Əhmədinejad Səddamın yolunu tutub

İranın nüvə dövləti olması realdırmı?

Sülhəddin Əkbər: «Əhmədinejad İranın artıq nüvə texnologiyasına sahib olduğuna işarə edir»

Prezident Mahmud Əhmədinejad Qərbin ölkəsinə göstərdiyi siyasi və iqtisadi təzyiqlərin nəticə vermədiyini və Iranın artıq nüvə dövləti olduğunu bəyan edib. Əhmədinejad beynəlxalq sanksiyaların ölkəsini daha da möhkəmləndirdiyini deyir. Lakin Israil tərəfi Iranın nüvə silahı əldə etmək iqtidarında olmadığını bildirib.
Maraqlıdır ki, Əhmədinejadın bu kimi bəyanatları vaxtilə Iraqın keçmiş prezidenti Səddam Hüseynin səsləndirdiyi fikirlərə bənzəyir. Iraq diktatoru ölkəsində nüvə silahının olduğunu desə də, sonradan bunların həqiqətə uyğun olmadığı üzə çıxdı. Əhmədinejadın indiki bəyanatları ciddi qəbul edilə bilər, yoxsa o da iraqlı həmkarı kimi Amerikanı qıcıqlandırmaq niyyəti güdür?
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin sözlərinə görə, Əhmədinejad ilk növbədə Iranın artıq nüvə texnologiyasına sahib olduğunu və uranı istədiyi səviyyədə zənginləşdirə biləcəyinə işarə edir. Belə ki, bundan sonra uranı nüvə silahı əldə etmək səviyyəsinə qədər zənginləşdirə bilər”.
Ekspertin fikrincə, Əhmədinejad artıq ölkəsinin yardım olmadan nüvə silahı əldə edə biləcəyini demək istəyir.

Fizzə