Regionun lideri Gürcüstanda Yeni il

Hökumət insan rahatlığını düşünür – hər şey ucuz, xidmətlər bol, təhlükəsizlik yüksək səviyyədə

25 manatla bayramı istədiyin kimi qeyd edə bilərsən

 

Düz bir il idi ki, Yeni ili Gürcüstanda qeyd edəcəyimi aləmə car çəkmişdim. Nə yolla olursa-olsun Tiflisə getməli, Yeni ili orada keçirməyi planlaşdırırdım. Özüm də hiss etmədən arzum çin oldu və mən 24 yaşımı, həm də öz ilimi – Dovşan ilini orada qeyd etdim. Tiflisə “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlovla birgə getdim. Orada qarşılaşdığımız maraqlı və bizim üçün qeyri-adi olan gözləntilər başqa bir yazının mövzusudur. Bu yazıda tanışlarımın ünvanladığı “Gürcüstanda Yeni ili necə qarşılayırlar” sorusuna cavab verməyə çalışacam…
Bu ildə çoxlu sayda azərbaycanlı Yeni ili Gürcüstanda qeyd etmək üçün ora getmişdi. Tiflisdə Informasiya mərkəzinin əməkdaşlarının verdiyi məlumata görə, ötən il 5000-ə yaxın azərbaycanlı Yeni ili Tiflisdə qarşılamışdısa, dovşan ilini isə nə az, nə çox, 10000 insan qeyd etmək üçün Gürcüstanın paytaxtına yollanmışdı. Sonuncu rəqəmi mərkəzə dekabrın 26-na kimi təşrif buyuran həmyerlilərimizin sayı ilə ölçmüşdülər. Yəni dekabrın 26-dan sonra Tiflisə gələn azərbaycanlılar 10000-dən çox idi. Öz müşahidələrimiz əsasında təxminən bu rəqəmi 15000-ə yaxınlaşdırdıq.

Bir həftəyə sığmayan Yeni il

Gürcülər Yeni ili dekabrın 29-dan qeyd etməyə başlayırlar. Tam əsaslı şəkildə. Bunu bizə təzəcə tanış olduğumuz gürcü dostlarımız deyir. Onlar deyir ki, dekabrın 15-dən Tiflisin hər yerində yolkalar qurulur, milli Santa Klauslar küçələrə çıxırlar. Amma dekabrın 29-dan yanvarın 4 və ya 5-nə qədər vur-çatlasın başlayır…
Gürcülərin Qar qızı yoxdur. Buna ehtiyac görmürlər də. Söhbət etdiyimiz gürcülər Yeni ilin simvolunu yalnız Santa Klausdan ibarət olduğunu söyləyirlər. Onların fikrincə, Santa Klaus ilə Qar qız bir-birlərinə uyuşmur…
Dekabrın 15-dən artıq bütün küçələrdə yolkalara rast gəlmək olar. Təkcə Santa Klaus ilə yox, milli geyimdə bəzənmiş Gürcü Babalarla. Əyinlərində qışın və qarın gəlişini ehtiva edən kürkü və başlarında bizim çobanların qoyduğu yekə papaq Gürcü Babanın geyimini təşkil edir. Bəlkə də onların adı Gürcü Baba da deyil. Bilmək olmur. Onların hansı adı daşıdığını öyrənmək istədik. Gürcülər həmin bu geyimlilərə xüsusi bir ad vermədiklərini bildirdilər. Söylədilər ki, sadəcə bu, onların simvoludur. Adsız olduqları olduğu üçün azərbaycanlılar onlara Gürcü Baba adını veriblər.
Bu Gürcü Babalara Santa Klauslar kimi Tiflisin hər yerində rast gəlmək mümkün deyil. Onlar şəhərdə salınan böyük yolkaların yanında olurlar. Loru dillə desək, yolkalar Gürcü Babaların, kiçik parklar Santa Klausların inhisarındadır. Yəni biri o birinin bazarına soxulmur. Onlarla şəkil çəkdirmək nə çətin, nə də bahadır. Santa Klausla bir şəkil çəkdirməyin qiyməti 1 lari (50 qəpik), Gürcü Babalarla turistlərin şəkil çəkdirməsi isə pulsuzdur. Maraq gəldiyi üçün dostlardan soruşuruq: “Gürcü Baba ilə şəkil çəkdirib bir lari ödəmək turistlər üçün o qədər çətin deyil”. Onların cavabları çox gözəldir – Gürcü mədəniyyətini dünyaya göstərmək. Şəhər meri milli geyimlərindəki Babalara pul ödəyirlər. Santa Klauslar üçünsə, şəhər meri heç bir lisenziya müəyyənləşdirməyib. Yəni hər bir şəxs, hətta əcnəbi belə Santa Klaus ola bilər. Sadəcə meriyaya bir məktub yazmaq lazımdır. Meriyanın işi müsbət cavab verməkdən ibarətdir. Bir də nəzarət edirlər ki, Santa Klauslar xidmətləri müqabilində artıq pul almasınlar. Bu baş verəcəyi təqdirdə Santa Klaus cərimələnir və bu geyimə həsrət qalır. Bir sözlə, hökumət Yeni ilin öz vətəndaşları üçün olduğunu dərk edir və hər şeyi gürcülərin maddi imkanlarına uyğunluğunu nəzarətdə saxlayır.

Süni qar dənələri, amma…

Gürcüstanda Yeni il iki yerdə xüsusi atəşfəşanlıqla qeyd edilir; paytaxt Tiflisdə və Batumidə. Adətən, paytaxtda yaşayanlar Yeni ili Batumidə qarşılayır. Amma özlərinin dediklərinə görə, Tiflisdə Yeni il daha gözəl olur. Bununla belə onlar yenə Batumiyə üz tuturlar. Çünki başqa vaxtı paytaxt sakinlərinin ora getməsi üçün zaman məhdudiyyəti olur…
Gürcülər Yeni ili bu dəfə qarsız qarşıladılar. 2011 qarsız gürcülərin həyatına daxil olsa da, onların əhvalını korlaya bilmədi. Çünki hökumət bir neçə gün öncə gürcülərə və turistlərə qarı hiss etdirə bilmişdi. 10-15 metr ərazini əhatə edən kiçik komalar və onların qarşısında atlara və inəklərə qoşulmuş arabaların üstü və ətrafı süni qarlarla örtülmüşdü. Nəzarətçilərin icazəsi ilə insanlar bu süni qar dənələrinə toxunur, üstəlik, qartopu edib bir-birlərinə də atırlar. Adətən qartopu oynayanlar sonradan faytona bənzər at-araba ilə şəhəri gəzirlər. Turistlərin maraq dairəsinə düşən bu “kiçik kəndlər”də bütün xidmətlər həddindən artıq ucuzdur. At-araba ilə şəhərdə beş dəqiqə hərəkət etmək 2 lari (1 manat), oyuncaqların ən bahalısı 5 lari (2 manat 50 qəpik), öz fotoaparatınla Santa Klausdan tutmuş mərasimlərdə istənilən şəkil çəkmək isə pulsuzdur.

Nə istəyirsən, onu sifariş ver…

Yeni ilin gəlməsinə bir gün qalmış Tiflisin mərkəzi meydanı və parlamentin qarşısı xüsusi dəmirlərlə hasarlanır. Səhər saatlarında gediş-gəliş mümkün olsa da, günorta saatlarında hər şey polisin nəzarətində olur. Mərkəzi meydana yoxlamadan sonra giriş mümkündür. Dekabrın 30-da artıq meydanda rəqs meydançaları və müğənnilər üçün kiçik zallar quraşdırılır. Elə həmin gündən məşqlər başlanır. Işin maraqlı tərəfi ondan ibarətdir ki, Yeni ildə insanların qarşısında çıxış edəcək müğənnilər həmin yerdə məşqlər edirlər. Oxuduqları mahnılar, göstərdikləri triumflar insanların ürəyincə olmadıqda təkrar-təkrar çıxış edirlər. O vaxta qədər ki, insanların gur alqışlarının səsi eşidilməyincə. Gur alqış gələndən sonra növbəni digər həmkarına verir. Məşqə çıxan şəxslər tamaşaçıların istəklərini də yerinə yetirməyi unutmurlar. Yeni il günü sifariş verə bilməyəcəyi mahnını insanlar bir gün qalmış sifariş verir, hətta səhnəyə çıxıb öz yaxınlarına, sevgililərinə ismarıc belə yollayırlar. Musiqi sifariş alan müğənni həmin mahnı onun repertuarına uyğun olmadıqda bir neçə dəfə üzrxahlıqdan sonra səhnəni tərk edir. Bununla da məsələ bitir. Bizdəki kimi Gürcüstanda heç bir restoranda Yeni il dəbdəbəli, müğənnilərlə keçirilmir. Orada restoranlar adi günlərdə fəaliyyət göstərdiyi kimi işləyirlər.

Hər kəs Yeni ili öz evində qarşılayır

Əsəs gün – dekabrın 31-də isə Tiflis daha da gözəl olur. Günorta saatlarına qədər marşrut işləsə də, təxminən axşamüstü – beşdən sonra əsas küçələrdə marşrutların hərəkəti məhdudlaşır. Insanlar küçə boyu rahat hərəkət etməyə başlayırlar. Saat 21:00-dan etibarən əsas meydan insan izdihamı qəbul edir. Bir hektardan çox əraziyə isə 1000-dən çox polis nəzarət edir. Hər bir kəsin üst-başı diqqətlə yoxlanıldıqdan sonra içəriyə daxil olmağa icazə verilir. Xırda bir mübahisə belə asayiş keşikçilərinin gözündən yayınmır. Hər şeyi tam nəzarətdə saxlaya bilirlər.
Işin maraqlı tərəfi həm də odur ki, küçələrə çıxan insanların əksəriyyəti turistlər və Yeni ili qarşılamaq üçün Gürcüstana təşrif buyuran insanlardır.
Gürcülər saat 23:30-a qədər mərkəzi meydanda, küçələrdə qurulmuş yolkaların ətrafında qeyd edirlər. Yeni ilin gəlməsinə bir neçə dəqiqə qalmış isə onlar evlərinə gedir və əqrəblərin üst-üstə düşməsini gözləyirlər. Onların düşüncələrinə görə, hər bir gürcü Yeni ili evində, ailəsi ilə qarşılamalıdır. Elə dostlarımız da gecə 12 tamama az qalmış bizi tərk etmək məcburiyyətində qaldılar. Onlarla yenidən görüşümüz bir neçə dəqiqəlik zamana sığan bir ildən sonra oldu.
Atəşfəşanlıq isə o qədər də gur olmur. Buna ehtiyac görmürlər. Bir gürcü deyir ki, çoxlu sayda pul xərcləyib, süni atəşfəşanlıq yaratmaq lazım deyil: “Hər şey təbii olmalıdır”.

***

Səhərə qədər davam edən şounu isə gürcülər, adətən, bar-kafelərdə qeyd edirlər. Çaxır, şampan, araq butulkaları isə küçələrə xüsusi gözəllik gətirir. Səhər saatlarında xüsusi maşınlarla küçələr əvvəlki görkəminə qayıdır.
Yeni ilə görə metrodan istifadə 12-dən səhər saat 5-ə qədər davam edir. Bununla da Yeni il tamamlanır. Amma gürcülər yanvarın 4-5-nə qədər istirahət edib, ötən ilin yorğunluğunu çıxarırlar.
Bir sözlə, Yeni ili gürcülər öz adət-ənənələrinə, MƏDƏNIyyətlərinə uyğun qeyd edirlər. “Yeni ili necə qarşılasan, həmin il sənin üçün elə olacaq” – bu sözlər də gürcü xalqına məxsusdur. Bəli, gürcülər Yeni ili bu cür qarşılayırlar ki, qarşılarındakı günlər, həftələr, aylar dekabrın 31-i kimi olsun. Elə də olur…
Yaddan çıxmışdı. Onu da qeyd edim ki, 4 nəfərlik gürcü ailəsi Yeni ili qarşılamaq üçün – 50 lari (25 manat) xərcləsə, orta statistik azərbaycanlıdan daha yaxşı süfrə açar, Yeni ili qaş-qabaqlı deyil, gülərüzlə qarşılayar. Məhz buna görə də, hər il dekabrın 31-də Tiflisin “əhalisi” artır.
Məhz bütün bunlar 2010-cu ildə 5 min, 2011-ci ildə isə 10000-dən çox azərbaycanlının Gürcüstana getməsinə səbəb olub.
Yeni iliniz mübarək!

Ramin DEKO,
Bakı-Tiflis-Bakı