İlham Əliyevin ismarıcları

Bir neçə ildir ki, Yeni Ilin gəlişinə 15 dəqiqə qalmış Ilham Əliyevin müraciəti bütün televiziya kanalları ilə xalqa çatdırılır. Heydər Əliyevdən fərqli olaraq, oğul Əliyev nitqinin əvvəlcədən hazırlanan videoyazısını verdirir, yəni cənabımız “canlı” yox, sözün bütün mənalarında “cansız” danışır. Hər dəfəsində də bu “cansız”lığın nəsə əmması çıxacağı ilə bağlı özümdən asılı olmayan pessimizmə qapılıram. Yeni Ili bu cür ovqatla qarşılamağın yaxşı heç nə vəd etmədiyini bilsəm də, ha çalışıram, ovqatımı düzəldə bilmirəm. Lənətə gəlmiş “ürəyə damma” bircə gün sonra, yeni təqvim ilinin ilk günündəcə çin çıxır.
Adama elə gəlir ki, möhtərəmimiz öz çıxışında inhisarçı məmurlarına üstüörtülü ismarıclar göndərir və onlar da dərhal icraya başlayırlar. Məsələn, belə:

Birinci

Ilham Əliyev kameraların şüşəsinə dim-dik baxa-baxa dedi ki, “2010-cu il Azərbaycan üçün uğurlu keçdi, ”əhalinin pul gəlirləri 12 faiz artdı”.
Prezidentin sosial güvəncliklə bağlı dediyi bu söz efirdən qulaqlara çatana qədər siqaretin qiyməti orta hesabla 12 faiz qaldırıldı, meyvə 25 faiz bahalaşdı.

İkinci

Dedi ki, “elektrik enerjisi təminatının gücləndirilməsi istiqamətində addımlar atılıb”; “Təqaüdlər artıb, əməkhaqqı yüksəlib”.
Aha, deməli xalqın yaşayışında yalançı statistika olsa belə, artım olub…
Anında sosial xidmətlərin qiymət artımına start verildi. Bu gün hakimiyyətyönlü qəzetlərin verdiyi məlumata görə, qısa müddətdə əhaliyə satılan elektrik enerjisinin qiymətinin 6 qəpikdən 10 qəpiyə qaldırılması artıq həllini tapıb. Yəni, elektrik enerjisinin 40 faiz bahalaşacağı labüddür.

Üçüncü

Dedi ki, “2010-cu ildə neft-qaz sektorunda uğurlu nəticələr əldə olunub, 51 milyon ton neft, 27 milyard kubmetr qaz istehsal edilib”.
Bu neft-qazın hamıya məxsus olmasıyla bağlı xalqın xam xəyallara düşməsinin qarşısını almaq üçün dərhal hərəkətə başladılar: yeni ildən Bakının bir çox ərazilərində qaz sısqa-sısqa gəlir, azacıq borcu olan abonentlərin qazı isə dərhal kəsilir.
Digər tərəfdən, “avro-2 standartına keçid” adı altında benzinin qiymətinin 1 manat 20 qəpiyə qaldırılması prosesi sürətlənib. Hazırda “93″ və “95” markalı benzinlərin yığışdırılması və sürücülərin 1 manat 20 qəpiklik benzin almağa vadar edilməsi reallaşmaqdadır.

Dördüncü

Dedi ki, “Xarici siyasət sahəsində böyük uğurlara nail olunub, Azərbaycanın dostları, ölkəylə əməkdaşlıq etmək istəyənlərin sayı artıb”.
ABŞ əleyhinə başlanan böyük kampaniya, “WikiLeaks” sayəsində Azərbaycanın Türkiyəyə yönəlik siyasətinin açılması və qardaş ölkə ilə yaşanan gərginliklərin bir az da artması, viza rejiminin sərtləşdirilməsi barədə prezident sərəncamı və s. xarici siyasətin nə boyda olduğu haqda dolğun təsəvvür yaradır və güman ki, bu ismarıcdan sonra “xarici uğurlar” daha da çoxalacaq.

Beşinci

Dedi ki, “2010-cu ildə siyasi münasibətlər müsbət istiqamətdə inkişaf edib, ölkədə demokratik, şəffaf seçkilər keçirilib”.
Buna şərh verməyə ehtiyac yoxdur, zatən, beynəlxalq təşkilatların saxtakarlığın miqyası ilə bağlı rəyləri ortadadır. Sadəcə, bu sözü də Ilham Əliyevin komandasına ünvanladığı mesaj kimi qəbul etmək lazımdır.

Bəs, xalqın reaksiyası?

Ilham Əliyev bayramdan 3 gün əvvəl – 28 dekabr 2010-cu ildə “dostumuz” olaraq aldığı mükafatın təqdimetmə mərasimində demişdi ki, “bizə təzyiqlər artdıqca, daha mətin oluruq”.
Olmaya bu fikir siyasi repressiyaların artacağı, sosial fəlakətin dərinləşəcəyi müqabilində xalqın “mətinliklə” dözəcəyinə ətrafını inandırmağa köklənmişdi?
Əslində, bunu deməyə də bilərdi – bizim “dözümlü xalq” olduğumuzu onsuz da hamı bilir.