Müsavat rəhbərliyi son istefaları müzakirə edib

“İstefalar həm partiya, həm də onlar üçün itkidir”

“Qabil Hüseynli və Adil Qeybulla Müsavat Partiyasından istefa verdiyinə görə təəssüflənirəm”. Bunu Müsavat Partiyasının Məclis üzvü, politoloq Hikmət Hacızadə deyib.

“Müsavatda avtoritarlıq var”

O, bir müddət əvvəl özünün də partiyadan narazı olduğunu dilə gətirdiyini xatırladıb: “Ancaq həmin vaxt mənim narazı olduğum məsələ ilə onların indi narazı olduğu məsələ eyni deyil. Qabil Hüseynli və Adil Qeybulla narazılıqlarını belə ifadə edirlər ki, partiyanın siyasəti ilə razı deyillər və partiyada avtoritarlığın artmasına görə istefa veriblər”.
H.Hacızadə “Hazırda Müsavat partiyasında avtoritarlıq varmı” sualını belə cavablandırıb: “Avtoritarlıq hər yerdə var. Əlbəttə ki, Müsavat Partiyasında da…”.
H.Hacızadə hazırda Müsavat Partiyasından istefa vermək barədə düşünmədiyini də əlavə edib.

“İstefalar həm Müsavat, həm də onlar üçün itkidir”

“Müsavat Partiyasından olan son istefalar barədə mətbuat vasitəsilə xəbər tutdum. Təbii ki, hər iki şəxsin partiyadan istefa verməsinə təəssüf edirəm”.
Bunu isə Müsavat Məclisinin sədri Arzu Səmədbəyli deyib. O bildirib ki, Qabil Hüseynli və Adil Qeybullanın partiyanın bu il keçiriləcək qurultayına qədər Müsavatda qalacağını gözləyirmiş: “Ancaq qurultayı gözləmədən getdilər. Təbii ki, bu onların öz qərarıdır. Ancaq onlar açıqlamalarında da Rəsulzadə ideyalarına sadiq qaldıqlarını, hansısa ictimai-siyasi qurumda fəaliyyətlərini davam etdirəcəklərini deyiblər. Mən onlara uğurlar arzu edirəm”.
A.Səmədbəyli deyib ki, Sülhəddin Əkbər, İbrahim İbrahimli, ardınca Qabil Hüseynli və Adil Qeybullanın partiyadan getməsi Müsavat Partiyası üçün itkidir: “Bu, həm partiya üçün, həm də o adamların özləri üçün itkidir. Çünki onlar partiyadan çıxmalarından xoşhal olduqlarını deməyiblər, təəssüf hislərini dilə gətiriblər. Kimlərsə gəlir, kimlərsə gedir. Son vaxtlar Müsavat Partiyasına xeyli gənc üzv olub, ancaq biz heç bunu mətbuata deməmişik. Bütün siyasi təşkilatlarda olduğu kimi, gələnlər də, gedənlər də olacaq”.

“Müsavat rəhbərliyi istefaları təəssüflə qarşılayır”

Partiyadakı son istefalar Müsavat rəhbərliyinin bu gün keçirilən toplantısında da müzakirə olunub. Toplantı barədə məlumat verən Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, partiya rəhbərliyi son istefaları təəssüflə qarşılayıb: “Bu adamların partiyadan getməsi bizim tərəfimizdən daha ağrılı qarşılanır. Ancaq Müsavat Partiyası 100 il tarixi olan, bir çox çətinliklərə duruş gətirən siyasi təşkilatdır. Biz əminik ki, istefa vermiş adamların yerini tanınmış, siyasi mübarizə təcrübəsi olan şəxslər tutacaq”.
Qeyd edək ki, yanvarın 4-də partiya başqanının müavini Qabil Hüseynli və partiya Divanının üzvü Adil Qeybulla Müsavat Partiyasından istefa verib. Bununla da, Müsavat başqanının müavinlərinin sayı 6-dan 4-ə enib. Belə ki, Q. Hüseynli partiyadan istefa verib, başqanın digər müavini Arzu Səmədbəyli partiya Məclisinin sədri seçilib. Hazırda Müsavat başqanının müavinləri bunlardır: Arif Hacılı, Tofiq Yaqublu, Mehman Cavadoğlu və Məryəm Oruclu.
Partiyanın Nizamnaməsinə əsasən, başqan müavini vəzifəsinə təyinat Müsavat Partiyasının başqanının səlahiyyətinə aiddir. Nizamnamədə partiya başqanı müavinlərinin sayı ilə bağlı konkret qeyd yoxdur (APA).