Telefonu söndürümək günah deyil

 

Son illər həyatımıza sürətlə girən mobil telefonlar barədə yazacağam. Mövzu konturların bahalığı, telefon dalğalarının ziyanı, yeni telefon modellərindən olmayacaq. Daha sadə və daha problematik bir halı bölüşmək fikrindəyəm…

Peşəmlə əlaqədar, tez-tez iclaslara, konfranslara qatılıram. Neçə illərdir hər dəfə belə yığıncaqlarda adamı təbdən çıxaran eyni hadisə təkrarlanır: ciddi müzakirə getdiyi anda bir də eşidirsən ki, kiməsə zəng gəlir…Bir dəfə olsa, ötüşdürərsən, iki dəfə olsa yenə səbr etmək mümkündür, üç dəfəyə də dözmək olar, lakin bu hal bitmək bilmir ki, bilmir.

Eyni adamların yığışdığı məclislərdə belə “xahiş edirik telefonları söndürəsiniz”“” xəbərdarlığı aylardır, illərdir təkrarlansa da hər kəs öz kefindədir, problem həllini tapa bilmir. Mobil telefonlar ciddi məclislərin bir nömrəli düşməni kimi hələ də qalır. Eyni vəziyyət teatrları da gülünc hala qoyub. Aktyorların bu məzmunda şikayətlərini ara-bir də olsa mətbuatdan oxuya bilirik…

Bir dəfə mən cənazə müşayiətçilərindən biri kimi tabut çiynimdə gedirdim. Vəfat edən çox gənc arxadaşlarımızdan idi, necə deyərlər, dünyanı başımıza uçuran hadisə baş vermişdi…

Ağır dərd yükü və cəsəd çiynimizdə qəbiristana girərkən tabutun altındakı başqa bir yoldaşıma zəng gəldi. O, sanki heç nə olmayıbmış kimi, tabutun altından çıxdı, yerini başqasına verdi. Düşünmək olardı ki, bəlkə də indiki missiyasından da ciddi bir işə görə telefonla danışır. Amma xeyr, sonra öyrəndim ki, adi məişət işidi, nə bilim, bazara yolladığı kimsə ondan soruşub ki, Gədəbəy kartofu alsın, ya Iran?

Üç gün əvvəl baş verən hadisə isə ümumiyyətlə məni infakt həddinə çatdırdı. Yenə hüzr mərasimindəyik. Cənazə namazına düzülmüşük. Dindar deyiləm, ancaq oxuyub bildiyimə görə namaz ritualı islamdan çox ciddi və intizamlı olmaq tələb edir. Dindarlara görə bu, insanın birbaşa Allahla söhbətidir.

Qarşımızda meyit, namaz mərasimi və bu an zəng…Böyürümdəki adam elə rahatlıqla telefonu qaldırıb namaz səfini tərk edir ki, dilim boğazım quruyur…Insan da bu qədər eşşək və qalınqabıq ola bilərmi yoldaşlar? Olmamalıdır, təbiət isə hər şeyə qadirdir, o təkamüllə meymundan insan düzəltdiyi kimi, bunun əksini də bacarır.

Bildiyiniz kimi, bütün telefonlarda bir səssizlik rejimi deyilən xidmət var. Adətən diez düyməsini 15-20 saniyə basıb saxlamaqla telefonu həmin rejimə keçirmək mümkündür. Telefonu söndürmək lap asandır, inanmıram ki, bunu bacarmayan olsun. Bəs insanlar bu cür proqressiv metodlar varkən, bilə-bilə ki ona gələn zəng qatıldığı ortamda diskomfort yaradacaq niyə telefonlarını söndürmürlər, yaxud səssiz etmirlər?

Mənə görə bu bir özünü təsdiq formasıdır. Cılız bir özünü  təsdiq… Yəni gələn zənglə həmin şəxs ətrafa belə bir mesaj verir: “ Baxın, mənim telefonum var, mənə zəng də edənlər, mənim zəngimselimdə Polat Alemdardı, baxın, mən vacib adamam məni axtarırlar və s”…

Bəzi insanlar isə telefon zəngini əstəğfürullah, sanki cənabi Cəbraildən gələn ayə kimi qəbul edirlər. Yəni, gecikmədən, hövlnak. Zəng edən adamın telefondan kənar qırx çağırışından birinə cavab verməyə tənbəllik edən adam, nə hikmətdirsə beləsinin zənginə ürəyi atıla-atıla cavab verir. Demirəm ki, zəngləri əhli-kefcəsinə cavablamaq lazımdır, xeyr, bu özü də mədəniyyət defisitidir, ancaq hər kəsin vacib bir şəraitdə-iclasda, yasda, teatrda telefon zənginə cavab verməmək haqqı var.

Bu yazını elə bir arzu ilə bitirirəm ki, heç olmaya bir nəfər bu yazıdan sonra iclaslara, tamaşaya, yasa girəndə telefonunu daha açıq qoymasın…