“Los-Angeles Times”da “İslam təhlükəsi” barədə məqalə necə işıq üzü görüb?
Fuad Qəhrəmanlı: «Hakimiyyət dini radikalizmin olduğu ilə bağlı fikir yaratmaqla, demokratik təzyiqləri neytrallaşdırmağa çalışır»
“Los-Angeles Times” qəzetinin Azərbaycanda hicaba qoyulan qadağaya və bu məsələ ətrafındakı gərginliyə toxunması bir sıra suallar doğurmamış deyil. Belə ki, vaxtaşırı Azərbaycan hakimiyyətinin lobbist yazılarına səhifəsində yer verən bir nəşrin birdən-birə belə mövzuya toxunması və problemi təqdim etməsi maraqlıdır. Azərbaycan hakimiyyətinə qarşı ölkədə ciddi radikal Islam təhlükəsinin olduğunu vurğulayan qəzetə görə məhz bu məqam ölkəmizin dünyəvi dövlətə çevrilməsinin qarşısını alır. Bundan başqa, məqalədə qeyd olunur ki, Azərbaycan ABŞ və Israil ilə sıx əlaqələr saxladığına görə Iranın qəzəbinə gəlir. Bu üzdən də Iranın dini çevrələri ölkədə dini zəmində inqilabın reallaşdırılmasında maraqlıdır. Baş verənlərin fonunda belə nəticəyə gəlmək olar ki, son günlər hakimiyyətin insanların dini hissələri ilə oynaması və hicab problemini qabartması təsadüfi deyil.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da bu fikirdədir. O da hesab edir ki, hakimiyyət Azərbaycanda dini radikalizmin olduğu ilə bağlı fikir yaratmaqla özünə qarşı ola biləcək demokratik təzyiqləri neytrallaşdırmağa çalışır: “Hakimiyyətin daxildəki problemi daimi istifadə etdiyi xarici mətbuat orqanı vasitəsilə Qərbə çatdırması bir daha sübut edir ki, hicab probleminin qabardılmasının arxasında məhz hakimiyyət dayanır. Iqtidar Azərbaycanda Islam təhlükəsinin olduğu ilə bağlı fikir formalaşdırmaqla Qərbdən müəyyən məsələlərdə güzəşt gözləyir. Halbuki bu proyektin heç bir real əsası yoxdur. Vaxtilə Islam Kərimov da Özbəkistanda eyni taktikadan istifadə etmişdi. O zamanlarda Ingiltərənin Özbəkistanda səfiri olmuş diplomat xatirələrində yazır ki, Islam Kərimov kiçik dini qruplar yaradırdı, daha sonra isə onlara qarşı mübarizə apardığı imici formalaşdırırdı”.
Azərbaycanda keçirilən son seçkinin bir daha xalqın liberal dəyərlərə üstünlük verdiyini göstərdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, hakimiyyətə real müxalifət məhz demokratik qüvvələrdir: “Görünür, hakimiyyət eyni zamanda bu fikri yaratmaqla Qərbdən sərbəst toplaşmaq azadlığının bərpası ilə bağlı təzyiqləri neytrallaşdırmağa çalışır. Əgər hansısa dini qrup ölkə ərazisində qanunsuz fəaliyyət göstərirsə, dövlətin borcu onlara qarşı mübarizə aparmaqdır”.
Xəyal