“Bütün attestasiyalar qanuna zidd keçirilir”
“Bundansa, rüşvəti aradan qaldırsınlar, təhsili də qaydaya salsınlar”
Son vaxtlar ayrı-ayrı peşə sahiblərinin attestasiyası dəb halını alıb. Dövlət qurumları bir-birinin ardınca bütün işçiləri ələkdən keçirib “savadlı kadr” axtarışına çıxıblar. Iş təcrübəsindən asılı olmayaraq hamı imtahana çəkilir və nəticə pis olarsa, illərin mütəxəssisləri belə, işsiz qalmaq təhlükəsi ilə üzləşirlər. Nədənsə problemin kökünü savadsız kadr yetişdirən təhsil sistemində axtarmaq və bütün yoxlamaları və nəzarəti məhz o sahəyə yönəltmək heç kimin ağlına gəlmir. Halbuki təkcə təhsilin keyfiyyətli və rüşvətdən kənar olması problemin birdəfəlik həllinə təminat verə bilər. Əks halda insanlar yenə də rüşvət hesabına bütün bağlı qapıları açacaqlar.
“Attestasiya adı altında pul yığırlar”
Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev Azərbaycanda keçirilən attestasiyalarla bağlı birmənalı fikir bildirməyin çətin olduğunu deyir: “Çox vaxt məsələ absurd səviyyəyə qədər böyüyür. Attestasiya, imtahanlar və digər buna oxşar prosedurlar adı altında faktiki olaraq insanlardan pul yığılır. Və ya subyektiv mülahizələrlə kimlərsə zərərsizləşdirilir. Məsələn, bir həkim uzun illərdir – 15-20 ildir tibb sahəsində işləyir. Əməliyyatlar aparır, adamları qəbul edir, məsləhətlər verir, dərman yazır. Illər keçəndən sonra başlayırlar onun biliklərini yoxlamağa. O zaman sual yaranır, universitet və ya Səhiyyə Nazirliyi nə üçündür? Bu adamların qeyri-peşəkar olması ilə bağlı çoxsaylı şikayətlər var idisə, niyə bu vaxta qədər araşdırmamışdılar? Onların biliklərini kim yoxlayacaq? Yoxlayan adamların özləri yaxşı həkim, yaxşı hakim və ya yaxşı prokurordumu? Bəlkə imtahan verən hansısa tərifi bilmədi, bu o deməkdir ki, o pis mütəxəssisdir? Təəssüf ki, bizdə yuxarıda oturanlar, o cümlədən attestasiya keçirənlərin özlərinin peşəkarlığı yoxladıqları adamların peşəkarlığından irəli getmir”.
I.Əliyevin fikrincə, əsas problem ölkədə idarəçiliyin və təhsil sisteminin acınacaqlı vəziyyətdə olmasıdır: “Hamı pis həkimdir, pis prokurordur, pis hüquqşünasdır, pis müəllimdir yanaşması ölkədə təhsil sisteminin çox pis vəziyyətdə olduğunu göstərir. Niyə birdən-birə Səhiyyə Nazirliyinin ağlına gəlib ki, həkimləri yoxlamaq lazımdır? Niyə Amerika, Fransa demir ki, mən kütləvi yoxlamaya başlayıram? Vəziyyət çox pisdirsə, o zaman bunun kökü Təhsil Nazirliyində, Səhiyyə Nazirliyində, universitetlərdədir. Onu da yoxlamaq lazımdır ki, təhsil naziri, səhiyyə naziri, universitetin rektoru yerindədir ya yox? Qanunlar işləməyən ölkədə heç kim öz yerində olmur. Attestasiya keçirmək əvəzinə korrupsiyanı, rüşvəti aradan qaldırmaq, təhsili qaydaya salmaq lazımdır. O zaman bunların hamısı aradan qalxacaq, kütləvi pis mütəxəssis ifadəsi gündəmə gəlməyəcək. Hamı pisdirsə, demək bu ölkədə idarəçilik yoxdur”.
“Rüşvətxorluq, korrupsiya bu hakimiyyətin mahiyyətindədir”
Vaxtilə Attestasiya Komissiyasında işləmiş professor Nurəddin Məmmədli hesab edir ki, Azərbaycan kimi ölkədə attestasiyanın keçirilməsi heç nəyi həll etmir: “Mən işləyən illərdə buna bənzər sistem tətbiq etməyə başlamışdılar. Söhbət, müqavilə əsasında işəgötürmədən gedir. Institut rəhbərinə icazə verirdilər ki, istənilən işçi ilə müəyyən müddət üçün müqavilə imzalasın. Adətən, bir illik müqavilələr imzalanırdı və bu elmi işçiləri daim təzyiq altında saxlamaq məqsədi güdürdü. Çox zaman institut rəhbərliyində təmsil olunan savadsızlar dünyanın tanıdığı alimlərə qiymət verib onunla müqaviləni pozmaq, onu işdən kənarda qoymaq imkanı qazanırdı. Yeni sistem öz üzərində işləməyən, müasir texnologiyaları öyrənməyən, son nailiyyətləri öz işində tətbiq etməyən adamlara qarşı yönəlsə, bunu normal qəbul etmək olar. Azərbaycan hüququnun mərkəzi olan Respublika Prokurorluğunda 20 nəfərdən ibarət bir şöbədə cəmi üç nəfər adam bu attestasiyadan keçib. Görün, bu ölkədə hüquq sistemi hansı vəziyyətdədir? Problem ondadır ki, pulla institutu bitirənlər yenə pul verib bu mərhələni də keçəcəklər. Rüşvətxorluq, korrupsiya bu hakimiyyətin mahiyyətindədir”.
N.Məmmədli hesab edir ki, problem heç də savadlı kadr problemi deyil: “Dövlət qulluğuna imtahan verən adamlar tanıyıram ki, birinci mərhələdən – testdən uğurla keçiblər, ikinci mərhələdən keçməsinə imkan verməyiblər. Birinə demişdilər ki, sənin enerjin həddən artıq çoxdur, xaricdə oxumusan, təcrübən var. Bizim nazirliyə başını aşağı salıb oturan adam lazımdır. Bunların əsl mahiyyəti bax budur”.
“Hər nazir özündən bir qanun çıxarıb tətbiq edir”
Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə keçirilən attestasiyaların qanunvericiliyə zidd olduğunu deyir: “Əvvəlcə normativ sənəd, qanun qəbul olunmalıdır, sonra da bunun əsasında nəyisə tətbiq etməlidirlər. Qüvvədə olan Əmək Məcəlləsində attestasiya keçirmək qaydaları qeyd olunub. Bununla bağlı Nazirlər Kabinetinin də xüsusi qərarları var. Məcəllədə yazılır ki, işçi işə qəbul olunandan bir il sonra attestasiyadan keçirilə bilər. Sonrakı dövrdə də hər üç ildən bir. Üç dəfə attestasiyadan keçən bir daha attestasiya olunmur. Hələ ki, bu sahəni bundan başqa tənzimləyən normativ sənədimiz yoxdur. Bu baxımdan hazırda bütün attestasiyalar qanuna zidd keçirilir. Bunu keçirmək zəruridir, zəruri deyil, bu, artıq başqa məsələdir.
Məsələn, Səhiyyə Nazirliyinin arqumenti budur ki, naşı həkimlər çoxdur, bunlar attestasiyadan keçsə, bilikləri artacaq. Əks tərəfin də arqumenti budur ki, burada total pozuntular, əyriliklər, korrupsiya, tapşırıq halları var. Bunların hamısı diskussiya mövzusudur. Amma məsələ ondadır ki, hazırkı qanunvericilik bunun əleyhinədir. Qanun demir ki, bütün həkimləri bir ay ərzində attestasiyadan keçirmək lazımdır. Həkim var ki, üç dəfə attestasiyadan keçib. Onu təzədən sınağa çəkmək olmaz, qanunvericilik buna imkan vermir”.
S.Məmmədovun sözlərinə görə, müəssisələr və dövlət qurumları işə qəbulla bağlı qaydalar müəyyən edə və buna uyğun olaraq seçim prosesini imtahanlarla keçirə bilər. Amma işə qəbul olunmuş işçini yenidən imtahana çəkmək olmaz: “Qanun qalıb qıraqda, hər nazir özündən qanun çıxarıb tətbiq edir”.
Gültəkin