Qandi niyə uğur qazandı?

 

İli başa vurduq. Yadımda qalan Milli Parkdakı qələbəlik oldu. Bizlərin də bir xasiyyətimiz var, bir yerə üç-beş adam toplaşan kimi qayıdırıq ki, görəsən bu insanlar siyasi tədbirlərə niyə maraq göstərmirlər? Politoloji psixologiya baxımından bu, normal haldır, çünki politoloqlar onları narahat edən siyasi suallara cavab axtarırlar və bu maraq onları bir an belə tərk etmir, hətta elə bayram günlərində də. Özü də buna görə təkcə politoloqları qınamaq heç də düzgün deyil. Gözümüzün önündə YAP bu işlə məşğul olur, bayramları da siyasiləşdirir. Üstəlik, politoloqlar öz maraqlarından hansısa siyasi və bir başqa dividendlər götürmürlər. Amma YAP haqqında bunu demək düzgün olarmı? Axı onlar siyasi təşkilatdır və siyasi məqsədlər daşıyırlar – hər şey, hər saat və hər fürsət bəlli siyasi məqsədlərin təmin edilməsinə xidmət edir. Nə isə. Bunda sözüm yoxdur. Qayıdaq mətləbə. Insanların bayram, istirahət tədbirlərinə daha böyük maraq göstərməsinə və siyasi tədbirlərə biganə və etinasız münasibətinə. Nədir səbəb?

 

Mədəni siyasi vasitələr! Bəlkə cəmiyyət bunu istəyir?

 

Bizim də suçumuz az deyil, yeri gəldi, gəlmədi, cəmiyyəti qınamağı sevirik. Amma nə qədər haqlıyıq? Ən çox gileyimiz də siyasi mədəniyyətdən olur. Amma yaxın tarixi yada salanda görürsən ki, bu xalqdan gileylənməyə heç də dəyməz. Mənim yadıma yüz minlik mitinqlər düşür. Yadınızdamı? Onlar necə sakit və ahəngdar keçirdi, heç bir qarışıqlıq olmurdu. Tək bircə dəfə – 2003-cü ildə azacıq narahatlıq olmuşdu, amma bu da bu günə qədər bəlli deyil ki, kimin “əməyi”nin nəticəsi idi!

Bilirsiniz, təbiət kimi cəmiyyətin də sualları ayrı-ayrı insanların qoyduğu suallardan qat-qat asan olur. Çox şey göründüyündən qat-qat sadə və asandır. Yazının əvvəlindəki sualın cavabı budur ki, insanlar mədəni siyasi vasitələrdən və üsullardan istifadə etmək istəyirlər, sadəcə, hakimiyyət qeyri-mədəni, zorakı üsullardan daha çox istifadə edir.

Insanlar nə istəyirlər? Onlar istəyirlər ki, seçkilərə və digər böyük siyasi tədbirlərə (məsələn, referendumlara) getsinlər, bütün məsələ və problemləri bu yolla həll etsinlər. Amma hakimiyyət buna imkan vermir! Insanlar istəyirlər ki, normal qanunlar olsun. Amma hakimiyyət buna mane olur! Insanlar istəyirlər ki, mübahisəli məsələləri məhkəmələrdə həll etmək imkanı olsun. Amma hakimiyyət məhkəmələri nəzarətdə saxlamaqla buna macal vermir!.. Bundan sonra buna nə demək olar? Bu cəmiyyəti necə və hansı adla adlandırmaq olar? Çox sadədir: qeyri-mədəni üsullarla idarə olunan mədəni cəmiyyət. Bəli, məhz belədir.

Siz digər müsəlman xalqlarına və millətlərinə baxın. Türkiyə istisna olunmaqla, heç bir yerdə bu qədər dinc və tolerant millət yoxdur. Və o da var ki, arzu ilə imkan uzlaşmayanda bir qayda olaraq, nihilizm yaranır. Biz indi ölkədə dinc və demokratik vasitələrin böhranını yaşayırıq. Özünün siyasi arzularını siyasi vasitələrlə, demokratik üsullarla gerçəkləşdirə bilməyən cəmiyyət siyasi nihilizmə yuvarlanır, siyasi prosesləri tamam inkar edir, onlara qoşulmaq istəmir. Nəticə budur.

Indi bir sual da verəcəm. M.Qandinin siyasi idealları niyə baş tutdu? Çünki zorsuz müqavimət üsulları mədəni ingilis xalqında normal qarşılandı, hətta Böyük Britaniyanın özündə bu nəzəriyyənin çoxlu tərəfdarları meydana çıxdı. Bu mübarizə üsulları Rusiya imperiyası ilə mübarizədə effekt verərdimi? Buna o qədər də inanmıram…

 

Kiçik sözardı

 

Qandidən söhbət düşdü. Bizim sonuncu mitinqlərimizdən birini xatırlatmaq istəyirəm. Insanlar etiraz əlaməti olaraq oturdular. Sanki polislər bayaqdan elə bunu gözləyirdilər, insanların üstünə elə cumdular ki… Bəli, bu elə zorsuz müqavimət idi. Amma ona zorakı üsullarla cavab verildi. Deməli, bura heç də Ingiltərə deyil, burada hələ dinc insanları dəyənəkləmək, qana boyamaq hakimiyyət üçün heç də problem deyil. Nəticə? Çox güman ki, cəmiyyət öz mədəni səviyyəsində çox yüksək bir səviyyəyə çatanda hakimiyyəti güzəşt etməyə məcbur edə biləcək – ziddiyyətli nəticə olsa da, hələ ki, başqa bir çıxış yolu yoxdur…