Başçının döydürdüyü qohumu danışdı

Elnur Məmmədov: «Məni ölmüş bilib, əl çəkdilər»

 

Xətai rayon Polis Idarəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyatı şöbəsinin işçisi, polis kapitanı Rəşad Sadıqov bacısının əri, Nərimanov rayon Polis Idarəsində işləyən həmkarı, polis mayoru Elnur Məmmədovu möhkəm döydürüb.
Polis kapitanı Rəşad Sadıqova bu “möhtəşəm əməliyyatı” həyata keçirməkdə böyük bacısının əri, Bakı şəhər Yol Polisi Idarəsinin işçisi, Sabunçu rayon Polis Idarəsinin sabiq rəisi Toğrul Rəhimovun oğlu Ramin Rəhimov və hələlik istintaqa bəlli olmayan bir neçə nəfər idmançı da yardım edib.
Dünən informasiya agentliklərinin yaydığı bu xəbəri hadisə səviyyəsinə qaldıran döyülən və döyənlərin hüquq-mühafizə orqanlarının işçiləri olmasıyla bərabər, həm də Rəşad Sadıqovun atası Nizami Sadıqovun Ağdam rayon Icra Hakimiyyətinin başçısı vəzifəsində işləməsidir. Nizami Sadıqovu çoxları Dəvəçi rayonunda olan tükürpədici hadisə – Dağbilici kəndindən olan Məcidova bacılarının oğurlanmasında adının hallanmasından tanıyır. Nailə və Reyhanə Məcidova bacıları oğurlanarkən Nizami Sadıqov Dəvəçinin (indiki Şabran) polis rəisiydi. Nizami Sadıqovun işdən çıxarılması və bu fakta görə ev dustağı edilməsi barədə məlumat internetdə indi də var!
Biz Bakı şəhər 1 saylı Klinik Mərkəzi Xəstəxananın (keçmiş “Semaşko”) reanimasiya şöbəsində yatan Elnur Məmmədovla görüşə və eksklüziv açıqlama ala bildik.
Elnur Məmmədov hadisənin detallarını səhhəti imkan verdiyi qədərincə, milli təfəkkürə uyğun danışdı. Daha doğrusu, danışmaq istəmirdi: “Ailə münaqişəsidir. Bu münaqişənin xırdalıqlarını bilmək kimə lazımdır?”
– Amma münaqişənin həyat yoldaşınızın yeni il axşamı atası evinə getməsi üstündə başladığı ilə bağlı artıq yazılıb…
– Təxminən elədi. Yeni il axşamı deyildi, bir az əvvəl idi. Əksinə, yeni il gecəsi anam həyat yoldaşımla qızımı evimizə gətirməyə getmişdi, qaynım icazə verməmişdi.

– Yanvarın 1-də qaynınız Rəşad Sadıqovla görüş bir gün əvvəlki “icazə verməməyə” görəydi?
– Özü zəng elədi. “Gəl, danışaq, bu söz-söhbətə son qoyaq” dedi. Düşündüm ki, yəqin umu-küsülərə son qoymaq üçün məni çağırır, getdim.

– Harada görüşdünüz?
– “Kral” şadlıq evinin qarşısında. Mən sükan arxasındaydım, qabaq oturacağa oturdu, yenicə salamlaşmışdıq ki, arxa qapı açıldı, çevrildim ki, bacanağımdı (Ramin Rəhimovu deyir – red). Ramin elə maşına oturar-oturmaz məni vurdu, bıçağı boynumun arxasına dayadı, yəqin, əvvəldən əlində hazır tutubmuş. Rəşad da tapançanı çıxartdı, “sür, şəhərdən çıxaq” dedi.

– Tapançası xidməti silahıydı?
– Yox. “Pasportstol”da işləyənlərə tabel silahı verilmir, adətən. Rəşadın da xidməti silahı yoxdu… Yenə də Rəşadın, Raminin bu qədər harınlıq etmələrinə, bu boyda özbaşınalığa gedəcəklərinə inanmadım. Biri qaynım, biri bacanağım… Kim inanar ki, onlar məni öldürmək istəsinlər.

– Bəlkə, ailədaxili münaqişə çox dərinləşibmiş?
– Qətiyyən! Ortada bir az ərköyünlükdən doğan anlaşılmazlıq vardı, vəssalam. Əgər ciddi nəsə olsaydı, mən problemi həll edəcəyinə inanıb Rəşadla görüşərdimmi?

– Istiqaməti özünüz seçdiniz?
– Rəşad diqtə eləyirdi. “Delfin” otelinin yaxınlığında, “Rahat market”in yanında saxlatdırdı. Maşından düşəndə gördüm ki, arxamızda iki maşın da dayandı. Öndəki maşından iki nəfər düşüb yaxınlaşdı və vurmağa başladılar.

– Yenə də heç bir söhbət olmadı?
– Yox! Yalnız həmin uşaqların yaxınlaşdığını görəndə bildim ki, Rəşadın niyyəti nədir. Həmin iki oğlanı görmüşdüm, bir toyda onları “Avropa çempionları” kimi tanış eləmişdi Rəşad.

– Iki Avropa çempionu, iki polis kapitanı?
– O biri maşında neçə nəfər gəldiyini bilmirəm. Çünki ilk zərbələrdən artıq özümdə deyildim, yıxılmışdım. Onlar da ancaq başıma vururdular. Keyləşmişdim, ancaq danışıqları eşidirdim. Rəşadın əlini ürəyimə qoyub, “hə, öldü deyəsən, indi gedə bilərik” sözü yadımdadır.

– Öldürmək istəyirmiş?
– Yəqin. Özümə gələndə xeyli keçmişdi. Dərhal dostlarıma zəng etdim. Fikirləşdim ki, dostlardan birinin evinə gedim, yuyunum, bu biabırçılığı, qaynımın məni aldadıb döydürməsini heç kəs bilməsin. Ayıbdı da!

– Amma tale cinayəti gizlətməyinə imkan vermədi?
– Hesab eləmirəm ki, bu biabırçılıqda gülmək üçün mövzu olsun. Amma doğrudan, siz deyən oldu. Evə girən kimi yıxıldım, bir də gözümü açdım ki, xəstəxanadayam.

– Xəsarətləriniz nədir?
– Qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sol almacıq sümüyünün sınığı, burun sümüyünün yerini dəyişmiş qəlpəli sınığı, alın sümüyünün sol nahiyəsinin sınığı, hər iki gözün şişkin hematoması, hər iki dodağın cırılmış-partlamış yarası, çənə sümüyünün əzilməsi.

– Lap həkim kimi danışdınız?
– Polislərin də işidir, ona görə bilirəm. Iki günə başımdan əməliyyata girəcəm – həkimlər şişin çəkilməsini gözləyir. Gecə yarı gəlmisiz deyə, mane olan yoxdur. Yoxsa, məni danışmağa da qoymurlar.

– Istintaq aparılırmı?
– Prokurorluq cinayət işi başlayıb, araşdırma gedir.

– Bir xahişim də var: Rəşadla görüşə bilməyim üçün nəsə edə bilərsiz?
– Onu prokurorluq tapa bilmir, siz hardan tapacaqsız?

– Qaçıb?
– Bilmirəm, müstəntiqlər hələ onu tapa bilmədiklərini dedilər.

– Paqon yoldaşlarınızın işi ədalətlə aparacaqlarına əminsiniz?
– Əlbəttə!

– Qayınatanız icra başçısıdır?
– Keçmiş qayınatam… Bir sual da mən verə bilərəm?

– Buyur!
– Bu, çox böyük bir biabırçılıqdır da, eləmi?

– Söhbət ailənin dağılmağından gedirsə, faciədir, yox, döydürülməyinizdən gedirsə, cinayətdir.
– Yox, düzünü demədiniz…

Ona mənəvi əzab verdiyimi yalnız indi hiss elədim – aralaya bilmədiyi gözlərini sıxanda və yastığa doğru axan damcını görəndə.
Mənimsə hələ çox suallarım vardı?

Ramin DEKO