Gürcülərin Əliyev sevgisi (IV YAZI)

Tiflisdə ən bahalı hotel bizimkilərindir; orada da Heydər Əliyevin adına büst və park var; çaxırları ilə Saakaşvilini verib əvəzində nefti istəyirlər, hətta Ilham Əliyevi də almağa razıdırlar…

 

Hər gün iki saat efirə çıxan müxalifət liderləri yenə də narazıdır…

Üç günlük Gürcüstan səfəri məndə elə təəssürat oyadıb ki, qarşıma çıxan insana ora getməyi məsləhət görürəm. Gedin, gəzin və görün. Saakaşvili necə demokratik bir respublika qurub. Kim inanardı ki, qonşu ölkə qısa zamanda belə çiçəklənəcək? Təbii ki, heç kim. Amma hər kəs bunun daha röya olmadığını dərk edir. Gürcüstan mənə gözəl diyarı, Saakaşvili isə nənəmin uşaq vaxtı danışdığı yaxşı padşahı xatırladır. Hə, yadımdadır, nənəm deyərdi ki, sən böyüyəndə yaxşı padşahın kim olduğunu biləcəksən. Demirəm ki, Gürcüstandan demokratik bir ölkə yer üzündə yoxdur. Var, üstəlik, gürcülərin kifayət qədər də əyər-əskikləri də var. Amma bununla belə, onlar eniş-yoxuşları düzəltmək istəyirlər. Və buna nail də olurlar. Əsas budur ki, istək olsun. Təmiz qəlblə istənilən problemi həll etmək olar. Bax, gürcülərdə bu alınır…
Müxalifəti narazı olan gürcülər
Hər yerdə olduğu kimi, oranın da müxalifəti hakimiyyətdən narazıdır. Amma onların nədən narazı olduğunu eşidəndə lap dəli oldum. Adam bu qədərmi naşükür olar? Fikir verin, gürcü müxalifəti nədən narazıdır. Hər gün onlara iki saat verilən efirdən. Bu lap dəhşətdir. Ən radikal qanad hər gün iki saat televiziyaya çıxıb xalqa səsləniş etməsini yenə də az sayır. Bunları gürcülərdən eşidəndə gözümün önünə Əli Kərimli, Isa Qəmbər gəldi. Sonuncu dəfə bu iki lideri nə vaxt televiziyada gördüyümü xatırlaya bilmədim. Amma gürcü müxalifəti elə hey narazıdır. Amma adamın üstündə Allah var. Onlar Saakaşvilinin ölkədə korrupsiyanın kökünü kəsdiyini, rüşvəti azaltdığını etiraf edirlər. Amma bununla yanaşı efir saatlarının artırılmasını da tələb edirlər.
Müxalifət üçün istənilən şərait yaradılıb. Kimliyindən asılı olmayaraq, hər kəs etirazını açıq şəkildə ifadə edə bilər. Mitinqlərin keçirilməsinə heç bir qadağa yoxdur. Sən 1000 nəfərlə aksiya keçirirsənsə, kimsəyə xəbərdarlıq etməyə gərək yoxdur. Yox, əgər sən daha çox insanı şəhərin mərkəzi meydanına toplayırsansa, bir neçə gün öncə meriyaya xəbər verməlisən. Bununla da iş bitdi. Qaldı etirazçıları meydana yığmaq. Polis də zəhmət çəkib gəlir sənin təhlükəsizliyini təmin etməyə. Hələ bu azmış kimi, daşınan ayaqyolu da gətirirlər ki, insanlar etirazları ilə yanaşı təbii ehtiyaclarını da ödəyə bilsinlər. Bizdə narazılar nəinki belə rəftar görür, hətta döyülürlər də. Gürcülər isə piket və mitinqlərdə döyülmələrini artıq unudublar. Elə bilirlər ki, sonuncu dəfə polisin dəyənək qaldırması bir əsr öncə olub.

Yenə büst, yenə park…

Bakıda gözümüzü mazol edən Heydər Əliyevin büst və heykəlləri Gürcüstanda da mənə gün verib, işıq vermədi. Dostlarla şəhəri gəzərkən Şeytanbazar adlanan məhəllənin yanına çatdıq. Məlum oldu ki, burada da Heydər Əliyevin büstü və adına park var. Sən demə, parkı iki gözətçi də qoruyur. Günün bütün saatları asayiş keşikçilərinin nəzarətində olan parka, qeyri-rəsmi məlumatlara görə, 2 milyondan artıq pul xərclənib. Ərazisi o qədər də böyük olmayan parka bu qədər pulun sərf edilməsi məni bir daha düşünməyə vadar etdi. Və anladım ki, hökumət xalqın pulunu təkcə Azərbaycanda deyil, bütün dünyada heykəl və parklara xərcləyir. Yadınızdadırsa, bir neçə il öncə eyni adlı park Rumıniyada da salınmışdı.
Heydər Əliyev adına parkın arxasında yaraşıqlı bir hotel inşa edilib. Məlum oldu ki, bu hotel azərbaycanlıların olmaqla yanaşı, həm də Tiflisin ən bahalı hotelidir.
Ümumiyyətlə, Tiflisdə insanın nəyə tələbatı varsa, o şeylər ucuzdur. Elə hotellər də. Gürcüstanda ən bahalı hotel 180 laridən (90 manat) baha deyil. Bayram günləri hotellərin qiyməti iki dəfə bahalaşsa da, bununla belə yenə bizdən ucuz olur. Bayram günü Tiflisdə naharsız-filansız 40 lariyə (20 manat) hoteldə qalmaq mümkündür.
Kirayə verilən evlər də ucuzdur. Dostlarımızdan biri Kür çayının yaxınlığında üç otaqlı kirayə evə aya 450 lari (225 manat) ödəyir. Üstəlik, həftədə bir dəfə xadimə otaqları təmizləyir. Bakıda belə bir evin kirayəsinə ən azı 1500-2000 manat lazımdır.
Benzin bizdəkindən iki dəfə bahadır. 1 litr benzin 2 lari 40 tetriyədir, yəni 1 manat 20 qəpiyə. Amma bununla belə, taksilər çox ucuzdur. Tiflisin istənilən bir nöqtəsindən digərinə ən uzağı 6-8 lariyə (3-4 manat) getmək olur. Məsələn, bizi sifarişlə Tiflisdən sərhədə – Qırmızı Körpüyə gətirən taksi 120 kilometr üçün 35 lari (17 manat) aldı.
Az tələbat olan şeylər isə bizdəki qiymətədir. Məsələn, gürcülərin mobil telefona maraqları olmadığı üçün orada ucuzunu tapmaq olmaz. O cümlədən başqa texniki əşyaları əldə etmək o qədər də ucuz başa gəlməyəcək.

Üçü birində

Hər yerdə olduğu kimi, Gürcüstanda da diasporumuzun fəaliyyəti ürəkaçan deyil. Azərbaycanlılar dəfələrlə aidiyyəti qurumlara uçulub dağılmaqda olan mədəniyyət ocaqlarımızı təmir etmək üçün müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Təsəvvür edin, Azərbaycanın böyük mütəfəkkirləri – Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə və Mirzə Fətəli Axundovun üçünün birgə ev muzeyi var. Amma muzeyə diqqət yetirəndə adam həyata nifrət edir. Üç şəxsiyyətə orta təmirli bir muzey qıymayan hökumət belə şəraitdə Heydər Əliyevin büstünü də ora sığışdırmağı unutmayıb. Amma əvəzində hər üç mütəfəkkirin büstləri ayaqlar altına atılıb.
“Şanlı hökumətimiz”in əməlləri barədə də gürcülərin kifayət qədər məlumatı var. Tiflisdə söhbət etdiyimiz insanların əksəriyyəti Dubay mülkləri barədə soruşurdular. Onlar hələ də inanmırlar ki, dövlət başçısının təkcə bir ölkədə 75 milyon dollarlıq mülkü ola bilər. Inandıra bildik. Söhbətləşdiyim gürcülər dedilər ki, Saakaşvilinin bu qədər mülkü olsaydı, xalq o dəqiqə ayağa qalxardı, ya da o özü sakit şəkildə istefa verərdi… 
Gürcülər, ümumiyyətlə, Azərbaycanda baş verən olaylardan tam xəbərdardılar. Xüsusən də gömrükdə yaşanan problemlərdən. Onlara qəribə gəlir ki, Gürcüstanda 3500 dollarlıq maşın gömrüyü keçəndən sonra bizdə necə 7000 dollardan aşağı qiymətə olmur. Bunu anlaya bilmirlər. Bir də mənə tez-tez ünvanlanan sualdan artıq cana doymuşdum – niyə bu qədər laqeydsiniz, öz haqqınızı tələb edə bilmirsiniz? Bu sual məni əsəbləşdirdiyi qədər də fikirləşməyə də sövq edirdi…

Saakaşvili ilə İlhamın dəyişdirilməsi…

Gürcülərin bizim neftə böyük marağı var. Deyirlər ki, bizdəki neft onlarda olsaydı, Gürcüstan dünyanın ən inkişaf etmiş ölkəsi olardı. Sonra bir neçə gürcü bizim Saakaşviliyə həsəd apardığımızı görüb belə bir saziş bağlamaq istədilər: Onlar bizə Saakaşvilini və ən dəyərli nemətlərini verirlər, əvəzində isə neftlə birgə Ilham Əliyevi alırlar. Onlarla ikiəlli razılaşdığımı söylədim. Amma əmanətə xəyanət etməyin prinsiplərimə uyğun olmadığımı da dedim. Bildirdim ki, nefti Ilham Əliyevlə birgə versək, Gürcüstanın indiki vəziyyətindən əsər-əlamət qalmayacaq. Yəni indiki Azərbaycanın gününə düşəcək. Amma onlar bunu anlamaq istəmədilər. Dedilər ki, onlarla heç bir prezident diktator kimi danışa bilməz. Bu cavaba çox heyran qaldım…
Gürcülər kitab oxuyandır deyiləndə inanmırdım. Amma orada bunun şahidi oldum. Kitaba böyük marağı olan gürcülərdə küçələrdə, açıq havada kitab satmaq ənənəsi də varmış. Ümumiyyətlə, Tiflisdə ildə üç-dörd dəfə kitab yarmarkaları keçirilir. Həmin günlərdə şəhərdə insan izdihamından tərpənmək mümkün deyil.
Internetə böyük marağı olan gürcülər çox ciddi şəkildə başqaları ilə informasiya mübadiləsinə girirlər.
Gürcüstanda qəzetlərin də imkanı yaxşıdır. Orada tirajı 50 mini ötən qəzetə də rast gəlmək mümkündür. Və bu tirajın üçdə biri bölgələrə pulsuz paylanır. Yəni imkansız vətəndaşlarını informasiya blokadasında saxlamırlar.

***

Bax budur, Gürcüstan… Cəmi üç gün Gürcüstanda oldum. Amma bitib-tükənməyən təəssüratlarla qayıtdım. Hərdən ölkəyə qayıtdığıma peşman da oluram.
Hər şeyin insan üçün olduğu bir məmləkət! Bir daha anladım ki, Gürcüstan regionun lideridir. Ilham Əliyevin nə deməsindən asılı olmayaraq, qapı qonşularımızda inkişaf sürətlə gedir…
Əliyevlərin tez-tez işlətdiyi insanların sosial rifahı, ümumdaxili məhsul, sürətli inkişafın boş sözdən ibarət olduğunu Tiflisə çatandan 1 saat sonra anladım. Bütün bunlarda gürcü xalqının əməyi olduğu qədər, Saakaşvilinin də xidməti var…
Qiymətini bilməyən insanların əvəzindən səndən üzr istəyirəm, Saakaşvili… Çox sağ ol!..

Ramin DEKO,
Bakı-Tiflis-Bakı