Gürcü şərabı kimi dadlı demokratiya
Ramin Dekonun Gürcüstan reportajını elə ordan gətirdiyi şərabı içə-içə oxuyuram. Gürcüstan üçün ağız suyu axıtmamaq mümkünsüz. Şərabları da gözəldi, siyasi ab-havaları da.
Yaxın çevrəmdəkilər xasiyyətimə bələddir. Nəsə bir şeyi almaq istərkən mənlə məsləhətləşəndə həmişə yarızarafat, yarıgerçək deyirəm: mənim üçün malın ən cəlbedici cəhəti onun qiymətidir.
Dekonun reportajında diqqət yetirdiyim ən vacib şey ordakı qiymətlərdi. Reportajı oxuyanlar, Gürcüstanı görənlər o ellərdə ucuzluq olduğuna şahiddilər. Ucuzluq rahat həyatın bir şərtidir.
Məni bir fərd kimi Azərbaycanda narahat edən həm də bahalıqdır. Bizdə ölüm də ucuz deyil heç.
Çoxlarına demokratiya uğrunda aparılan mübarizə boşboğazlıq, demaqogiya, söz-intriqa oyunu kimi gəlir. Bəziləri düşünür ki, demokratiya, azadlıq uğrunda çalışmaların onlara heç bir aidiyyəti yoxdur. Lakin demokratiya bir biznesmenə lazım olduğu qədər, kasıb bir təqaüdçü, tələbə, kəndli, müəllim və fəhlə üçün də gərəklidir.
Demokartik ölkə bizlərə ən adi işlərimizdən tutmuş, ən mürəkkəb işlərimizi belə rahat aşırmaq imkanı verə bilir.
Məsələn, demokratik ölkə olsaydıq, yerli istehsal bir yana, vergi və gömrük dəllallarının talanına, yağmalamasına ürcah olmadan ölkəmizə gətirilən xeyli ucuz xarici mal almaq imkanındaydıq. Adi bananı götürün, bizdə onun kilosu 2 manatdan düşmür. Nə qədər ata övladına bananı az qala cənnətdən dərib gətirir. Bu yay Fransada olanda isə bananın kilosuna 80 qəpik vermişdim. Fransadakı dostlarım onda demişdilər ki, daha ucuz qiymətə də banan tapmaq mümkündür.
Ona görə Fransadan nümunə gətirdim ki, yaman ağızlara düşən “eh, gürcülərdə pul var bəyəm” fikrinə alüdə olmayasınız.
Demokratiyanın olmaması bahalıqla yanaşı, keyfiyyətsizlik də doğurur. Gürcü şərabı bunu deməyə əsas verir. Azərbaycanın zəngin şərab ənənəsi var. Bəs niyə Şamaxı, Şəmkir, Gəncə şərabları gürcü şərabının yanında başıaşağı, dadsız və bahadır..?!
Bizim bir litrlik şərabımızın qiymətinə Gürcüstanda 3 litr almaq olur. Bağışlayacaqsınız, yenə Fransadan nümunə verməyə məcburam: mən Strasburqda 1 manat 50 qəpiyə, Parisdə isə 2 manata şərab alıb içən adam kimi ölkəmizdəki monopoliyaya, avtoritarizmə çox hiddətliyəm, aqressivəm.
Deyəcəksiniz hər şeyi qarınla ölçməzlər, tamam, mən də razılaşacağam. Ancaq bir qarın yeməkdən ötəri amansız zillətlərlə uğraşan insanlarımızı bəs nə edək? Bəyəm bir tikə çörəkdən ötəri Qaradağ karxanalarında böyrəyini, ciyərini çürüdən bizim vətəndaşlar deyilmi? Onlara rahat çörək nəsib etməyin yolu demokratikləşməkdir. Gürcüstan olmaqdır. Demokratiya bizə insan kimi haqlarımızın təminatını, ucuz və keyfiyyətli yaşam şəraitini verəcək. Onun gücünə inanmaq gərəkdir.
Ruslan Bəşirli
Ruslandan ay boyu yazacağıma söz vermişdim…
Onun şərlənib tutulmasında gürcü şərabının özəl rolu olduğunu da unutmamışıq. Ruslan kampaniyasında çoxları panikaya düşdü, sanki ilk dəfəymiş kimi sərxoşu görüb, dinləyirdilər. Cavan oğlanın sərxoş olub, lap elə etikadan kənar danışması nə vaxtdan cinayət olub, bunu az insan düşündü.
Ruslanı o məlum kadrlara görə qınayanlar görəsən, ixtiyari bir günlərini gizlincə çəkib göstərsələr, nə hala düşərlər? Kim kiçik bir ortamdakı söhbətini ictimailəşdirməyə razı olar ki?
WikiLeaks saytının yaydığı gizli danışıqların raportlarını oxuyanda Ilham Əliyevin bağlı qapılar arxasında nələr danışdığını hamı oxudu. Ruslan bir dəliqanlı gənc idi, onun dedikləri ölkəmiz üçün heç bir məsuliyyət yaratmırdı. Ilham Əliyev isə dövlət başçısı idi, WikiLeaks-dən oxuduq ki, o, ölkəmizi dörd bir tərəfi ilə düşmən edən hansı sözləri deyib. Indi bu adamın sərxoşkən danışdıqlarını çəkib göstərsələr, nələr çıxar, nələr?