“Mübarizəni apar, nəticəsi mütləq olacaq”

Adnan Hacızadə: «Müxalifət partiyalarında mübarizə aparan insanlara qəhrəman kimi baxıram»

 

«Mənim həbsim siqnal idi ki, internetdə çox fəallıq etsəz, aqibətiniz belə olacaq»

Əvvəli ötən sayımızda

– Yəqin o da ağlına gəlməzdi ki, Obama və Klinton səviyyəsində adamlar sənin azadlığın üçün xahiş edəcəklər?
– Nə vaxtsa belə bir şeyin baş verəcəyi ağlıma gəlməzdi.  Hətta fikirləşirəm ki, mən buna layiq deyiləm.  Azərbaycanda bir çox insanlar bu mübarizə yolunda məndən daha çox iş görüblər. Daha çox əziyyət çəkiblər, risklərə gediblər, qurbanlar veriblər. Sadəcə mənim bu məsələdə bəxtim gətirdi. Tomas Fridmanın “Dünya hamardır” adlı əsəri var. Ordan belə bir nəticə çıxır ki, artıq bir çox regionlarda qlobalizasiya prosesi baş verib və qurtarıb. Və dünya hamarlaşır. Internet imkanları, mobil kommunikasiya, sosial şəbəkələr dünyanı balacalaşdırıb və bir-birinə çatımlı edib. Mən və Emin bu yeni yaranmış hamar dünyanın üzvləriyik. Ikimiz də xaricdə təhsil almışıq. Emin beş xarici dil bilir. Mən bir neçəsini bilirəm. Xaricdə bir çox konfranslarda iştirak etmişik. Bir çox əcnəbi professor tanışım var. Bəzi insanlar deyir ki, sizin həbsinizlə bağlı xaricdə daha çox səs-küy qopdu, nəinki Azərbaycanda. Hadisə baş verəndə xaricdəki tələbə yoldaşlarım yaxınlarımla əlaqə saxlayıb həbsimlə bağlı məlumat almışdılar. Sonra dərhal xaricdəki universitetin professorlarına çatdırdılar ki, bizim keçmiş tələbəmiz haqsız yerə tutulub. Professorlar yığışıb senatorlara məktub yazdılar. Senatorlar da bu məsələni Hillari Klintonun qarşısında qaldırdı. O da Barak Obamaya çatdırdı.
Bu, demokratik cəmiyyətlərin necə işləməsinin strukturudur.  Nə Barak Obama, nə də Hillari Klinton bizi şəxsən tanıyır. Ola bilər ki, onların Azərbaycanla bağlı maraqları tam başqadır. Amma bizim məsələmiz Amerikanın öz vətəndaşları tərəfindən qaldırılmışdı. ABŞ hökumətinin başçıları da vətəndaşları qarşısında məsuliyyət daşıyırlar. Çünki demokratik yolla seçilmiş liderlərdilər. Ona görə Obama və Klinton bizimlə bağlı bəyanat verdi. Bu, göstərdi ki, demokratiya deyilən dəyər var və bu işləyir. Bəyanat yayıldı və nəticə göz qabağındadır. Biz nə tanınmış ictimai xadim, nə də dünyaca məşhur insanlarıq. Martin Lüter Kinqin bir sözü var – hansısa bir yerdə baş verən haqsızlıq bütün dünyada haqqa olan təhlükədir. Amerikada da bunu belə qiymətləndirirlər.

– Sənin və Eminin həbsi ilə bağlı doğrudan da çox güclü piar kampaniyası getdi. Siyasi proseslərdə iştirak etməyən, hətta sizi tanımayan gənclər belə, ən azı, virtual məkanda müdafiənizə qoşuldular. Belə çıxır ki, sizi həbs etməklə hakimiyyətin internet məkanındakı fəal gənclərin gözünü qorxutmaq cəhdi əks-effekt verdi.
– Gənclər bizə qarşı olan haqsızlığı özlərinə qarşı olan haqsızlıq kimi qəbul etdilər. Onlar gördülər ki, biz hər hansı partiyanın üzvü deyilik, seçkilərdə iştirak etməmişik, siyasi fəaliyyətimizlə fərqlənməmişik. Bizim fəaliyyətimiz ancaq internetdə idi. Ona görə bir çox insan bizi özlərinə yaxın qəbul etdi. Amma bunlar hamısı qapalı məkan olan internetdə baş verdi. Düzdür, bu, az deyil. Amma reallıq odur ki, virtual məkandan çox kənara çıxa bilmədik.

– Məgər, siyasi partiya üzvü olmaq, siyasi proseslərdə iştirak etmək Azərbaycan gənci üçün üstünlük deyil? Adnan Hacızadə də hakimiyyətin siyasətinə qarşı müxalifdir, müxalifət partiyasında təmsil olunan hər hansı bir gənc də. Sadəcə, sən etirazını fərdi şəkildə bildirirsən, onlar başqaları ilə birlikdə təşkilatlanmış formada.
– Müxalifət partiyalarının üzvü olan və mübarizə aparan insanlara qəhrəman kimi baxıram. Bu gün müxalifətdə olmaq xeyli dərəcədə fədakarlıq, mərdlik və qurbanlar tələb edir. Siz dediyiniz məqam təəssüf ki, bizim cəmiyyətdə mənfi bir stereotipdir. Mən təbii ki, bundan narazıyam. Iki müxalifət partiyasının gənclər təşkilatlarının üzvlərini yaxından tanıyıram. Onların mübarizəsini çox yüksək qiymətləndirirəm. Bu stereotip aradan qalxmalıdır. Müxalifət partiyasının üzvü olmaq, siyasi mübarizə aparmaq müsbət bir şeydir və bütün cəmiyyətlər üçün vacibdir.

– Xaricdə təhsil alan tələbələrimizin bir qismi getdikləri ölkələrdə qalmağa üstünlük verirlər, qayıdanlar isə əsasən loru dildə desək, “özünə gün ağlamaq” prinsipi ilə yaşayırlar. Sən niyə fərqli yolu seçdin?
– Xaricdə qalmaq haqqında heç vaxt düşünməmişdim. Təhsilimi başa vuran kimi dərhal geri qayıtdım. Debatlarda, vətəndaş cəmiyyətinə aid proqramlarda, qeyri hökumət təşkilatlarında fəaliyyətə başladım. Xaricdə oxumaq, yaxşı təhsil sənin üçün bir alətdir. Bu alətdən necə istifadə edəcəyini sən özün seçirsən. Ya qayıdıb ölkənə hansısa fayda verirsən, ya da siz deyən kimi, özünə gün ağlamqla məşğul olursan. Mən çox istəyərdim ki, xaricdə təhsil alan bütün tələbələrimiz Azərbaycana qayıtsınlar və vətəndaş cəmiyyəti quruculuğunda  fəal iştirak etsinlər. Azərbaycanda demokratiya, təməl hüquq və azadlıqlar sahəsində ciddi problemlər var. Bir-iki qəzeti və radionu çıxmaq şərtiylə söz azadlığı basqı altındadır. Iqtisadi azadlıqlar boğulur. Ədliyyə sistemində, məhkəmələrdə vəziyyət çox pisdir. Irili-xırdalı o qədər problem var və bunlara qarşı mübarizə aparmaq lazımdır.

– Sən özün bu mübarizənin nəticəsini necə görürsən?
– Jan Pol Sartrın “Ekzistensializm humanizmdir” məqaləsində maraqlı fikirlər var. Ondan da soruşublar ki, nədir bu mübarizənin nəticəsi? Deyib ki, mübarizənin nəticəsi haqqında çox düşünmə. Səndən asılı olanı ən yaxşı formada elə, nəticənin necə olacağını görəcəksən. Həqiqətən də, hər insan özündən asılı olanı artıqlaması ilə eləsə, sözsüz ki, müsbət dəyişikliklər olacaq. Bir sözlə, mübarizəni apar, nəticəsini mütləq görəcəksən. Məsələn, dindar insanlarda belə bir inanc var ki, mən əlimdən gələni edirəm, qalanı Allahdan asılıdır.
Böyük dəyişikliklər nəhəng tarixi hadisələrlə bir yerdə gəlir. Sən heç vaxt bilmirsən ki, bu nə vaxt baş verəcək. Mən nəticəni o qədər də düşünmürəm. Fikirləşirəm ki, bunu etmək mənim borcumdur. Vətəndaşlıq və insanlıq borcumdur.

– Sosial şəbəkələrdə aktivlik edən, fikrini cəsarətlə ifadə edən gənclərin bir çoxu niyə real həyatda mübarizədən kənarda qalır?
– Yəqin təzyiqlərlə üzləşmək, həbs olunmaq istəmirlər…

– Sən də istəmirdin, amma həbs olundun?
– Əlbəttə. Mən bir tərəfdən müsbət nümunə oldum. Çünki həbsdə yatdım, çıxdım və ən azından sağ çıxdım. Digər tərəfdən də bəzi gənclər fikirləşəcəklər ki, “bax, Adnan ancaq internetdə yazırdı, amma onu da tutdular”. Mənim həbsim açıq-aşkar siqnal rolunu oynayırdı ki, “baxın a, siz də internetdə çox fəallıq etsəz, aqibətiniz belə olacaq”. Bu plan nə qədər işlədi, bunu vaxt göstərəcək. Bir çox insanlar susdular, çəkildilər. Amma bir çoxu da yenidən proseslərə qoşuldu. Ətrafımızdakı uşaqlar daha sıx birləşdilər, daha güclü oldular. Ictimai sektor elədir ki, orada dəqiq hesablama aparmaq mümkün deyil ki, filan addımın təsiri nə qədər oldu. Amma yenə də hamımız öz nümunəmizlə göstərməliyik ki, dəyişiklik etmək mümkündür. Nə qədər də çətin olsa, ən azından bu istiqamətdə çalışmağa dəyər.

– Vəziyyət elə qorxulu idi ki, sən həbsxanadan sağ çıxa bilməmək haqqında düşünmüşdün?
– Mən iki fərqli təcridxanada oldum. Biri Kürdəxanıdakı istintaq təcridxanasıydı ki, burada hər şey həqiqətən də standartlara uyğun idi. Ən azından suyu vardı, istilik sistemi quraşdırılmışdı. Bayılda bunlar yox idi. Azərbaycanın ədliyyə sistemində xeyli problemlər var. Amma, hətta bu sistemdə belə, insanlığını qoruyub-saxlayan adamlar qalır. Sonra məni 14-cü kalona köçürdülər. Orada vəziyyət çox pis idi. Sovet vaxtından qalma çarpayılar, stullar… Müəssisənin üç tərəfi daş karxanasıdır. Onlar sutkada 8-9 saat işləyirlər. Bir az külək qalxan kimi cazəçəkmə müəssisəsində göz-gözü görmür, hər yeri toz basır. Bunun özü bir xəstəlikdir. Ədliyyə sistemində islahatlar gözlənilirsə, çox arzu edərdim ki, birinci oradan başlasınlar.
Bu kalonda mənə qarşı münasibət xüsusi deyildi. Nə mənfi, nə də müsbət mənada. Sıravi məhbus kimi yanaşırdılar. Məsələ ondadır ki, orada məhbuslar çox əziyyət çəkir. Isitmə və soyutma sistemindən tutmuş, ayaqyolunun vəziyyətinə qədər çoxlu problemlər var. Cəzaçəkmə müəssisəsi məhkum edilmiş insanı islah etmək üçündür. Belə ağır şərtlərdə saxlanılan məhbus necə islah oluna bilər?

Gültəkin Knyazqızı,
Foto Elmin Həsənlinindir