“Bu ölkədə haqsızlıqdan heç kim sığortalanmayıb”

Adnan Hacızadə “Azadlıq”da həbsxana həyatından və sonrakı planlarından danışdı

 

«Həbsdən əvvəl Azərbaycanda narkotik istifadəçilərinin sayının bu qədər çox olduğunu bilmirdim»

DOSYE: Adnan Hacızadə. 1983-cü ildə Bakıda anadan olub. Orta təhsilini Bakıdakı 132 saylı orta məktəbdə və Bakı Avropa litseyində alıb. Həmin illər ərzində bir il Moskvadakı 31 saylı gimnaziyada oxuyub. 11-ci sinifdə “Debatlar vətəndaş cəmiyyətində” təşkilatını təsis edərək bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edib. Azərbaycan Yaşıllar Hərəkatının fəal üzvlərindəndir. Yaşıllaşdırma, çimərliklərin təmizlənməsi və bir çox ekoloji aksiyalarda iştirak edib. 1999-cu ildə “Məktəblilərin mübadilə proqramı” çərçivəsində bir il Amerikada təhsil alıb. Daha sonra Amerikanın Riçmond Universitetində politologiya fakültəsinə daxil olub və oranı uğurla başa vurub. Azərbaycana qayıdandan sonra Xəzər Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. 2005-ci ildən ATƏT-in Müşahidə Missiyasında tərcüməçi kimi fəaliyyətə başlayıb. “Ol!” Gənclər Hərəkatının həmtəsisçilərindəndir. Gənc bloger 2009-cu ilin iyulunda “Livan” restoranındakı insident zamanı həbs olunub, bu ilin noyabrında şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.

– Həbsdən çıxandan sonra əsas şikayətin səhhətinlə bağlı idi. Indi özünü necə hiss eləyirsən?
– Əsas narahatlığım əsəb sistemimin pozulması və bundan törəyən fəsadlar idi. Sakitləşdirici dərmanların köməyi ilə özümə gəldim. Dava zamanı burnum zədələnmişdi, çəpər əyriliyi olmuşdu. Tənəffüsüm hələ də tam şəkildə bərpa olunmayıb. Bunu aradan qaldırandan sonra müalicəm başa çatacaq. Elə ciddi bir şey yoxdur. Amma kiçik şeyləri indidən həll etmək lazımdır ki, sonradan böyük problemə çevrilməsin.

“Bu hadisə mənim üçün indiyə qədər müəmmalı qalır”

– Yəqin ki, “Livan” restoranında baş verənlərin kadr arxasında qalan, bu günə qədər mətbuata çıxmayan tərəfləri də var. Planın kimlər tərəfindən qurulduğu barədə sonradan nələrsə öyrənə bildin?
– Mənim belə məsələrlə bağlı təcrübəm az idi. Kimlərinsə mənə qurğu qurduğunu düşünmürdüm. Çox maraqlıdır ki, bu hadisə baş verəndən sonra heç bir kadrarxası məlumatlar gəlmədi. Bu hadisə mənim üçün indiyə qədər müəmmalı qalır. Bu, niyə baş verdi, necə təşkil olundu? Bu suallara hələ də ətraflı cavab tapa bilməmişəm.

– Amma razılaşarsan ki, Emin Milli ilə səni həbs etmək planı əvvəldən hazırlanmışdı…
– Əlbəttə ki, bu bir təsadüf deyildi. Bu bir plan idi. Amma nə planlaşdırılmışdı, məqsəd nə idi, bunu bilmirəm. Bizə qarşı zorakılıq etmələri üçün heç bir səbəb yox idi. Biz cəmiyyət içində özümüzü həmişə nümunəvi aparmağa, kiminsə istirahətinə mane olmamağa, şərəf və ləyaqətinə toxunmamağa çalışmışıq. Bundan sonra da belə yaşamaq fikrindəyəm. Ona görə də, məni xuliqan kimi qələmə vermək istəmələri gülünc görünürdü.

– Sənin həbsinlə bağlı müxtəlif versiyalar səslənirdi. Bunların arasında məlum videorolik də var idi, internetdəki bloger fəaliyyətin də. Özün necə düşünürsən, səni nəyə görə həbs etdilər?
– Bunların hamısının təsiri var idi. Həm bloger fəaliyyəti, həm videobloqinq, həm gənclər təşkilatındakı işlərim. Birmənalı olaraq onu deyə bilərəm ki, həbsim ictimai fəaliyyətimlə bağlı idi. Buna heç bir şübhəm yoxdur.

“17 aydır onu fikirləşirəm”

– Bloger fəaliyyətində hakimiyyəti qıcıqlandıran və qəzəbləndirən nələr vardı ki, səni bu cür cəzalandırdılar?
– İnanırsız, 17 aydır elə mən də onu fikirləşirəm. Məhz nəyə görə? Mənim nümunəm göstərir ki, Azərbaycan kimi ölkədə heç bir insan haqsızlıqdan sığortalanmayıb. Yüksək məmurdan tutmuş, sıravi vətəndaşa qədər. Bir ölkədə ki, qanunun aliliyi yoxdur, orada hamı təhlükədədir. O cümlədən mən. Bilmirsən səni nə vaxt aparacaqlar və nəyə görə aparacaqlar. Mən təbiətcə fikrimi azad şəkildə ifadə edən insanam. Çalışıram həyatımı belə yaşayam. Elə buna görə də bu şeylər baş verdi. Amma dediyim kimi, bunlar hamının başına gələ bilər. Biz belə bir cəmiyyətdə yaşayırıq.

“Türmədə adını yaza bilməyən, saatı, təqvimi bilməyən insanlar var”

– 16 aylıq məhbəs həyatında Azərbaycandakı idarəetmə üsuluna daha yaxından bələd oldun yəqin ki. Həbsxananın özü də başqa bir həyatdır. Bu həyat sənə nələr öyrətdi?
– Həbsxanaya düşməmişdən əvvəl Azərbaycanda gənclər və ümumiyyətlə bütün əhali arasında narkotik istifadəçilərinin  sayının bu qədər çox olduğunu bilmirdim. Şok vəziyyətinə düşmüşdüm. Bu məsələ indi də məni çox narahat edir. Üç ilə qədər cəza alırlar, çıxırlar. Yaxşı müalicə olunmurlar yenə həbsə düşürlər. Bu bir bəladır və bunun miqyasını çox insan bilmir. Xüsusən də gənclər arasında bu problem çox yayılıb. Çox yaxşı olardı ki, müvafiq qurumlar bu problemə daha çox vaxt ayırsınlar. Həbsxanada üzləşdiyim daha bir problem savadsızlıq idi. Bəzən zarafatla deyirlər ki, filankəs öz adını yaza bilmir. Türmədə doğrudan da öz adını yaza bilməyən, hətta saatı bilməyən insanlar var. Eləsi var ki, təqvimdə hansı ayın hansından sonra gəldiyini bilmir. Amma pulu saymağı bacarırlar. Cəmiyyət həyatından tamamilə təcrid olunublar, heç nədən xəbərləri yoxdur. Kitab, qəzet oxumurlar. Içəridə onlarla belə insan var idi. Kimə nə yazmaq lazım idi məni çağırırdı. Mən də kömək edirdim. Azərbaycanda bir çox şeylərin bu dərəcədə pis olduğunu həbsə düşəndən sonra bildim.

“Bəziləri mənə dəli deyirdi”

– Belə olan halda, sənin ictimai fəaliyyətə görə həbs olunmağın onlar üçün qəribə görünüb. Ümumiyyətlə səninlə bağlı nə düşünürdülər?
– Fikirlər müxtəlif idi. Bəzi insanlar deyirdi ki, sən dəlisən, başın xarabdır. Oxumusan, işin var, niyə belə şeylərlə məşğul olursan, başını aşağı sal işini gör, siyasətə qarışma. Amma elələri də var idi ki, hər şeyi dərk edə bilirdi. Ümumiyyətlə həbsxanada haqq və haqsızlıq məfhumu çox güclüdür. Əgər haqqı müdafiə edirsənsə, bunun uğrunda mübarizə aparırsansa, sənin hörmətin olacaq. Orada məşhur bir deyim var – əlimizdən azadlığımızı alıblar, insanlığımızı ki almayıblar. Necə münasibət göstərsən, eynisi də sənə qarşı olacaq. Həbsxanada məhbus həmrəyliyi çox vacibdir. Çünki biz hamımız dar gündəyik. Ən azı, məişət müstəvisində insanlar bir-birinə kömək etməlidir. Ən kobud şəkildə desək, yemək bişirirsən soğanın yoxdur və sən onu başqasından istəyirsən. Özündə olanda da sən ona verirsən. Bunlar bəsit şeylərdir, amma çox vacibdir. Çünki yaxınların, dostların, səni sevən insanlar orada yoxdur. Sən sıravi məhbussan. 
Mən özümü heç vaxt siyasətə qarışan insan kimi qiymətləndirməmişəm. Özümü ictimai fəal gənc, məsuliyyətli vətəndaş statusunda görmək istəmişəm. Amma Azərbaycanda vəziyyət elədir ki, sən fərqli nə etsən, nə desən “baxın, siyasətlə məşğul olur” deyirlər. Hər hansı bir narazılığa, yeniliyə, təklifə, hərəkata, təşkilatlanmaya siyasi damğa vururlar. Camaat özü-özünü qorxudur. Məsələn, Almaniya fəlsəfəsi haqqında leksiyaya dəvət edirsən, gəlmir. Deyir, yox-yox mən siyasətlə məşğul olmuram.

– İstintaq müddətində və məhkəmədə çox haqsızlıqlarla, böhtanla üzləşmişdin. Hüquqi savadın, öz haqlarını bilməyin köməyinə gəlmirdi?
– Azərbaycanda insanların hüquqları pozulanda deyirlər ki, biz öz hüquqlarımızı bilmirik. Bilsək, onları heç kim poza bilməz. Amma bu hadisələrdən sonra gördüm ki, bu heç də belə deyil. Hüquq fakültəsinin məzunuyam və bəlkə də mənim qədər öz hüquqlarını bilən yoxdur. Amma gülməli də olsa, bu, heç bir şeyə yaramadı. Hüquqlarını tələb edirsən, heç bir nəticəsi olmur. Bu o demək deyil ki, hüquqlarımızı bilməməliyik və onların uğrunda mübarizə aparmamalıyıq. Amma reallıq odur ki, çox vaxt bunun nəticəsi olmur. Mən polis bölməsinə gələndə ərizə yazmışdım, sonra o ərizəni itirdilər. Tələb etsək də, bir sıra şahidləri işə əlavə etmədilər. Heç bir əsas olmadan istintaq müddətini həbsdə keçirməyimiz barədə qərar verdilər. Bizim tərəfimizdən 8 şahid olmalı idi. Onlardan yalnız birini dindirdilər. Hakim açıq şəkildə dedi ki, qalanlarına qulaq asmayacağıq. Nəyə görə, bəlli deyil. Bir neçə polisin yalan ifadə verdiyini sübut edən dəlillərimiz var idi. Bu dəlillər fotoşəkillər idi və biz onları 39-cu polis bölməsinin qarşısında çəkmişdik. Bunlar işə əlavə olunmadı.

“Bütün proseslərdən xəbərdar idim”

– Nəyə görə, hakimiyyətin hədəfində siyasi mənsubiyyəti olan, müxalifətin aksiyalarında fəallıq edən gənclər yox, məhz, iki gənc bloger oldu?
– Mən ictimai proseslərin mərkəzində olan bir ailədə böyüdüyüm üçün bütün siyasi proseslərdən xəbərim var idi. Vətəndaş kimi mən də vaxtilə bir çox aksiyalarda iştirak etmişəm. Meydan hərəkatından başlayaraq 2005-ci ilə qədər atamın çiyinlərində demək olar ki, bütün aksiyalara qatılmışam. Demək olmaz ki, mən aksiyalardan kənarda qalmışam…

– Amma təşkilatçılar arasında olmamısan…
– Bəli, təşkilatçılardan deyildim. Bu tamamilə doğrudur. Kimsə məndən soruşmuşdu, bəs sizi nəyə görə tutdular? Mən də zarafatca dedim ki, yəqin bizdən başqa heç kim qalmayıb, ona görə. Yəqin bunlar elə fikirləşirlər ki, siyasi mənsubiyyəti olanların gözünü qorxutmuşuq, indi keçək o birilərə. Bu səbəbdən də seçim bizim üzərimizdə oldu. Amma dəqiq demək çox çətindir. Həmişə fikirləşirdim ki, görəsən, bu işlərə görə məni tuta bilərlərmi. Başa düşürdüm ki, ola bilər. Amma düşünürdüm ki, ən pis halda bir neçə aylığa həbsə atarlar. Iki illik cəza heç vaxt ağlıma gəlməzdi.

– Yəqin, o da ağlına gəlməzdi ki, Obama, Hillari Klinton səviyyəsində adamlar sənin azadlığın üçün xahiş edəcəklər?

Ardı var

Gültəkin Knyazqızı,
Fotolar Elmin Həsənlinindir