliyədək aparıb çıxardı. O çağlar sağçılıqla solçuluq arasında dərin bir uçurum vardı. Aradan uzun illər keçəcək, Məmməd Əmin bəy sağçılıqla solçuluğu uzlaşdıran, qovuşduran teoriya üzərində işləyəcəkdi. Ancaq onda onun başlıca siyasi konkurenti – Nəriman bəy – bu dünyada olmayacaqdı: 20-ci yüzil Azərbaycan tarixinin IKI başlıca liderindən biri.
Indilikdə yollar ayrılmış, sosialist Nəriman bəylə millətçi Məmməd Əmin bəy arasında uzun sürəcək barışmaz çarpışma başlamışdı. Sosial-demokratların başlıca qəzeti “Hümmət”, milli-demokratların başlıca qəzeti “Açıq söz” idi. Bu qəzetlər onların başlıca tribunaları idi: aralarındakı siyasi-ideoloji çarpışma başlıca olaraq bu iki qəzetdə sərgilənirdi. Düzünə qalsa, bu çarpışma iki lider arasında gedən çarpışma deyil, o çağkı dünyanı sarmış iki baxışlar sistemi arasında gedən çarpışma idi. Burası çox maraqlıdır: Nəriman bəy Məmməd Əmin bəyə qarşı yazdığı felyetonlara “Millətçi”, Məmməd Əmin bəy Nəriman bəyə qarşı yazdığı felyetonlara “Sosialist” imzası qoyurdu.
Nəriman Nərimanovun tarixdəki yeri (II yazı)
•