Bu oyunlar hakimiyyət üçün təhlükəlidir

Zəfər Quliyev: «Barak Obamanın təhqir olunması Azərbaycana siyasi dividend gətirə bilməz»

 

“Azərbaycan” qəzetində ABŞ barəsində gedən məqalə ilə bağlı mətbuatda müxtəlif fikirlər səslənməkdədir. Həmin fikirlərə görə, belə bir məqalənin ərsəyə gəlməsi hakimiyyət daxilindəki Rusiyapərəst qüvvələrin işidir. Yəni bu qüvvələr ABŞ-la münasibətlərin daha da gərginləşməsində maraqlıdırlar. Elə bu üzdən də vaxtaşırı olaraq Qərblə münasibətləri korlayacaq proyektlər reallaşdırırlar.
Siyasi şərhçi Zəfər Quliyev də bu məqalənin məhz hakimiyyətdəki Rusiyapərəst qüvvələrin təşəbbüsü ilə meydana gəldiyini istisna etmədi. 2008-ci ildən başlayaraq rəsmi mətbuatda vaxtaşırı Azərbaycanın Qərblə münasibətlərinə xələl gətirən məqalələrin yer aldığını deyən Z.Quliyev bildirdi ki, özü də bu məqalə 2010-cu ilin sonlarında ABŞ-la münasibətlərdə pozitiv tendensiyalar meydana gəldiyi bir zamanda yazılır: “Məhz ilin sonunda ABŞ ölkəmizə səfir təyin etdi, dövlət başçısının ABŞ prezidenti ilə görüşü baş tutdu, Hillari Klinton Bakıya səfər etdi. Yəni, ikitərəfli münasibətlərdəki soyuqluq tədricən aradan qalxdığı bir məqamda bu cür məqalə ortaya çıxdı. Əslində birinci məqam – il yarımdan sonra səfirin təyin olunması ciddi hadisə idi”.
Keçən illəri Türkiyəyə və Qərbə qarşı kampaniyanın təşkil olunmasının da hakimiyyətdaxili eyni qrupa məxsus olduğunu deyən Z.Quliyev vurğuladı ki, görünür, hakimiyyətin bu kəsimi Qərblə Azərbaycanın ümumiyyətlə, hər hansı əlaqə saxlamasının əleyhinədir. Hakimiyyətin yenidən ənənəvi siyasətinə qayıdaraq, onu tənqid edənləri sərt ittiham etməyə başladığını söyləyən Z.Quliyev vurğuladı ki, belə məqamlar Azərbaycan dövlətinin maraqlarına heç cür uyğun ola bilməz: “Düşünmürəm ki, ”Azərbaycan” qəzetində gedən məqalələr ABŞ-ın xarici siyasətinə təsir etsin. Barak Obamanın təhqir olunması Azərbaycana siyasi dividend gətirə bilməz. Amma eyni zamanda fikirləşmirəm ki, hakimiyyət bütöv mənada “Azərbaycan” qəzetində gedən məqaləni təqdir etsin. Bu, iqtidardaxili bir qrupun öz kartlarını açmasıdır. Bu cür oyunlar hakimiyyət üçün təhlükəlidir”.

Xəyal