«Bahar Muradova narahat olub»

Gözəl Bayramlı: «İctimai Palata cəmiyyətin böyük bir təbəqəsinin sözçüsü olacaq»

 

Azərbaycanın demokratik qüvvələrinin bir araya gələrək Ictimai Palata təsis etməsinə hakimiyyətdən də maraqlı reaksiya gəlib. YAP Idarə Heyətinin üzvü, parlamentin vitse-spikeri Bahar Muradova bu qurumun yaradılmasını “evcik-evcik” oyunu adlandırıb: “Onlar belə ideyaların səmərə vermədiyini bilirlər. Parlament seçkilərindən öncə superpartiya yaratmaq ideyaları da var idi. Bununla da cəmiyyəti ”titrədəcəklərini” bəyan edirdilər. Amma birləşmə alınmadı və titrəyənlər də özləri oldu. Bəzi müxalifət partiyalarının Ictimai Palata adlı yeni qurum yaratmalarının Azərbaycandakı ictimai-siyasi proseslərə, ölkəmizin inkişafına zərrə qədər təsiri yoxdur və olmayacaq. Yeni təşkilat onların xırda-para məşğuliyyətlərinin tərkib hissəsidir. Ona görə də bu məsələyə əhəmiyyət vermək lazım deyil”.
AXCP sədrinin müavini Gözəl Bayramlı hesab edir ki, vitse-spikerin Ictimai Palata, həmçinin müxalifət haqqında dediklərinin heç bir əsası yoxdur: “Əslində Bahar Muradova  ölkədə güclü bir müxalifətin olmasına tərəfdar olmalıdır. Xatırlayırsınızsa, dövlət başçısı ”Euronyus”a müsahibə verəndə böyük fəxrlə demişdi ki, Azərbaycanda müxalifət yoxdur. Halbuki bunun özü də utanc gətirən haldır. Sivil ölkələrdə güclü hakimiyyətin güclü də müxalifəti olur. Amma təəssüf ki, Azərbaycan hakimiyyəti müxalifəti parlamentə buraxmamaqla özü ilə xalq arasında sərhəd çəkdi. Təyin etdiyi adamları parlamentdə oturtdurdu, real müxalifəti kənarda saxladı. Əslində “evcik-evcik” oyununa müxalifətin yox, oyuncaq parlament formalaşdıran hakimiyyətin hərəkətləri bənzəyir”.
G.Bayramlı deyir ki, Ictimai Palata Azərbaycanın müxalif elektoratını birləşdirən təsisatdır: “Burada seçkidən narazı qalan, Azərbaycandakı idarəetmə üsuluna etiraz edən insanlar cəmləşib. Müxalifət liderləri, onların təmsilçiləri, o cümlədən ictimaiyyətin tanınmış nümayəndələri, ziyalılar, yazarlar bu Palataya qoşulublar. Ictimai Palata cəmiyyətin böyük bir təbəqəsinin sözçüsü olaraq yaradılıb. Mən əminəm ki, bu Palata cəmiyyəti hakimiyyətə qarşı real müxalifətin arxasınca apara biləcək. Bu qurumun əsas məqsədlərindən biri də ölkədə demokratik seçkilərin keçirilməsidir. Hökumət real müxalifəti parlamentdən kənarda qoydu. Kənarda qalan  adamlar da böyük bir təbəqənin, narazı elektoratın nümayəndələridir. Bunlar bir araya gəlib ölkə üçün əhəmiyyətli məsələləri müzakirə edəcəklər və bunu cəmiyyətə təqdim edəcəklər. Bahar Muradovanın fikirləri narahatçılıqdan doğub. Ictimai Palata Azərbaycandakı narazı elektoratın təmsilçisi qismində yaradılıb”.
G.Bayramlının sözlərinə görə, Bahar Muradova müxalifətin birliyi məsələsində də tələskənlik edib: “Tələsmək lazım deyil. Bu istiqamətdə ciddi müzakirələr davam edir. Müsavat Partiyasının qarşıda qurultayı gözlənilir. Ictimai Palatanın yaradılması da elə bizim müttəfiqliyimizin nəticəsidir”.

Gültəkin