Nəriman Nərimanovun tarixdəki yeri
(I yazı)
Yetmiş illik Sovet hakimiyyəti boyunca Azərbaycan tarixi darmadağın edilmiş, gerçək tarix yerinə bizə Rusiyanın imperiya ideologiyasına uyğun tarix yazılmışdı. Imperiya maraqlarına, eləcə də qırmızı imperiya siyasətinə uyğun olaraq, bu tarixdə, Azərbaycanın Türklüyünə, Türk varlığına yer yox idi. Azərbaycana onun tarixi Türk varlığından uzaq, bu varlığa bütünlüklə yad tarix yazılırdı.
Bizim gerçək tariximiz Sovetlərin dağılmasından, Azərbaycanın bağımsızlıq qazanmasından sonra yazıla bilərdi. Ölkədə milli demokratik hökumətin qurulması, neft-qaz başda olmaqla böyük doğal resurslar da buna geniş yol açır, gərəkən olanağı yaradırdı. Elm-bilim alanında axtarış-araşdırma işlərinə böyük pullar ayırmaqla tezliklə ortaya sanballı tarix kitabları çıxarmaq olardı. Olmadı. 1993-dən ölkədə antimilli rejim qurulması üzündən.
Milli Elmlər Akademiyası, Tarix Institutunun direktoru, deputat Yaqub Mahmudov deyir: “Mən on ildir Azərbaycan tarixi, erməni yalanlarını ifşa edən mühüm tarixi kitabların nəşri ilə bağlı Azərbaycandakı imkanlı insanlara üz tuturam. Təhqir də görürəm”. Özünün dediyinə görə, Y.Mahmudov “Azərbaycan tarixi, erməni yalanlarını ifşa edən mühüm tarixi kitablarının nəşri ilə bağlı” on ildən bəri Azərbaycanın pullu adamlarına üz tutur, onlardan yardım yerinə TƏHQIR görür. Olduqca acınacaqlı faktdır, deyilmi? Tarix Institutunun direktoru, deputat ölkə üçün çox gərəkli bir işdən ötrü özünü dilənçi yerinə qoyur, TƏHQIRLƏ qarşılaşır!
Birinci, antimilli rejim siyasətləri üzündən indiki Azərbaycanın pullu adamları sözü gedən kitablara – bütövlükdə milli mədəniyyət faktoruna yad kimsələrdir. Ikinci, antirejim qulluqçularından biri olan akademik, deputat Y.Məmmədovdan soruşan gərək: kimdən kimə gileyləndiyini bilirsənmi? Belə bir gileydə bulunmaq hüququnu qazanmısanmı? Azərbaycan elminə dövlət büdcəsindən ən aşağı ayırmalarla bağlı (0,4 faiz!) bircə yol MM tribunasından çıxış etmisənmi? Elmə bu simvolik ayırmanı qınamısanmı? Sözsüz, yox. Milyardlarla neft-qaz pullarının oğurlandığı bir ölkədə, başqaları bir yana, akademik deputatların ən azı susmaqla oğurluq ortağına çevrildiyi ölkədə hansı düzgünlükdən danışmaq olar? Azərbaycan tarixi əliyevçi rejim seçkiləri kimi saxtalaşdırılır. Məmməd Əmin kimi böyük milli liderlər tarixdən qovulur, başqaları bir yana, akademik-alimlər susur….
Türkiyəli diplomat Turqut Ər çağdaş Azərbaycanın gerçək tarixini yazıb. Bununla bağlı görün o nə deyir: “Azərbaycan tarixinin saxtalaşdırılmaması üçün bu kitabı yazmışam”. Turqut Ər də Azərbaycanın tarixinin saxtalaşdırıldığını görür. Bunu, sözsüz, bizdə də hamı, başlıcası, tarixçilər görür. Ancaq onlar susurlar. Onlar susduqlarına görə Turqut Ər danışır. Tarix saxtalaşdırılırkən susanlar tarixi saxtalaşdıranların göstərişilə Turqut Ərə qarşı çıxırlar. Acınacaqlı bir görsəniş!
T.Ər kitabında konkret faktlardan çıxış edərək H.Əliyev hakimiyyətini birbaşa Moskvaya bağlı kommunist-KQB hakimiyyəti, onun törəməsi, ardıcılı olaraq göstərir. Kitabın belə yerlərindən birində o, görünür, yetərincə bilgisi olmaması üzündən Nəriman Nərimanovla bağlı yanlışa yol verir. Kommunist sistemin Azərbaycandakı “etnik qarışığı olan kimsələr” üzərində qurduğu kadr siyasətindən yazırkən o, bildirir: “Mircəfər Bağırov, Nəriman Nərimanov, Heydər Əliyev belələrindən idi”. Turqut bəy bu yerdə yanılır – N.Nərimanov “belələrindən” deyildi. Onu “belələrindən” olmadığına görə də öldürdülər.
N.Nərimanov Nazim Hikmət kimi, dünyanın bir çox ünlü adamları kimi solçu ideyalara tapınaraq dünya kommunist hərəkatına qatılan böyük Türk lideri idi. Onun öldürülməsinin başlıca nədəni də bu idi – Türk lideri olaraq tanınması! Türk lideri olaraq N.Nərimanov Azərbaycandan Volqaboyunadək çox geniş çevrədə sevilən, sayılan kimsə idi.