Əliyevi Lukaşenkonun aqibəti gözləyirmi?

Hüseynbala Səlimov: “Belarusdan fərqli olaraq Azərbaycana mülayim münasibətin bəslənməsinin məlum geosiyasi səbəbləri var»

 

Belarusda keçirilən son prezident seçkisinə beynəlxalq təşkilatların sərt reaksiyası davam etməkdədir. Avropa Birliyi yenidən bu ölkəyə qarşı sanksiyaları bərpa etmək barədə düşünür. Belarus prezidenti Aleksandr Lukaşenko və bu ölkənin bir qrup vəzifəli şəxsinə qarşı daha əvvəl tətbiq etdiyi AB ölkələrinə giriş yasağını bərpa edə bilər. Xatırladaq ki, bir müddət əvvəl AB xarici işlər nazirləri şurası Belarusa münasibətdə pozitiv qərar qəbul etdi. Lakin seçkidən sonra baş verənlər çox güman ki, bu qərarın dəyişməsinə səbəb olacaq. Belə olan halda, 100-dən çox Belarus dövlət məmurlarının AB-yə girişi yasaqlanacaq.
Ötən il Belarusla yanaşı Azərbaycanda da seçki keçirildi. Hər iki hadisə ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, ABŞ Dövlət Departamentinin reaksiya sərt oldu. Təxminən on gün sonra ATƏT-in Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı yekun hesabat açıqlayacağı gözlənilir. Bu hesabatın da sərt olacağı ehtimalı çoxdur. Çünki seçkidən dərhal sonra hazırlanan ilkin rəydə Azərbaycan hökumətinə saxtakarlıqda iştirak edənlərin cəzalandırılması, şikayətlərə baxılması ilə bağlı tövsiyələr nəzərə alınmadı. Belədə, Belarusa olduğu kimi, Azərbaycana da oxşar münasibətin bəslənəcəyini gözləmək olarmı? Onu da qeyd etmək yerinə düşər ki, başa çatan ilin son günlərində ölkə başçısı Ilham Əliyev Azərbaycana qarşı təzyiqlərin artdığını da dilə gətirdi. Bu təzyiqlərin davamlı olacağı ehtimalı varmı?
Belarusa ədalətli münasibətin bəsləndiyini deyən siyasi ekspert Hüseynbala Səlimov Azərbaycanla bağlı durumun fərqli olduğunu qeyd etdi. Belarusdan fərqli olaraq Azərbaycana mülayim münasibətin bəslənməsinin məlum siyasi və geosiyasi səbəbləri var. Bu vaxta qədər rəsmi Bakıya qarşı sərt sanksiyaların tətbiq olunmamasının arxasında da məhz bu səbəblər dayanır.
Bu ay Avropa Şurasında Azərbaycandakı seçkilərin müzakirə ediləcəyini xatırladan ekspert yenə də reaksiyanın olmayacağını dedi. Ekspert bununla bağlı ciddi ümidlərə qapılmaq üçün əsasların olmadığını vurğuladı.
“Azərbaycanla bağlı həqiqəti deməyə başlayıblar”
Ölkə başçısının fikirlərinə toxunan ekspert Azərbaycana qarşı müxtəlif dövlətlərin cəmiyyətləri tərəfindən artıq real münasibətin bəsləndiyini də qeyd etdi: “Bir neçə il əvvəl Türkiyədə Azərbaycana qarşı kitabın çap olunmasını, hər hansı kəskin fikrin söylənilməsini gözləmək çətin idi. Indi sanki Türkiyə ictimaiyyəti, cəmiyyəti Azərbaycanı yenidən kəşf edib. Artıq tənqidi fikirlər səsləndirilir. Əminliklə demək istəyirəm ki, bu münasibət tez bir zamanda Türkiyə hakimiyyətinin siyasətinə də müəyyən dərəcədə təsir göstərəcək. Çünki Türkiyə demokratik dövlətdir. Hakimiyyət öz cəmiyyətində hökm sürən ovqata biganə qalmır. ABŞ mətbuatında dərc olunan məqalələri, WikiLeaks-in yazdıqlarını, Andres Herkelin kitabını da qeyd etmək lazımdır. Ancaq bunları təzyiq vasitəsi kimi qiymətləndirməzdim. Sadəcə olaraq onlar həqiqəti deməyə başlayıblar. Bu da irəliyə doğru ciddi bir addımdır”.
Ekspert bu baxımdan 2010-cu ilin əvvəlkilərdən xeyli fərqləndiyini deyir. Artıq Azərbaycana qarşı ehtiyatlı münasibət aradan qalxıb: “Azərbaycana maraq artıb. Artıq hökumətin könlünü almaq cəhdləri yoxdur. Həqiqəti deməyə çalışırlar, real fikirlər səsləndirilir. Gec-tez bu münasibət hökumətlərin siyasətində özünü göstərəcək”.

Fizzə