Bu davranış bumeranq effekti verəcək

Mahal İsmayıloğlu: «Iqtidar ideoloqları bu məqaləni «WikiLeaks»ə «əks addım» sayır və bunun effekt verəcəyinə ümidlidirlər»

Dövlət başçısı Ilham Əliyevin beynəlxalq ictimaiyyətin ünvanına sərt ittihamlar səsləndirməsindən dərhal sonra rəsmi dövlət qəzeti “Azərbaycan”da dərc olunan məqalə təsadüfi qiymətləndirilmir. ABŞ prezidenti Barak Obamanın, onun ailəsinin və Amerika dövlətçiliyinin çox pis formada təhqir edildiyi məqalədə tarixə kiçik “ekskurs” edilərək dünyada ən böyük insan hüquqlarının pozucusu kimi ABŞ göstərilib. Heç şübhəsiz, bu cür sərt notlarda yazılan məqalə müvafiq göstəriş olmadan dövlət qəzetinin səhifələrində yer ala bilməzdi. “Xalq” qəzetinin keçmiş baş redaktoru, tanınmış jurnalist Mahal Ismayıloğluyla müsahibəmizə də məhz bu məqamdan başlamaq qərarına gəldik.
– Dövlət qəzetində işləmiş şəxs kimi deyə bilərsinizmi bu tip yazılar qəzet səhifəsinə bir qayda olaraq necə yol tapır?
– Adətən, bu cür yazılar dərc olunmamışdan öncə müzakirə edilir. Bu müzakirələr iqtidardaxili təfəkkür tərzinə uyğun olaraq aparılır. Heç bir qəzet redaktoru, heç bir jurnalist cəsarət edib belə bir yazını özü ortaya qoya bilməzdi. Xatırlayırsınızsa, il yarım əvvəl iqtidar özünə xas şəkildə Amerikaya qarşı analoji kampaniya aparırdı. Türkiyə ilə bağlı münasibətlərdə də eyni şeyi müşahidə etdik. Amma burada maraqlı bir məqam var. Hakimiyyət bir şeyi nəzərə almır ki, Amerikada da çox gözəl bilirlər ki, Azərbaycanda mətbuat necə idarə olunur və hansı məqamlarda hansı rıçaqlar işə salınır. Eyni zamanda bu məqalələrin ictimai rəyə təsirinin nə dərəcədə olduğu da Amerikaya məlumdur. Elə məhz buna görədir ki, bizim jurnalistlər ABŞ səfirinə məsələ ilə bağlı müraciət edən zaman o demişdi ki, şərh vermək istəmirlər. Belə bir məqaləni ABŞ cavabsız qoyacaq. Çünki bu məqalə dar bir dairənin ambisiyalarını əks etdirir.

Hər cinayət gələcəkdə hakimiyyət üçün problemə çevrilə bilər

– Bu cür sərt məqalənin meydana çıxmasının səbəbi nədir? Hakimiyyəti qəzəbləndirən bir müddət əvvəl iqtidar barəsində WikiLeaks-in yaydığı məlumatlar ola bilərmi? Yoxsa burada başqa səbəblər var?
– WikiLeaks saytında gedən məlumat demək olar ki, bütün iqtidarı əhatə etmişdi. Bəlli məqamların, gizlinlərin daha qabarıq formada üzə çıxmasına səbəb oldu. Amma bu gizlinləri hakimiyyət ölkə daxilində nəzərə almasa da, ölkə kənarında Azərbaycanın beynəlxalq imicinə böyük zərbə vurdu. Istənilən internet portalı açmaq kifayətdir ki, prezident və onun yaxın ətrafı ilə bağlı məlumatların səviyyəsinə diqqət yetirəsən. Amerika zahirən Azərbaycandakı seçkiləri çox sərt tənqid etməsə də, bu seçkilər Qərbin demokratik prinsiplərinə uyğun deyil. Amerikanın avtoritar rejimlərə qarşı münasibəti də bəllidir. Təsadüfi deyil ki, Azərbaycanın adı ən bədnam rejimlərin içərisində çəkilir. Bu da iqtidarın mövqeyinə ciddi zərbədir. Onlar da öz düşüncülərinə uyğun olaraq “əks addım” atıblar və iqtidar ideoloqları bunun hansısa effekt verəcəyinə ümidlidirlər.

– Bir müddət əvvəl Azərbaycan hakimiyyəti “Washington Post”da siyasi qətldə günahlandırılmışdı. Düşünülür ki, hətta gələcəkdə iqtidarın beynəlxalq məhkəməyə verilmə ehtimalı belə var. Bu baxımdan düşünmək olarmı ki, hakimiyyət özünü sığortalamaq üçün belə bir addım atıb?
– Bu, faktorlardan biri ola bilər. Təsadüfi deyil ki, prokurorluq birdən-birə keçmişdə olan təhqiqatla bağlı açıqlama verdi. Düzdür, bu açıqlama əvvəlkindən fərqlənmirdi. Amma hakimiyyətə qarşı irəli sürülən ittihamlar olduqca ciddidir. Hər bir üstü açılmayan cinayət gələcəkdə hakimiyyət üçün problemə çevrilə bilər. Bu sıraya Elmar Hüseynovun ölümünü də aid etmək olar. Ona görə bu məqaləni cavab addımı saymaq olar. Amma bu, sadəcə olaraq Bəxtiyar Sadıqovun şəxsi düşüncələri deyil. Belə məqalələr Prezident Administrasiyasının rəhbərinin yanında ciddi müzakirələrdən sonra işıq üzü görür.

Bəxtiyar Sadıqov növbəti dəfə hakimiyyətə yarınmaq istəyir

– Bu məqaləyə Ağ Evin reaksiyası necə ola bilər?
– Düşünmürəm ki, Vaşinqton ciddi polemikaya girişsin. Amma gələcək taktiki addımlarda da ABŞ-ın Azərbaycana qarşı pis münasibəti bir az qəlizləşə bilər. ABŞ Azərbaycan kimi rejimlərlə polemika quraraq ona imtiyazlar qazandırmaq fikrində deyil. Çünki Azərbaycanla istənilən polemika bu ölkənin sözünün eşidildiyi təəssüratı yarada bilər. Fövqəldövlətlə bu cür davranış bumeranq xarakteri daşıyır.

– Maraqlı məqamlardan biri ondan ibarətdir ki, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov məqalənin ona məxsus olduğunu bəyan edir. Halbuki məqalə çapa gedərkən onun altında ümumi bir imza qoyulmuşdu. Bu nəyin görsənişidir? Ola bilərmi ABŞ-la münasibətlər gərginləşərsə, məsuliyyət Bəxtiyar Sadıqovun üzərinə atılsın?
– Məqalənin altına ümumi imzanın qoyulması sovet dövründən qalma ənənədir. Dünya mətbuatında heç vaxt hansısa qəzetin adından ümumi bir material getmir. Siyasi mövqe ortaya qoyulsa da, ümumi imza ilə yazı yazılmır. Bəxtiyar Sadıqov da ciddi reaksiyadan sonra məsuliyyəti öz boynuna götürüb. Deyərdim ki, bu, onun öz qələminin məhsulundan öyünməkdən daha çox yarınmaq fürsəti sayılmalıdır.

Xəyal