Muğam televiziya müsabiqəsi qayıdır

Müsabiqə fevralın 1-də canlı yayıma çıxacaq

 

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi olan Muğam televiziya müsabiqəsinə yenidən start verilib.
Bu barədə Lent.az-a müsabiqənin münsiflərindən biri, xalq artisti Mənsum İbrahimov deyib. Xalq artisti bildirib ki, yanvarın 5-də müsabiqənin seçim turu başa çatıb və 20-lik müəyyənləşib. Artıq üçüncü dəfədir keçirilən müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalır. Jüriyə Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Nadir Axundov daxildir.
M.İbrahimovun sözlərinə görə, əvvəl olduğu kimi, bu dəfə də seçim SMS-lə deyil, yalnız münsiflər heyətinin qərarı ilə aparılacaq.
Münsif üzvü onu da qeyd edib ki, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə fevralın 1-dən etibarən AzTV ilə canlı yayımlanacaq.
Xatırladaq ki, Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilib. İkinci dəfə 2007-ci ildə təşkil olunan müsabiqənin qalibləri isə Elməddin İbrahimov və Güllü Muradova olub.