aliyev-obama-kollaj

“Azərbaycan” ABŞ-ı niyə hədələyir?

Məqaləni “demokratiya əvəzinə neft” formulunun perspektivsizliyinə reaksiya kimi də qiymətləndirmək olar

 

Milli Məclisin orqanı olan “Azərbaycan” qəzeti ötən ilə ABŞ-ın ünvanına yaylım atəşi ilə yekun vurdu. Düzdür, informasiya mərmisinin Kapitoli təpəsinə düşüb-düşməməsi barədə aydınlıq yoxdur (reaksiya verilməyib), amma bu yazı Azərbaycanın özündə 30 dekabrdakı atəş səsləri, Yeni il tətilləri və Alp dağlarında dincələn elitanın yoxluğu səbəbindən hadisə azlığından əziyyət çəkən mətbuatın diqqətini çəkdi.
Çoxmənalı şəkildə “Azərbaycan” imzası qoyulan “ABŞ:  azadlığı yoldan çıxaranlar” məqaləsi, görünür, redaksiyanın kollektiv həmrəyliyinə işarə edir, ya da bütün Azərbaycan xalqının Amerikaya nifrətdə həmrəy olduğunu nəzərdə tuturdu. Amma qəzetin baş redaktoru Bəxtiyar Sadıqov sonradan məqalənin müəllifliyini öz üzərinə götürdü.
Beləliklə, məqalədə ABŞ ölüm, aclıq, dağıntıya səbəb olan, xalqların və dövlətlərin özünəməxsusluğunu məhv edən dövlət kimi ifşa edilir. Amerikanın iqtisadi və mənəvi aşınma, prezidentdən başlayıb konqresmenlərdə qurtarmaqla senatorlar və Obama administrasiyasının üzvləri də daxil elitanın çürüməsi üzündən tezliklə məhv olacağı barədə nəticələr çıxarılır. Məqalədə Amerika beynəlxalq terrorçuluqla mübarizədə Qərbin müttəfiqi və Avropanın enerji təhlükəsizliyini təmin edən Azərbaycana münasibətdə ikili standartda ittiham edilir.
ABŞ Ermənistana yardım etməkdə, Qarabağ münaqişəsini Bakının maraqlarına uyğun həll etməməkdə, insan haqları, söz azadlığı, demokratiya bəhanəsi ilə suveren Azərbaycanın daxili işlərinə qarışmaqda məzəmmət edilir.
Rəsmi qəzetdə səslənən fikirlər Azərbaycanda bütün pillələr üzrə hakimiyyət dəhlizlərində dolaşan rəylərlə səsləşir. Burada ABŞ və Avropa Ittifaqının demokratik islahatlar keçirmək, azad iqtisadiyyat yaratmaq, insan haqları və ifadə azadlığını təmin etmək barədə çağırışlarının güclənməsindən qıcıqlandıqlarını gizlətmirlər.
Qərb Azərbaycan elitasına milyardlarla gəlir gətirən korrupsiya, çirkli pulların yuyulması, narkotrafik, insan alveri və s. problemlərin həllini tələb edir.
Sirr deyil ki, son il yarımda Azərbaycanla ABŞ arasında münasibətlər soyuyur. 2009-cu ilin iyulunda Amerika səfiri En Dersinin gedişindən sonra prezident Obama diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili Donald Lunun səviyyəsinə qədər endirdi. O isə Azərbaycan rəhbərliyi ilə bağlı sarkastik diplomatik teleqramlar tərtib edirdi.
Wikileaks-də yayılan bu diplomatik məlumatlar göstərdi ki, Vaşinqton Azərbaycan hakimiyyətinin səviyyəsini çox skeptik qiymətləndirir. Bakıda bundan özlərini təhqir edilmiş saydılar. Görünür, hesab edirdilər ki, beynəlxalq antiterror və energetika koalisiyalarında iştirak onlara daxili siyasi və iqtisadi həyatda bespredel hüququ təmin edir.   
Məqaləni Bakının Qərblə “demokratiya əvəzinə neft” formulu üzrə razılığa gəlmək cəhdlərinin perspektivsizliyinə reaksiyası kimi də qiymətləndirmək olar. Avropa Ittifaqının Şərq Tərəfdaşlığı proqramında Qarabağ probleminin həlli və insan haqları və azadlıqları da daxil demokratiyanın inkişafı öncül mövqeləri tutur. Amma onlar çox yavaş həyata keçirilir və ya Bakı tərəfindən tamamilə sabotaj edilir. Ölkə rəhbərliyi yaxşı anlayır ki, azad cəmiyyətə doğru istənilən hərəkət korrupsiyalaşmış və avtoritar dövlət sisteminə sarsıdıcı zərbədir.
Şübhəsiz, “Azərbaycan” qəzetinin qoşa səhifəsində çap edilən məqaləni “qəlbdən gələn səs” kimi də qəbul etmək olar. Amma Amerikanın ifşası, etirazlar, ikimənalı eyhamlar, incikliklər kimə ünvanlanıb. Birdən enerji müttəfiqlərini itirə biləcəklərindən qorxacaq amerikalılara, yoxsa milli elitaya olan nifrətini okeanın o yanındakı dövlətə yönəltməsi istənilən yerli vətəndaşlara?
Belə düşünmək olar ki, həm onlara, həm də bunlara. Çünki “Azərbaycan” qəzeti reallıqda məqalədə özünü Qoqolun “Müfəttiş” əsərindəki unter zabitin dul arvadı kimi şallaqlayır. Rus klassikasından nümunə çox yerinə düşür və özünü ifşa edən məqalənin üslubu və dili ilə uyuşur.
Yazını ehtimal ki, rusca yazıb, sonradan tərcümə ediblər. Bəxtiyar Sadıqov, əlbəttə, istedadlı yazardır, amma təbii ki, Qoqol deyil (Turan).