Adil Qeybulla istefasından danışdı

“Məclisinin sonuncu iclasında baş verənlər istefamızı sürətləndirdi”

“Mən AXCP və Müsavatın birləşməsinin tərəfdarıyam”

“Qabil Hüseynli ilə Müsavat Partiyasının bu il keçiriləcək qurultayını gözləyib sonra istefa verəcəkdik. Sadəcə, partiya Məclisinin sonuncu iclasında baş verən hadisələr bu prosesi sürətləndirdi. Qərara gəldik ki, münasibətlər birgə fəaliyyət göstərməyin mümkün olmadığı həddə çatıb”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla deyib.
A.Qeybulla Qabil Hüseynlinin ona görə istefa verdiyini açıqlayıb: “Məclisin son iclasında səslənən ittihamlardan sonra mən qurultayı gözləməyib, indi istefa vermək qərarına gəldim. Qabil Hüseynli də mənimlə birlikdə istefaya getmək qərarı verdi. Əslində, Qabil Hüseynli ilə partiyanın qurultayından sonra istefa verəcəkdik. Ancaq bizim istefamızın Sülhəddin Əkbər və İbrahim İbrahimlinin istefası ilə əlaqəsi yoxdur”.
A.Qeybulla “Qabil Hüseynlinin və Sizin istefanız Müsavat Partiyası üçün nə qədər böyük itkidir” sualını isə belə cavablandırıb: “Mənim istefamın Müsavat Partiyası üçün itki saymağımı deməyim bir qədər etikadan kənar olardı. Ancaq Qabil Hüseynlinin partiyadan getməyi təbii ki, partiya üçün itkidir. Çünki vaxtilə dövlət müşaviri işləmiş, SSRİ dövründə televiziyada elmi icmallar aparmış, professor olan bir şəxsin getməsi partiya üçün təbii ki, itkidir”.
A.Qeybulla AXCP və Müsavatın birləşməsinin tərəfdarı olduğunu da vurğulayıb: “Mən istənilən inteqrasiyanın dəstəkləmişəm, bu məsələnin də tərəfdarı kimi çıxış etmişəm. Hətta bir model kimi təkliflə çıxış etmişəm. Birləşmə cəmiyyətə bir impuls verərdi”.