Jurnalistlərin binasının eskizləri hazırdır

Vüqar Səfərli: «Tikinti qurtarana yaxın kriteriyalar müəyyənləşəcək və sənəd vermək üçün elan veriləcək»

 

“Jurnalistlər üçün inşa olunacaq binaların eskiz layihələndirmə işləri artıq başa çatıb. Yaxın vaxtlarda bununla bağlı əlavə məlumat veriləcək”.
Bu barədə APA-ya KIV-in Inkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli bildirib. Onun sözlərinə görə, tikiləcək mənzillərin hansı meyarlarla bölünəcəyi hələlik müəyyənləşməyib: “Binaların tikintisinə başlansın, tikinti qurtarana yaxın kriteriyalar müəyyənləşəcək və jurnalistlərin sənəd verməsi üçün elan veriləcək”.
Fond rəhbəri deyib ki, binaların layihələndirmə işləri tam başa çatandan sonra tikinti işlərinə başlanacaq. Tikinti işlərini hansı şirkətin aparacağı da hələ müəyyənləşməyib.
V.Səfərli evsiz jurnalistlərə bina tikmək üçün ayrılan torpaq sahəsinin sürüşmə zonasında yerləşməsi ilə bağlı yayılan məlumatı şayiə adlandırıb: “Əgər həmin ərazi sürüşmə zonası olsaydı, orada böyük bir şəhərciyin salınması ilə bağlı qərar verilməzdi. Həmin ərazidə ARDNŞ-in da ona yaxın yaşayış binası var”.