Sayt İranın Rusiya və İngiltərədən çox, ABŞ-a güvəndiyini əks etdirən məxfi yazışmanı da yaydı
ABŞ-ın 1990-cı ildə Iraq prezidenti Səddam Hüseyni Küveyti işğal etməyə yönləndirməsiylə bağlı iddialar irəli sürülsə də təsdiqini tapmamışdı. Lakin WikiLeaks saytının açıqladığı ABŞ diplomatlarına aid məxfi yazışmalar bu barədə dolaşan xəbərləri təsdiqlədi. Həmin illərdə ABŞ-ın Bağdadda səfiri olmuş Eypril Qlaspinin 1990-cı il iyulun 25-də Vaşinqtona göndərdiyi gizli məktubda Küveytin işğalından bir həftə öncə Iraq prezidenti ilə görüşünün detalları öz əksini tapıb.
WikiLeaks Iraqın edam edilən keçmiş rəhbəri Səddam Hüseynin Küveyti 1990-cı ildə işğal etməzdən bir həftə öncə amerikalı diplomatla aparılan danışıqlar və ortaya çıxan ziddiyyətli məqamların qeyd olunduğu dosyeni öz saytında yerləşdirib. Xatırladaq ki, həmin görüşdə ABŞ səfirinin sərgilədiyi mövqe Səddam Hüseynin cəsarətlənməsinə yol açmış və Küveytin işğalından sonra Qərb mətbuatı Qlaspinin tutduğu mövqeyə geniş yer ayırmışdı.
Iraq rəsmiləri Səddam-Qlaspi görüşü barədə qeydləri Qərb mediasına ötürmüşdü. Məhz bu sənədlərə istinad olunaraq ABŞ-ın Səddam Hüseyni Küveytin işğalına təhrik etməsi iddiası ortaya çıxmışdı. Səfir Eypril Qlaspi Iraq prezidenti ilə görüş zamanı “biz ərəblər arasındakı problemlərə qarışmırıq. Heç bir tərəfin yanında olmağı da düşünmürük” söyləməsi Səddam Hüseyni daha da rahatlatmışdı.
WikiLeaks-in açıqladığı yazışmalara görə, səfir Saddam ilə keçirdiyi görüşlə bağlı qeydlərini eyni gün – iyulun 25-də ABŞ dövlət katibinə göndərib. Məxfi məktubun başlığı isə belə olub: “Səddamın prezident Buşa dostluq mesajı”. Diplomatın həmin məktubda Səddamın Küveyti işğal etməyə hazırlaşdığına dair ifadə işlətməməsi, kifayət qədər müsbət başlıqdan istifadə etməsi diqqəti çəkməyə bilməz.
Eypril Qlaspinin yazdığına görə, Səddam Hüseyn görüşdə, Küveyt daxil olmaqla, bəzi ərəb ölkələrinin apardığı siyasət nəticəsində Iraqın iqtisadi cəhətdən zərər çəkdiyini söyləyib. Bir neçə saat davam edən görüş zamanı səfir Iraq liderinə Küveytlə sərhədə Iraq əsgərlərinin toplandığını xatırladır və “Nə düşünürsünüz, planınız nədir?” deyə soruşur. Səddam Hüseyn isə bunun haqlı sual olduğunu bildirir və ölkəsinin iqtisadi itkilərindən şikayətləndikdən sonra Misir prezidenti Hüsnü Mübarəkin vasitəçilik cəhdlərindən danışır. Səddam Hüseyn bu cəhdlər çərçivəsində Küveytin Iraqla müzakirələrə hazır olduğunun rəsmi Bağdada bildirildiyini, vəliəhd və Iraqın ikinci şəxsi Izzət Ibrahimin Ər-Riyadda görüşəcəklərini, daha sonra Küveyt rəsmilərinin ən geci 1990-cı il iyulun 30-da Bağdada gələcəklərini söyləyir.
Səddam Hüseyn səfirə bildirir ki, o, iyulun 30-da baş tutacaq səfərdən tez bir şey olmayacağı barədə Hüsnü Mübarəkə söz verib. Iraq prezidenti müzakirələrin müsbət nəticə verəcəyini və Küveyt tərəfinin güzəştə gedəcəyinə ümidvar olduğunu da dilə gətirir.
ABŞ-ın bu görüş vasitəsilə “Küveyti işğal etsən, səsimizi çıxarmayacağıq” mesajı verdiyinə dair iddialara yol açan o məşhur cümlə də səfir Eypril Qlaspinin məktubunda yer alır: “Səfir Saddam Hüseynə 20 il öncə Küveytdə çalışdığını, o zaman olduğu kimi, indi də ərəblər arasındakı konfliktlərdə ölkəsinin tərəf olmadığını, yəni ABŞ-ın Küveytin işğalına etiraz etməyəcəyini söylədi”.
WikiLeaks saytının açıqladığı digər məxfi yazışmaya görə isə Iran nüvə siyasəti məsələsində Ingiltərə və Rusiyadan çox ABŞ-a güvəndiyini Türkiyə tərəfinə bildirib. ABŞ-ın Türkiyədəki səfiri olmuş Ceyms Cefri 2009-cu ilin noyabrında Vaşinqtona göndərdiyi gizli məktubunda qeyd edir ki, Iran Rusiyadansa, ABŞ-dan nüvə yanacağı almağı üstün tutduğunu Türkiyənin diqqətinə çatdırıb.
Səfirin yazdığına görə, Iran nümayəndə heyəti Türkiyənin xarici işlər naziriylə görüşüb və nüvə yanacağı ilə uran mübadiləsi məsələsiylə bağlı müzakirələr aparılıb. Nümayəndə heyəti Türkiyəyə etimad etdiyini, Tehranın Rusiya və Ingiltərədən çox, ABŞ-a inandığını və Rusiyadan nüvə yanacağı almaqdansa, ABŞ-dan almağı üstün tutduğunu bildirib.
İnformasiya şöbəsi