Sülhəddin Əkbər: “Biz mübarizə aparmağın tərəfdarıyıq və hədəfimiz mövcud hakimiyyətin dəyişdirilməsidir”
İbrahim İbrahimli: “Onlar ölü bir ideyanı ortaya atmaqla indiki status-kvonu qorumağa çalışırlar”
Qabil Hüseynli: “Kimlərsə kimlərəsə süni yarlıq yapışdırmaq istəyir”
Müsavat Partiyasında baş verən son istefalar birbaşa müxalifətin inteqrasiyası və konkret Xalq Cəbhəsi və Müsavat partiyalarının birləşmə məsələsilə bağlı deyil. Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bu istefaların mahiyyətini “Turan”a şərh edərkən bildirib.
Onun sözlərinə görə, istər Müsavat Partiyası Ali Məclisinin keçmiş sədri Sülhəddin Əkbər və istərsə də partiya Divanının keçmiş üzvü Ibrahim Ibrahimli hələ müxalifətin inteqrasiya məsələsi gündəmə gəlməmiş Azərbaycanda siyasətlə məşğul olmağın perspektivsizliyini, normal siyasi rəqabət şəraiti olmadığı üçün siyasətdən kənarlaşacaqlarını bildiriblər. Arif Hacılı bu şəxslərin normal həyat yaşamaq üçün xaricə və konkret olaraq Türkiyəyə gedəcəklərini söylədiklərini də nəzərə çatdırıb.
Sülhəddin Əkbərsə “Azadlıq”a açıqlamasında Arif Hacılının fikirlərinin əsassız olduğunu bildirib. “Biz istefamızla bağlı bəyanat yaymışıq. Həmin bəyanatda da açıq şəkildə göstərilib ki, biz mübarizə aparmağın tərəfdarıyıq və hədəfimiz mövcud hakimiyyətin dəyişdirilməsidir. Elə bu səbəbdən biz müxalifətin birliyinin tərəfdarı kimi çıxış etmişik. Lakin partiya rəhbərliyi ilə aramızda strateji fikir ayrılığı olduğuna görə istefa vermişik”.
İbrahim İbrahimli də istefasının deyilən səbəblə bağlı olmadığını vurğulayıb: “Bizim bəyanatımız və bəyanatdakı sərtlik ortadadır. Bu gün də Müsavatın rəhbərliyi bu cür sərt bəyanat verə bilməz. Biz siyasətdən getdiyimizi bəyan etməmişik. Biz bəyan etmişik ki, ciddi siyasi fəaliyyətlə məşğul olmaq əzmindəyik, müxalifətin birliyinin, ümumxalq hərəkatının yaranmasının tərəfdarıyıq. Amma onlar siyasi perspektivə inanmırlar. Onlar ölü bir ideyanı ortaya atmaqla indiki status-kvonu qorumağa çalışırlar. Bizim onlar arasındakı fərq də budur”.
Arif Hacılı Müsavat başqanının müavini Qabil Hüseynli ilə Divan üzvü Adil Qeybullanın da istefasın eyni səbəblə izah edib. “Bu istefalar heç də müxalifətin inteqrasiyası məsələsindən yox, ölkədə yaranan anormal siyasi şəraitdən, siyasi rəqabətin olmamasından irəli gəlib və bu istefaları ölkədəki avtoritar rejimin əqidəsinə görə insanları ən adi hüquqlardan məhrum etməsilə əlaqələndirmək daha düzgün olardı,- Müsavat funksioneri bildirib.
Bundan əvvəlki açıqlamasında isə o, dolayısı ilə Qabil Hüseynli və Adil Qeybullanı partiyanın hakimiyyətlə münasibətləri yaxşılaşdırması kimi təşəbbüslərdə bulunmaqda suçlayıb. Arif Hacılı konkret ad çəkməsə də, açıqlamanı Qabil Hüseynli və Adil Qeybullanın istefası kontekstində verdiyinə görə ittihamların məhz bu şəxslərə yönəldiyi açıq aydın sezilir.
Qabil Hüseynli isə Arif Hacılının ittihamlarının absurd olduğunu bildirib: “Şəxsən mən belə təklif irəli sürməmişəm. Əksinə, mən başqa təkliflər eşitmişəm. Məsələn, parlament seçkilərində mən Tərtərdən namizədliyimi irəli sürəndə dostlarımızdan biri – ad çəkmək istəmirəm – mənə dedi ki, Tərtərə getməyə dəyməz MSK yaxındı, ora gedib mandatı almaq lazımdır. Əlbəttə ki, mən bu təklifi qəbul edə bilməzdim. Çünki AXCP ilə Müsavat arasında kompromis alınması üçün 23 saylı dairədən imtina edərək Tərtərə getmişdim. Nəticə də bu oldu ki, məni heç qeydiyyata da almadılar. Demək istəyirəm ki, belə ağzıgöyçəklik edənlər olur. Kimlərsə kiməsə süni yarlıq yapışdırmaq istəyir”.Qabil Hüseynli onu da əlavə edib ki, istefaları heç də siyasi perspektivə inamsızlıqdan irəli gəlməyib: “Biz istefamızla bağlı bəyanat yaymışıq və orada bu addımımızın səbəbləri açıqlanıb. Bizim istefamız partiya daxilində baş verən məsələlərlə, konkret olaraq Məclisə sədr seçkiləri ilə bağlı olub. Biz siyasətdən getməmişik. Bundan sonra da siyasi fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Mövqeyimiz də demokratik düşərgənin mövqeyindən fərqlənməyəcək”.
Azad