Polşadan Rusiyaya Kaçinski ittihamı

Baş nazir Donald Tusk keçmiş prezidentin ölümünə görə rus dispeçerlərin məsuliyyət daşıdığını bildirdi

Ötən il aprelin 10-da Polşa prezidenti Lex Kaçinski ilə birlikdə 84  hökumət və 9 ekipaj üzvünün faciəli şəkildə həlak olmasıyla nəticələnən təyyarə qəzası ətrafında ziddiyyətli bəyanatlar səngimir. Bir neçə gün öncə mərhum prezidentin qardaşı, Yaroslav Kaçinski Rusiya tərəfini ölkə rəhbərinin cəsədinin qalıqlarını tam olaraq təhvil verdiyinə dair şübhələrinin olduğunu bildirmişdi. O, hətta Kaçinskinin məzarının ekskumasiyasının da istisna olunmadığını söyləmişdi.
Bu dəfə isə Polşanın baş naziri Donald Tusk Smolensk hava məkanı üzərində baş verən qəzaya görə rusiyalı aviadispeçerləri günahlandırıb. Onun sözlərinə görə, əgər Smolensk hava limanının dispeçerləri səhlənkərlıq etməsəydi faciə baş verməzdi: “Əgər hava limanının aviadispeçerləri prezident təyyarəsinin enişinə icazə verməsəydi, layner qəzaya uğramayacaqdı. Hava şəraitinin uyğun olmaması Kaçinskinin olduğu hava gəmisinin eniş etməsinə tərəddüd yaradıb. Lakin rusiyalı dispeçerlər heç bir problem olmadığını və təyyarənin enməsi üçün maneə yaranmadığını bildirib. Nəticədə isə məsuliyyətsizlik üzündən Polşa xalqının dəyərli insanları həyatını itirdi”.