“Bahalaşma dövrü gəlir”

Məhəmməd Talıblı: «Sosial gərginlik artacaq və təbəqələşmə daha da dərinləşəcək»

başlanğıcı ötən sayımızda

– Məhəmməd bəy, ümumi qiymətləndirmə baxımından makroiqtisadi göstəricilərin hansılarında pisləşmə qeydə alındı?
– Burada təbii ki, ilkin olaraq ÜDM-nin dinamikasına diqqət etmək lazımdır. Belə ki, il ərzində istehsal olunmuş mal və xidmətlərin toplam həcmində 4,8 faizlik artım qeydə alındı. Məlumat üçün bildirim ki, əvvəlki illərdə bu artımın səviyyəsi ikirəqəmli olaraq, 25-34 faiz intervalında dəyişirdi. Indi isə söhbət, təxminən 5 faizə yaxın nisbətdə dəyişmədən gedir. Demək, illər üzrə ÜDM-in artması ilə öyünən hökumət artıq bu arqumentini də əldən vermiş oldu. Nəzərə alsaq ki, növbəti ildən ölkədə neftin hasilatının pik dövrü geridə qalacaq, onda ÜDM-də dominant rola sahib olan neftin hasilatının azalması ÜDM-ni əhəmiyyətli dərəcədə tükədəcək. Ona görə qeyri-neft sektorunun zəif inkişafı təşviq edilməli, neftin artan əhəmiyyəti optimallaşdırılmalı, ÜDM-in rasional inkişaf həddi tapılıb təmin olunmalıdır. Əks halda bu, bütün yumurtaların bir səbətə yığılması təəssüratını yaradacaq. Ikincisi, vacib makroiqtisadi indikatorlardan olan xarici borcun kəskin artması narahatedici amillərdəndir. Belə ki, xarici borcun strukturuna diqqət etdikdə görürük ki, daha ağırlıq yaradan alınan borclar dəyər yaradan sahələrə deyil, məhz yenə də investisiya layihələrinə sərf olunur. Həmin layihələrin səmərəlilik göstəricilərini şərtləndirən hansı amillərdir ki, onlar ənənəvi olaraq hökuməti böyük xarici borclamaya təhrik edir?
1994-cü ildə adambaşına xarici borc 8 dollar idisə, indi 450-dir

– Ötən müddət ərzində Azərbaycanın xarici borcunun artım tempi necə olub?
– Azərbaycanda 1994-cü ildə adambaşına düşən xarici dövlət borcu 8 dollar idisə, indi bu rəqəm 450 dollar həcmindədir. Demək, burada söhbət 60 dəfəyədək həddin böyüməsindən gedir. Halbuki valyuta ehtiyatlarına, Neft Fondunun (NF) ciddi aktivlərinin çoxluğuna və ölkəyə axan xarici investisiyaların periodikliyinə baxmayaraq bu səviyyədə xarici borclamaya girmək həm paradoksal, həm də təhlükəlidir. Digər tərəfdən, büdcə balansında da artım müşahidə olunmadı. Bu, son illərin büdcə artımları fonunda ən zəif göstəricilərdən oldu. Eyni zamanda məlum oldu ki, büdcənin yenə də mədaxil hissəsi neft sektorunun üzərində qurulub. Belə ki, büdcədən 2010-cu ildə NF-dən 51,4 faiz transfert olduğu halda, gələn il üçün bu rəqəm 53,7 faiz olacaq. Bu da onu ortaya qoydu ki, büdcə NF-siz xərcləmələrinin 46 faizini ödəmək gücündədir. Büdcədə səmərəsiz tikinti, investisiya xərcləri daha da artdı. ARDNŞ və ARDNF üçün böyük həcmli inzibati binanın, H.Əliyev adına mərkəzin və s. tikintisi kimi dekorativ layihələrə böyük maliyyə xərclənir.
Bir məqamı da vurğulamaq lazımdır, keçən il inflyasiya həddi normal səviyyədə tərəddüd etdi. Söhbət 6-9 arasında dalğalanmadan gedir. Bu, qorxulu hədd deyildi, amma bu, iqtisadi dinamizm fonunda baş vermədi. Ölkədə tənəzzül elementlərinin gücləndiyi və işgüzar aktivliyin aşağı düşməsi hesabına yarandı. Eyni zamanda xarici ticarətdə baş verən maraqlı hadisə ilə bağlı qeydimi demək istərdim. Bunun birincisi, ixracatda yenə də neft və neft məhsullarının xüsusi çəkisinin 92,5 faiz həddində olması idi. Ikincisi, Iqtisadi Təşəbbüslər Mərkəzinin apardığı müqayisələr nəticəsində məlum oldu ki, xarici ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı 10 milyard dollardan artıq vəsait dövriyyədən gizlədilərək heç bir gömrük rüsumlarına məruz qalmayıb. Bu, gizli iqtisadiyyatın ölkədə həcminin miqyası haqqında olduqca ilginc təəssüratlar yaradır. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev də bildirdi ki, ölkədə qeyri-leqal iqtisadiyyatın payı ÜDM-in 9 faizi həcmindədir. Halbuki Dünya Bankı bunun 60 faizə yaxın bir həddə olmasına dair hesablamalar ortaya qoyub.

Azərbaycan beynəlxalq hesabatlarda biabır oldu

– Sizcə, ötən ilin hansı iqtisadi hadisə və məlumatları cəmiyyəti silkələdi?
– WikiLeaks-də yazılanları bu sırada önə qoymaq olar. Eyni zamanda AzalBankın özəlləşdirilərək SilkwayBank adlandırılması, onun səhmlərinin prezidentin qızı və AZAL Dövlət Konserninin xanımı tərəfindən alınması proseslərində qanun pozuntusuna yol verilməsi ciddi ictimai rezonans yaratdı. Üçüncüsü, total qaydada mülkiyyət hüquqlarının pozulması kütləvi xarakter almağa başladı. Parlamentdə qəbul olunan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun qüvvəyə minməsinə baxmayaraq, yenə də müxtəlif layihələr adı altında həyata keçirilən kütləvi hüquq pozmalardan mülkiyyətçilər xilas ola bilmədi.

– Məhəmməd bəy, beynəlxalq təşkilatların hesabatlarında ötən il Azərbaycan necə göründü?
– Burada yəqin ki, bir neçə daha ciddi hesabatların adını çəkmək olar. Bankların inkişaf səviyyəsini xarakterizə edən hesabatda bank sektoru haqqında maraqlı təəsüratlar yaranır. Belə ki, sən demə, Azərbaycan banklarının informasiya şəffaflığı indeksi MDB ölkələri üzrə bankların orta göstəricisindən də aşağıdır. Bu fikir “Standard & Poors” reytinq agentliyinin ölkə bankları barədə hazırladığı tədqiqatda öz əksini tapıb. Belə ki, 2010-cu ildə Azərbaycanın 30 iri bankının informasiya şəffaflığı indeksi üzrə orta bal 30 faiz təşkil edib.
Digər maraqlı hesabat isə büdcənin şəffaflığı və açıqlığını şərtləndirən hesabatdır. Qeyd edim ki, Açıq Büdcə Indeksinə görə, büdcə ilinin hər mərhələsi üzrə hesabatlar verilməli olan büdcə təcrübələrini müəyyən edir və qiymətləndirir. Builki qiymətləndirmədə ölkəmiz 100 mümkün baldan 43 bal toplaya bilib. Məlumat üçün bildirim ki, bu, 94 ölkə arasında keçirilib. Burada əsas ölçü meyarı büdcəyə dair məlumatların şəffaflığı və onlara əlçatanlığı ilə müəyyənləşir. Başqa bir hesabat Iqtisadi Rəqabətlilik reytinqinə istinaddır. Bu hesabatda ölkəmiz 139 ölkə arasında 57-cidir. Bu arada Ümumdünya Iqtisadi Forumu 2010-2011-ci illər üzrə 139 ölkənin iqtisadi rəqabətlilik reytinqini açıqladı. Azərbaycan siyahıda 57-ci yerdə qərar tutdu. Müqayisə üçün deyim ki, bu, ötən illə müqayisədə Azərbaycanın altı pillə geriləməsi demək idi. Bu siyahıda Gürcüstan 93-cü, Ermənistan isə 98-ci pillədə yer alıb. Yeri gəlmişkən deyim ki, bu hesabatda Cənubi Qafqazda ən zəif göstərici Azərbaycanda qeydə alındı.

– Üzümüzə gələn ildə Azərbaycanın sosial-iqtisadi həyatında hansı hadisələri proqnozlaşdırırsız?
– Növbəti ildə istehlak bazarında qiymətlər 2010-cu ilə nisbətən daha yüksək olacaq. Xüsusən ərzaq məhsullarının qiymətində artımlar sürətlənəcək. Bu, həm də gələn il kənd təsərrüfatı sektorunda azalmaların davam edəcəyi ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarının daxili istehsal hesabına ödənilməsində problemlər yaranacaq. Bu məhsulların dünya bazar qiymətlərinin bahalaşması da istisna deyil. Istisna etmirəm ki, Tarif Şurası hər hansı mal və xidmətlərin qiymət artımına gedə bilər. Tənzimlənən qiymətlərdə artımlar müşahidə olunacaq. Orta statistik azərbaycanlının həyatında əhəmiyyətli dəyişikliklər baş verməyəcək, əksinə daxili sosial gərginlik daha da artacaq. Ölkə iqtisadiyyatı növbəti bir bahalaşma mərhələsinə daxil olacaq.

Xəyal