Sabiq rəis yeni vəzifəyə təyin edilib, yoxsa sərəncama götürülüb?
Yasamal Rayon Polis Idarəsinin sabiq rəisi Möhübbət Hüseynovla bağlı müəmma davam edir. Xatırladaq ki, Möhübbət Hüseynov bir neçə həftə əvvəl işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmişdi. Bir neçə gün sonra isə məlumat yayıldı ki, sabiq rəis Daxili Işlər Nazirliyi (DIN) Baş Təhqiqat Idarəsinin rəisi vəzifəsinə təyin edilib. Möhübbət Hüseynov da milli.az xəbər portalına faktı təsdiq edib. Lakin DIN-in bu məlumatla bağlı hər hansı reaksiyası olmayıb.
“Azadlıq” qəzeti də ötən saylarında bu məsələ ilə bağlı əldə etdiyi məlumatlar əsasında Möhübbət Hüseynovun yeni təyinatı barədə bəzi versiyaları oxucuların diqqətinə çatdırıb. Versiyalardan biri bu idi ki, sabiq rəisin yeni və əvvəlkindən yüksək vəzifəyə təyin olunması daxili işlər naziri Ramil Usubovun iradəsindən kənar baş verib. Əldə edilən məlumatlar belə deməyə əsas verirdi. Həmin məlumatlarda vurğulanırdı ki, Möhübbət Hüseynovun yeni vəzifəyə təyin olunması hakimiyyətdəki iri oliqarxlardan birinin israrı ilə baş verib. Həmin oliqarxın isə prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun olduğu güman edilirdi. Möhübbət Hüseynovun Bəylər Əyyubova yaxın çevrəyə daxil olan şəxs kimi xarakterizə edilməsi bu ehtimalı möhkəmləndirirdi. Digər tərəfdən Ramil Usubovun ciddi nöqsanlara görə işdən çıxardığı adamı daha yüksək posta təyin etməsi inandırıcı görünmürdü.
Başqa bir versiya isə ondan ibarət idi ki, Möhübbət Hüseynovun yeni vəzifəyə təyinatı onun birdəfəlik yola salınmasına hesablanmış addımdır: Möhübbət Hüseynov Ramil Usubovun kadrıdır, sadəcə həqiqətən də ciddi nöqsanlara yol verdiyi üçün nazir onu işdən çıxarmaq məcburiyyətində qalıb, lakin sabiq rəisin hansısa məsələlər barədə danışa biləcəyindən ehtiyat etdiyi üçün onu nəzarətdə saxlamaq niyyətilə öz yanına, nazirliyə gətirib, fevral ayında isə təmtəraqlı şəkildə təqaüdə göndərəcək. Ikinci versiyanın tam məzmunu belədir. Bu versiya da təbii ki, məlumatlara istinadən irəli sürülüb.
Bu yazı “Azadlıq”da dərc edildikdən sonra isə qəribə olay baş verib. DIN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat” qəzetinə açıqlamasında Möhübbət Hüseynovun yeni vəzifəyə təyin olunmasını təkzib edib. “Cənab nazir bu barədə heç bir əmr imzalamayıb”, – deyə DIN rəsmisi bildirib. Onun sözlərinə görə, sabiq rəis Baş Kadrlar Idarəsinin sərəncamına götürülüb. Maraqlı situasiyadır. Əgər Möhübbət Hüseynov yeni vəzifəyə təyin edilməyibsə, onda nə üçün bu barədə yayılan məlumatı təsdiq edib? Yox, təyin edilibsə, Ehsan Zahidov niyə bunu gizlədir?
Bəzi məlumatlara görə, Möhübbət Hüseynova yeni təyinatla bağlı vəd verilib. Bu vəzifə yəqin ki, Baş Təhqiqat Idarəsinin rəisi postu olub. Möhübbət Hüseynov rəsmən həmin vəzifəyə təyin edilməsə də, özünü artıq həmin postun sahibi kimi hiss edib. Bu məlumat mətbuata sızdırılanda həmin hissin təsiri altında olub və faktı təsdiqləyib. Ola bilər ki, sabiq rəisin tələskənliyi DIN rəhbərliyini hiddətləndirib, bu baxımdan da məlumat təkzib edilib. Yaxud da, Möhübbət Hüseynovla DIN rəhbərliyi arasındakı şifahı anlaşma bizə bəlli olmayan səbəblərdən pozulub.
İnformasiya şöbəsi