Bütün Qafqaz Tiflisin qoynunda (II YAZI)

Gürcüstan ucuzluğa görə yenə regionda liderdir

 

Orada insanlar metrodan istifadədə maraqlıdır; marşrutlar biletlə işləyir; kafelər isə Bakıdan iki dəfə ucuzdur…

“Tiflis o qədər ucuzluqdur ki, 100 manatın olsa, bütün günü bəy kimi dolanarsan. Üstəlik, ev-eşiyə bir-iki şey də alarsan”. Bu sözləri hər dəfə Gürcüstandan gələn dostlarımdan eşidirəm. Bu il mənim ilim olduğu üçün fürsətdən istifadə edib ora getməyə planlaşdırdım. Həm ziyarət, həm ticarət prinsipi ilə Tiflisə üz tutdum. Dostlarımın dediklərində nə qədər həqiqət yükü olduğunu gözümlə görmək istəyirdim. Bir də, ataların belə məsəli var – Yeni ilə necə qədəm qoysan, sona qədər elə keçirəcəksən. Ən çox bu amili nəzərə alıb, xəritədə Tbilisi kimi yazılan qədim şəhərə gedirəm.

Yenə bizimkilər…

Öncə qatardakı ab-havaya qısa ekskurs edim. Türkiyə və Gürcüstanda bizim vətəndaşlar üçün viza problemi olmadığından, dekabrın son günləri minlərlə azərbaycanlı Yeni ili qarşılamaq üçün bu iki ölkəyə üz tuturlar. Həmişə də dekabrın üçüncü ongünlüyündə kassalarda adam əlindən tərpənmək olmur. Qışın oğlan çağında belə orada 20-30 dərəcə isti olur. Basabas yarandığından milli mentalitetimizə uyğun olaraq qatarların qiyməti bahalaşır. 25 manatlıq bileti Ziya Məmmədovun işçiləri mənə göz-görəsi 28 manata minnətlə sırıdı. Təki buradan gedim deyib hər təklifə boyun əydim və heç bir etiraz etmədən bileti aldım. 22:00-da yola düşən qatar səhər 13:25-də Tiflisdə olmalıydı. Amma ora iki saat gec çatdıq. Səbəb çox sadə idi. Azərbaycan sərhəd xidməti əməkdaşlarının göz yumduğuna gürcü həmkarları diqqət yetirmişdilər. Tiflisə pal-paltar keçirən bir qrup şəxsi gürcü sərhədçiləri saxladıqları üçün mən qədim şəhərin həsrət acısını əlavə iki saat dadmalı oldum.
Tiflis vağzalının ətrafı eynən “28 may” metrostansiyasını xatırladır. Eyni pintilik, qaraçılar, piştaxta üstündə satılan ərzaqlar… və dilənçilər. Dostlarımın Gürcüstan haqda dedikləri gözlərimin önündən keçir. Bütün bunların quru sözlər olduğunu dərk edib qayıtmaq istəyirəm. Amma bir az da özümə toxtaxlıq verib şəhəri gəzmək qərarına gəlirəm. Və budur, arzuların şəhəri önümdədir…
Onu da qeyd edim ki, azərbaycanlılar Tiflisin bütün küçələrinə milli tamı qatıblar.

Metropoliten özünü dolandırır

Bizim “Sahil” metrosu adlandırdığımız Mercanaşvili küçəsinin, demək olar, tən yarısı türklərin nəzarəti altındadır. Gürcülərin dilini bilmədiyim, həm də şəhərə nabələd olduğum üçün türk kafelərinin birində nahar etmək qərarına gəlirəm. “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlovla adama iki dönər və bir kola sifariş veririk. Hə, onu da deyim ki, Tiflisdə hər bir dönər Bakının iki dönəri boydadır. Deməli, orta hesabla ikimizə səkkiz dönər, iki kola içirik. Hesab nə qədər olsa yaxşdır? Cəmi 22 lari, yəni 11 manat.
Dostlarımızın köməyi ilə hoteldə yer tuturuq. Üç otaqlı, hər bir şəraiti olan hotelə biz gündəlik 90 lari (45 manat) ödəməliyik. Dostlarımız deyir ki, qafqazlılar bir şeyə marağın həddən artıq olduğunu görüb, tez qiymətini qaldırırlar: “Indi Yeni ilə görə turistlərin sayı çox olduğundan qiymətlər iki dəfə qaldırılıb. Əgər adi gündə gəlsəniz, bu hoteldə 50 lariyə (25 manat) otaq kirayələmək olar”. Etiraz etmədən bir günün pulunu veririk. O ümidlə ki, sabah mərkəzə yaxın yerdə qərarlaşarıq. Və şəhərə gəzintiyə çıxırıq.
Tiflisdə də metro saat axşam 12-yə qədər işləyir. Bayram günləri isə gecə saat 4-ə kimi fəaliyyət göstərir. Orada da giriş üçün plastik kart gərəkdir. Amma bizdəki kimi iki manata deyil. 2 lari (1 manat) verib kart alırsan. Dostlarımız deyir ki, gürcülər metro kartından istifadədə çox maraqlıdır. Bir gediş üçün 40 tetri (20 qəpik) ödəyirsən, qayıdan baş sənin hesabından 30 tetri (15 qəpik) çıxır. Əgər sən gün ərzində metrodan bir neçə dəfə istifadə etsən, bu qiymət 20 tetriyə (10 qəpik) qədər enəcək. Həqiqətən də orada qaldığım günlərdə bunun şahidi oldum. 4 lari (2 manat) ilə 14 dəfə metrodan istifadə edə bildim.
Işin maraqlı tərəflərindən biri də odur ki, bizdəki kimi metronun girişində adamlar əllərində qəpik tutub kartı olanları gözləmirlər. Bir sözlə, hamının kartı var və hər kəs özününkündən istifadə edir.
Yeni il öncəsi olsa da metroda o qədər də qələbəlik deyildi. Dostlar deyir ki, ilin bütün günü metrodan istifadə edənlərin sayı az olur. Amma buna baxmayaraq, metropoliten öz büdcəsi hesabına hərəkət edə bilir. Yəni bizdəki kimi metropoliten hər ilin ilk ayında hökumətin nə qədər pul ayıracağını gözləmir. Əksinə metropoliten dövlət büdcəsinə yardım edir. Üstəlik, metro stansiyalarında o qədər də reklam çarxları yoxdur. Olan reklamlar da televiziya verilişləridir. Yəni bundan metropoliten gəlir götürmür. Maraq üçün qeyd edim ki, bizim metropolitendə reklam qiymətləri televiziyalardan iki dəfə yüksəkdir. Bununla belə Tağı Əhmədovun gözü yenə də dövlət büdcəsindədir.
Metronun maraqlı xüsusiyyətlərindən biri də tələbələr üçün gediş haqqının iki dəfə ucuz olmasıdır. Tələbə biletinlə sənə xüsusi kart verirlər. Gediş haqqı ödəyən zaman başqalarından fərqli olaraq verdiyin pula iki dəfə artıq jeton yükləyirlər. Bu, əcnəbi tələbələrə də şamil edilib.

Bakı ilə Tiflis kafelərinin arasında

Marşrutlarda gediş haqqı 30 tetridir (15 qəpik). Amma sən marşruta istənilən yerdə əl saxlayıb həm minə, həm də pulu sürücüyə verə bilməzsən. Xüsusi aparata pulunu atıb bileti almalısan. Bilet almadığın təqdirdə hansısa bir zaman kəsiyində patrul xidmətinin yoxlamasıyla cərimələnə bilərsən. Bu ənənəyə öyrəşməyən turistlərə isə kifayət edəcək qədər güzəşt olunur.
Kafelərdə yeməklər ucuz, menyülər boldur. Yalnız əcnəbilərin açdığı kafelərdə qiymətlər kəllə-çarxdır. Əslində bu, bizim üçün o qədər böyük rəqəm deyil. Məsələn, türk restoranında yediyin yemək bizim adi restoranlardakı qiymətlərlə eynidir. Amma istənilən halda kasıb gürcülər üçün bu, yüksək məbləğ sayılır.
Gürcü kafelərində isə hər şey həddindən artıq ucuzdur. Gəlin qiymətlərə birgə nəzər yetirək. Bir gürcü kafesində 10 bakal pivə (bir bakal 50 tetri) içmək, 30 xəngəl (bir xəngəl 20 tetri) və iki şiş kabab (bir şiş kabab 4 lari) yemək cəmi cümlətani 19 lari, bizim pulla 9 manat 50 qəpikdir. Halbuki bizim kafelərdə bir bakal pivəni 80 qəpikdən ucuz içmək olmaz. Yuxarıda sadaladığım menyününün Bakı kafelərində qiyməti ən azı 20 manatdır.

İnternet-kafelər yoxdur

Tiflisdə internet-kafelər də azdır. Demək olar ki, yoxdur. Iki gün sərasər internet-kafe axtarışım heç bir effekt vermədi. Səbəb çox sadədir. Internet ucuz olduğundan hər kəs evinə Wi-Fi çəkdirib. Gürcülər bizim kimi xəsislik etməyib Wi-Fi-ya kod da qoymurlar. Çünki buna ehtiyac yoxdur. Küçədə gedə-gedə onlarla Wi-Fi-dan istifadə etmək mümkündür.
Aylıq internet haqqı ən bahalı provayderdə 20 laridir (10 manat).
Gürcüstanda olduğum zaman maraqlı bir xəbərlə qarşılaşdım. Sən demə, Tiflisdə Yeni Media ilə bağlı keçirilən bir forumda iştirak edən Xarici Işlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyib ki, Bakıda elə provayderlər var ki, aylıq abunə 5 manatdır. Hələ bu azmış kimi bildirib ki, o, belə provayderlərdən birinə abunədir. Buna etiraz edən azərbaycanlı gənclər sonradan foyedə E.Poluxovun sərt reaksiyası ilə qarşılaşıb. Gənclərə məsləhət görüb ki, yad ölkədə özümüz-özümüzə səhv tutmamalıyıq…

***

Bax belə… Bu yazı Tiflis günlərimin bir hissəsidir. Növbəti yazımda daha maraqlı nüanslara diqqət yetirəcəm. Çünki Gürcüstanda hər şey sadə gürcü vətəndaşları üçün nəzərdə tutulub. Və heç kəs gürcülər üçün yaradılan bu şəraitdən sui-istifadə edə bilməz. Çünki…

Ramin DEKO,
Bakı-Tiflis-Bakı