Rusiyadan Azərbaycana böyük köç gözlənilir

Həmyerlilərimizin vətənə dönəcəyi halda ölkədə hansı problemlər yarana bilər?

 

Rusiyada yaşayan azərbaycanlıların kütləvi şəkildə vətənə qayıtması gözlənilir. Bunun bir səbəbi Rusiyada faşizm dalğasının başlamasıdırsa, digər səbəbi əməkçi miqrantlarla bağlı qəbul edilən yeni qərardır.
Rusiya Nazirlər Kabinetinin bu qərarı yanvarın 1-dən qüvvəyə minib. Həmin qərara əsasən mühacirlərə “iş vərəqəsi” deyilən sənəd verilməyəcək. Bu, miqrantların nəzarətində olan xırda ticarəti qadağan etmək istiqamətində görülən tədbirlərin tərkib hissəsi hesab edilir. Hələ bu qərar qüvvəyə minməmiş Moskvanın yeni meri Sergey Sobyanin paytaxtda miqrantların nəzarətində köşkləri yığışdırıb. Bir neçə gün ərzində yüzlərlə köşk yığışdırılıb. Bütün bunlar isə minlərlə insanın işsiz qalması ilə nəticələnib ki, onların da əhəmiyyətli hissəsi azərbaycanlılardır. Yeni qərar qüvvəyə minəndən sonra isə işsizlərin sayı birəbeş artacaq. Bu halda  soydaşlarımızın kütləvi şəkildə vətənə köçü başlaya bilər.
Bu baş verərsə, ölkədə hansı problemlər yaşana bilər?
Ekspertlərin fikrincə, soydaşlarımızın kütləvi şəkildə vətənə köçü ölkə üçün ciddi fəsadlara səbəb ola bilər: “Bu sırada ilk növbədə ölkədə kriminogen durumun nəzarətdən çıxması, cinayətkarlığın artmasını qeyd etmək olar. Bəllidir ki, işsizlik olan yerdə cinayətkarlıq da artır. Rusiyada işsizlik və digər səbəblərdən Azərbaycana axışan soydaşlarımız təbii ki, burada da iş tapmaqda çətinlik çəkəcəklər. Soydaşlarımızın vətənə köçü ilə işsizlərin sayı artacaq. Bu isə ölkədə kriminal meyllərin güclənməsinə və cinayətkarlığın artmasına səbəb olacaq.
Soydaşlarımızın köçü ölkədə sosial-iqtisadi vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq. Bəllidir ki, bu gün bir çox rayonlarda ailələr məhz Rusiyadan gələn pulun hesabına dolanırlar. Yəni, demək olar ki, bütün rayonlarda hər ailədən bir nəfər Rusiyaya qazanc dalınca gedib. Və onlar qazandıqlarını ailələrinə göndərirlər. Rusiyadan vətənə qayıtmaq isə Azərbaycanda minlərlə ailənin sosial vəziyyətini dözülməz dərəcədə pisləşdirəcək”.
Ekspertlərin fikrincə, bütün bunlara rəğmən ölkədə ucuzlaşma da müşahidə edilə bilər. Lakin ucuzlaşma ərzaq bazarına deyil, daşınmaz əmlak bazarına aiddir: “Azərbaycanın mənzil bazarında ev satanların əhəmiyyətli hissəsi Rusiyaya getmiş soydaşlarımızdır. Bunu ev-alqı satqısı ilə məşğul olanlar da təsdiqləyir. Təsəvvür edin, ötən ilin noyabrında bazara 7000  mənzil təklif olunub ki, bunun da yarıdan çoxunun sahibi  Rusiyadakı soydaşlarımız olub. Soydaşlarımızın vətənə köçü başlayacağı təqdirdə isə bu daha bu tendensiya daha sürətlə davam edəcək”.

İnformasiya şöbəsi