Berezovskidən Putinə sərt ittiham

«Əgər çirkli pullar olmasaydı, Putin prezident postuna gələ bilməzdi»

 

Rusiyanın baş naziri Vladimir Putinin vətəndaşlarla canlı debat zamanı söylədiyi fikirlərə cavab gecikmədi. Hökumət başçısı canlı efirdə real müxalifəti 1990-cı ildə siyasi səhnədə mövcud olan müxalifətlə müqayisə edib. O, 90-cı illərdəki müxalifəti hakimiyyətə yalnız şəxsi maraqları təmin etmək və iqtidarı ələ keçirərək, çirkli pullar qazanmaq məqsədilə gəlməkdə ittiham edib. Onun sözlərinə görə, Rusiyanın indiki real müxalifəti də məhz bu yoldan istifadə etməyi qarşısına məqsəd qoyub.
Baş nazirin bu açıqlamasına cavab isə 1990-cı illərdə Rusiyanın aparıcı siyasi xadimlərindən biri, hazırda Londonda siyasi mühacir həyatı yaşayan milyarder Boris Berezovskidən gəlib. Oliqarx Ingiltərənin “The New Times” qəzetinə müsahibəsində bildirib ki, əgər 1990-cı illərdəki müxalifət olmasaydı, Vladimir Putin prezident postuna əyləşə bilməzdi. Berezovski Putinin seçki kampaniyasına 25 milyon dollar ayırdığını da söyləyib. Onun sözlərinə görə, hökumətdən oğurlanan çirkli pullar olmasaydı, Putinin prezident seçilməsi qeyri-mümkün idi.
Xatırladaq ki, baş nazirin sözügedən fikirləri Rusiyanın hazırkı müxalifətini də qəzəbləndirib. Boris Nemtsov və müttəfiqləri Putindən məhkəməyə şikayət ediblər. Onlar hökumət başçısından təhqirə yol veridyi üçün 1 milyon rus rublu təzminat tələb edirlər.

İnformasiya şöbəsi