Türkiyənin yeni hədəfləri açıqlandı

Əhməd Davudoğlu: «Biz yeni dünya düzəninin bünövrəsini qoyacaq liderlərdən biri olacağıq»

 

Dünyanın 180 ölkəsində çalışan Türkiyə diplomatlarının Ankarada keçirilən toplantısında çıxış edən xarici işlər naziri Əhməd Davudoğlu onun ölkəsinin siyasi strategiyasının prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, Türkiyə beynəlxalq məsələlərdə öz mövqeyi və siyasi kursu ilə ağsaqqallıq etməyə iddialıdır.
Xarici siyasət idarəsinin rəhbəri Türkiyənin qlobal aləmdə baş verə biləcəkləri əvvəlcədən duyan və problemlərin həlli üçün alternativ məsləhətlər verən dövlət olduğunu bildirib: “Türkiyə özünü, böhranları, hətta onlar baş verməzdən əvvəl sezən və incə diplomatiyanın köməyilə çözüm gətirən bir ölkə kimi görür”.
Nazir ölkəsinin iddialarının çox olduğunu da gizlətməyib. O, Türkiyənin iştirakı olmadan yeni dünya düzəninin yaradılmasını gözləmək fikrində olmadığını da söyləyib: “Əgər yeni dünya sistemi olacaqsa, biz bu düzənin bünövrəsini qoyacaq liderlərdən biri olacağıq”. Davudoğlu Türkiyənin parçalanmış dünyanı birləşdirmək qüdrətində olduğunu bildirib.
Diplomatlar önündə çıxış edən Əhmət Davudoğlu dünya güclərinə mesaj yollamağı da unutmayıb. O, heç kimin Türkiyəylə şərtlə danışa bilməyəcəyini vurğulayıb: “Bizi ya Kipr, ya da Avropa Ittifaqı… seçimi qarşısında qoymaq lazım deyil. Çünki heç bir ölkə Türkiyəyə onun istəmədiyini qəbul etdirə bilməz”.

İnformasiya şöbəsi