“Türkün dili tək sevgili, istəkli dil olmaz…”

1300 il bundan əvvəlki dilimizin bugünkü dilimizlə səsləşməsi…

 

Dünyada 6200 dil var. Onlardan yalnız 196-sı dövlət dili statusu qazanıb. Ölkələrini milli dillərin ilk vətəni sayan avropalılarda da bu milliliyin formalaşmasının əsrlərlə davam etdiyi göstərilir. Azərbaycan dilinin və xalqının təşəkkülü III-VII əsrlərdə baş vermiş, VII-VIII əsrlərdə başa çatmışdır. Türk dilləri ailəsinin qərb qrupuna daxil olan bu dil Azərbaycan və Dağıstan Respublikasında rəsmi dövlət dilidir. Azərbaycan dilindən həmçinin Iran, Iraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna ərazisində geniş istifadə olunur.
XI əsrdə Azərbaycan dili Qafqazda və qonşu ölkələrdə geniş inkişaf tapmışdır. Yerli əhalinin əsas dili olan Azərbaycan dili XI əsrin ortalarında oğuz tayfaları dilinin güclü təsiri altında tam şəkildə formalaşmışdır. XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapmışdır. Şairlər fars və ərəb dilləri ilə yanaşı, bu dildə də əsərlər yazırdılar.
Azərbaycan dili tarixində həmin proses xalq dilinin içində getmişdir. Yəni, bizdə xalq dilinin müəyyənləşməsi milli dilin formalaşması deməkdir. Bu günə gəlib çatan ilk yazılı abidəmiz “Dədə Qorqud kitabı”nın VII əsrə aid olduğunu nəzərə alsaq, Azərbaycan dili tarixində həmin inkişaf daha artıq davam etmişdir – M.Füzulidə başa çatmışdır. Bu işdə obyektiv və subyektiv faktorlar bir-birini tamamlayır. VII əsrdən gələn ilk yazılı abidəmizin dilində Azərbaycan xalqının dilini əsas lüğət fondu və qrammatik quruluşu ilə görürük: “Qoşa badam sığmayan dar ağızlum, Qurulu yaya bənzər çatma qaşlum, Güz almasına bənzər al yanaqlum…”.
“Bu, min üç yüz il bundan əvvəlki dilimizin bugünkü dilimizlə səsləşməsidir. Heç bir Avropa milli dilinin başlanğıcı bugünkü şəkli ilə bu qədər səsləşmir. Bu, Azərbaycan türkcəsinin altı əsr ondan (”Dədə Qorqud kitabı”ndan) sonrakı XIII əsr nümunəsi: Şəha, şirin sözin qılur Misirdə bir zaman kasid; Başumdan getmədi hərgiz sənünlən içtigüm badə; Necəsin, gəl, ey yüzi ağum bənüm. Sən əritdün odlara yağum bənüm… Hüsn içündə sana manənd olmaya, Əsli yuca, könli alçağum bənüm (I.Həsənoğlu). Bu, XIV əsr: Haqqa şükür, qoçlarun dövranıdur, Cümlə aləm bu dəmün heyranıdur, Gün batardan gün doğan yerə dəkün Eşq ərinün bir nəfəs seyranıdur (Q.Bürhanəddin). Bu da XV əsr: Dodağun qənd imiş, bal anda neylər, Nə nazik xətt imiş, xal anda neylər; Çoq dualar qılmışam mən xaliqün dərgahinə, Çün muradım hasil olmaz, mən duanı neylərəm (I.Nəsimi). Milli deyilən dil kimi XIII-XIV əsrlərdən XIX-ya kimi inkişaf yolu keçən Avropa dillərindən heç birində əsrlər arasında bir-biri ilə bu qədər səsləşmə, bir-birinə bu qədər yaxınlıq yoxdur”(Tofiq Hacıyev, professor).

Türki, Türk dili, tatar dili, Azərbaycan türkcəsi… 

Türkoloq T.Hacıyev onu da qeyd edir ki, “dilçilikdəki məlum qəliblə desək: M.Füzuli Azərbaycan milli ədəbi dilinin banisidir. Bu o deməkdir ki, M.Füzuli dilinin qrammatik quruluşu və əsas lüğət fondu Azərbaycan-türk millətinin (bu, eynən Azərbaycan xalqı deməkdir) dilinin əsasıdır və müasir milli Azərbaycan ədəbi dilinə uyğundur”.
XVI əsrdə hakimiyyətə gələn Səfəvi hökmdarı, böyük Azərbaycan şairi Şah Ismayıl Xətai Azərbaycan türkcəsini tarixdə ilk dəfə rəsmi dövlət dili elan etmişdir. Rus alimi V.V.Bartold 1912-ci ildə yazırdı: “…xanədanın təşəkkül etdiyi yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı.”
Bununla bağlı XVI əsrdə Aşıq Qurbani yazırdı:

Bu dünyada sahib-zaman
O dünyada cənnət-məkan,
Qoy var olsun  ürki-zəban,
Şah Xətai, şah Xətai!

Əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir. Azərbaycan dili uzun müddət “türki”, “türk dili”, “Azərbaycan türkcəsi”, bəzən isə “tatar dili”, “Qafqaz tatarlarının dili” (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır.
1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1921-ci ildə isə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur və oraya dövlət dili haqqında maddə salınmır. 1924-cü ildə Mərkəzi Icraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.
1936-cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunun əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xüsusi maddə olmasa da, 1936-cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir.
1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına aşağıdakı məzmunda maddə əlavə edilir: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir…”

500 min rusdilli adam…

Ölkəmiz müstəqillik qazandıqdan sonra 1992-ci il “Dövlət dili haqqında qanun”la Azərbaycan Respublikasında rəsmi dövlət dili Türk dili elan olundu. 1995-ci ildə keçmiş ölkə başçısı H.Əliyevin sədrliyi ilə yaradılmış Konstitusiya komissiyasının ən çox müzakirə etdiyi məsələ dövlət dili məsələsi idi. Nəhayət, noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuş konstitusiyada Türk dili əleyhdarlarının istəyi baş tutdu, rəsmi dövlət dili Azərbaycan dili kimi təsdiqləndi.
Bu gün ölkədə Azərbaycan dilinin tətbiqi ilə bağlı vəziyyət çox ürəkaçan deyil. “Sovet imperiyasının vahid dili rus dili idi. Istəyirdilər, hamı bu dili sevsin, bu dildə danışsın. Buna müəyyən mənada nail olublar da. Təkcə Azərbaycanda 500 min rusdilli adam var. Onlar Azərbaycan mədəniyyətinə, siyasətinə inteqrasiya oluna bilmirlər. Indi də çox nazirlər var ki, öz doğma dillərini bilmirlər… Heç Afrikada da belə şey ola bilməz. Hazırda Azərbaycan dilində 70 minə yaxın söz toplanıb. Amma dilimizdə ərəb tərkibli sözlər çoxdur. Dialektlərdən yeni sözlər almaq lazımdır. Ona görə də Seyfəddin Altaylının ”Azərbaycan dilinin ensiklopediyası” adlı 5000 səhifəlik kitabı buraxılacaq. Cənub, Şimal, Borçalı, Dərbəndli, Kərkük – bütün bölgələrdə işlənilən sözlər burada yer alacaq. Biləcəyik ki, söz xəzinəmiz nə qədərdir. Nə qədər söz ədəbi dildə işlənir və s.”(Ramiz Əskər, filoloq).
Dilçi alim Fəxrəddin Veysəlli isə deyir: “Bizim alimlər lüğət toplamaqla məşğuldurlar. Amma o dövr keçib. Indi dildə sözün çoxluğuyla dünyaya meydan oxumaq olmaz. Danışıq dilinin əsaslarını işləyib hazırlamaq lazımdır. Çalışmaq lazımdır ki, danışıq dili alət kimi işlənsin və ölkəyə gələnlər də bundan istifadə etsinlər”.
Dil hər bir xalqın milli atributları sırasında ən önəmli yeri tutur. Onu zərərli təsirlərdən qorumaq və milli yaddaş tarixi olaraq yaşatmaq xalqın mövcudluq şərtlərindən biridir. Dilin hakimiyyəti, nüfuzu və yaşam şərti bütün hallarda ona sevgidən keçir. Baxın, böyük Azərbaycan şairi Şəhriyar öz ana dilini necə tərənnüm edirdi:
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri oxuyanlar, eşidənlər kəsil olmaz.
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair paxıl olmaz.
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.
Azər qoşunu qeysəri-Rumu əsir etmiş,
Kəsra sözüdür, bir belə tarix nağıl olmaz.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir